Hücumun Yanukoviçlə bağlı xəbər üzərindən başlaması mesajdır, ya təsadüf?
“Azadlıq” qəzetinin saytı fevralın 24-ü səhər saatlarından etibarən növbəti dəfə şiddətli haker hücumuna məruz qalıb. Hücum “Yanukoviçin başına pul qoyuldu” məqaləsi üzərindən başlayıb və hələ də davam etməkdədir. Hakerlər ayrı-ayrı məqalələr üzərindən saniyədə yüzlərlə sorğu ilə servərə hücum təşkil edirlər. Məqsəd süni yükləmə ilə serveri fəaliyyətdən saxlamaqdır.
Hücumların qarşısını almaq üçün ilk saniyələrdən tədbirlər görülür, bununla belə bəzi ünvanlardan sayta daxil olmaq çətinləşib və ya ümumiyyətlə mümkün deyil. Bu barədə istifadəçilərdən məlumatlar almaqdayıq.
Serverdən verilən bilgilərə görə, hücumlar DDOS xarakterlidir. Fevralın 24-də 41 unikal IP-dən təşkil olunub. Bu gün isə hücumun təşkil edildiyi IP-lərin sayı bir az da artıb. Hücumlar Azərbaycan şəbəkəsi üzərindən təşkil olunub.
Hücumlara əlaqədar saytın idarə edilməsində də problemlər yaranıb. Buna görə də yenilənmədə çatışmazlıqlar ola bilər.


