Fuad Qəhrəmanlı: «ABŞ-Azərbaycan münasibətlərində bu gün demokratiya, insan haqları prioritetdir»
«Ukraynada əldə olunmuş uğurlu nəticə mütləq Azərbaycana da təsirini göstərəcək»
Azərbaycanın yerləşdiyi regionda, yaxud MDB məkanında dəyişikliyə səbəb olan hadisələr baş verəndə rəsmi mətbuatda ölkəmizdə fəaliyyət göstərən Qərb diplomatları ilə ənənəvi suallarla müsahibə yer alır. Ukraynada baş verən proseslər də istisna olmadı. Rəsmi mətbuatda ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla ənənəvi suallarla zəngin müsahibə dərc olunub.
Səfirə əsasən ABŞ-Azərbaycan münasibətlərinin perspektivlərinə, təhlükəsizlik və enerji sahələrində əməkdaşlığa dair suallar verilib. Təbii ki, R.Morninqstar ölkəsinin Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini, demokratik, iqtisadi və təhlükəsizlik islahatları, Dağlıq Qarabağ, Əfqanıstan və terrorizmlə mübarizə məsələlərində bir sıra ümumi maraqların olduğunu deyib.
Lakin bununla yanaşı ABŞ səfiri hesab edir ki, Azərbaycanın gələcəyi davamlı demokratik və iqtisadi islahatlar, eləcə də demokratik ölkələrimizin güclü tərəfdaşlığı əsasında daha yaxşı qurulacaq. Morninqstar eyni zamanda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsini təşviq etdiklərini də vurğulayıb.
Səfirin bu fikirlərinin arxasında Azərbaycan hakimiyyətinə mesajın dayandığını da görmək olur.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ABŞ səfirinin açıqlamasından öncə ABŞ-ın ATƏT-dəki nümayəndəsinin də Azərbaycan hökumətini tənqid etdiyini xatırlatdı. Tənqiddə vətəndaş cəmiyyətinin sıxışdırılması, siyasi məhbuslar problemi öz əksini tapmışdı.
F.Qəhrəmanlının sözlərinə görə, artıq ABŞ-nın demokratiya ilə bağlı istəklərinin Azərbaycan tərəfinə açıq şəkildə çatdırılması ənənəyə çevrilib. Bu baxımdan ABŞ səfirinin Ukrayna hadisələrindən sonra demokratiya ilə bağlı fikirlər səsləndirməsi artıq Azərbaycana münasibətdə müəyyənləşmiş siyasətin göstəricisidir: “ABŞ-Azərbaycan münasibətlərində bu gün demokratiya, insan haqları prioritetdir. Azərbaycan hakimiyyəti isə hər vəchlə məhz təhlükəsizlik, iqtisadi əməkdaşlıq məsələlərini ön plana çıxarmağa çalışır. Əvvəllər olduğu kimi insan haqları, demokratiya məsələləri bir növ arxa plana keçsin. Ancaq bu cəhdlər alınmır. Xüsusilə Ukrayna hadisələrindən sonra postsovet məkanına münasibətdə demokratiya məsələsinin daha çox qabarması qaçılmazdır”.
F.Qəhrəmanlının fikrincə, Ukraynada əldə olunmuş uğurlu nəticə mütləq Azərbaycana da öz təsirini göstərəcək. Bu uğurlu nəticə Qərbin, Avropa Birliyinin, o cümlədən ABŞ-nın demokratik proseləri daha inamlı dəstəkləməsinə və bu sahədə daha təcrübəli davranmasına imkan yaradacaq. Eyni zamanda o da nəzərə alınmalıdır ki, bu prosesdə Rusiyanın Ukraynada aldığı geopolitik zərbə məhz Azərbaycanda demokratik proseslərin perspektivinə də özünün müsbət təsirini göstərəcək. Bu baxımdan ABŞ səfirinin bu istiqamətdəki açıqlaması yaxın dönəmlərdə, qarşıdan gələn mərhələlərdə Amerikanın siyasətinin əsas prinsiplərini ifadə edir.
Fizzə