Tələbələr Abel Məhərrəmova ultimatum verdi VİDEO

BDU-nun iki tələbəsi polisə aparılaraq, sorğu-suala çəkildi

Bakı Dövlət Universitetinin (BDU) tələbələri bu gün yenidən aksiya keçirib. Tələbələrin etirazı həm kəsirə görə pul verməyə, həm də ötən aksiyada zorakılığa qarşı olub. Tələbələr aksiyada hazırladıqları bəyanatı oxuyublar. Bəyanatda deyilir:
“Son günlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli ”Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” ilə bağlı qəbul olunmuş qərarı və bunun əsasında Təhsil Nazirliyinin 21 yanvar 2013-cü il tarixində imzalanmış müvafiq əmrinə (Yuxarıda göstərilən qərara əsasən universitetlər və digər təhsil müəssisələrində akademik borcu olan tələbələr semestr ərzində 30 kreditdən əlavə kredit götürərlərsə, bu kreditlər üçün müəyyən vəsait (bir kredit üçün orta hesabla 25 manatdan 34 manata kimi) ödəməlidir) əsasən qüvvəyə minmiş yeni qaydalar bizi – Bakı Dövlət Universitetinin tələbələrini cidd şəkildə narahat edir. Bu dəyişiklik bizi – Bakı Dövlət Universitetinin tələbələrini ciddi şəkildə narahat edir. Bu dəyişiklik onsuz da maddi durumu o qədər də ürəkaçan olmayan tələbələrin vəziyyətinin daha da çətinləşməsinə və ailələrinin sosial durumunun bir qədər də ağırlaşmasına səbəb olacaq.
Bundan başqa, bir neçə gün əvvəl sözügedən dəyişikliklərə etiraz edən tələbə yoldaşlarımızın müxtəlif təzyiqlərə məruz qalması, hətta Tələbə Həmkarlar Ittifaqı rəhbərliyinin yoldaşlarımıza qarşı fiziki güc tətbiq etməsi bizi son dərəcə hiddətləndirir. Tələbə Həmkarlar Ittifaqının – bizim hüquqlarımızı qorumalı olan bu qurumun tələbələrin ən çox ehtiyacı olan bir zamanda nəinki onların yanında olmaması, hətta əksinə, özünü quldur dəstəsi kimi aparması bizdə bu quruma qarşı sonsuz hiddət yaratmış və onun tam yararsız olduğu qənaətinə gəlməyimizə səbəb olmuşdur.
Biz bütün bunları nəzərə alaraq tələb edirik:
1. Nazirlər Kabinetinin yuxarıda qeyd edilmiş qərarına yenidən baxılsın və əlavə kreditlərə görə pul ödənilməsi barədə bənd ləğv edilsin!
2. Bundan əvvəlki etirazlar zamanı tələbələrə qarşı güc tətbiq etmiş Tələbə Həmkarlar Ittifaqının nümayəndələri və Universitet mühafizəçiləri cəzalandırılsın!
3. Hadisələrin gedişində tələbə hüquqlarının müdafiəsi sahəsində heç bir işə yaramadağı anlaşılan Tələbə Həmkarlar Ittifaqı buraxılsın və onun tərkibinin yenidən seçilməsi üçün Universitet miqyasında yeni və tam şəffaf seçkilər keçirilsin!
4. Bu hadisələrdə iştirakına və ümumiyyətlə ictimai fəaliyyətinə görə tələbələrə və onların valideynlərinə hər cür təzyiq göstərilməsinə son qoyulsun!
Tələblərimizin təxirə salınmadan yerinə yetiriləcəyinə ümid edir və məqsədlərimizə nali olana qədər mübarizəmizi davam etdirəcəyimizi bəyan edirik”.  
Aksiyadan əvvəl tələbələrdən Hüseyn Novruzlu və Ofeliya Rəsulzadə polisə aparılıb. Hüseyn Abdullayev “Azadlıq”a bildirib ki, əvvəl 28-ci bölməyə, daha sonra isə Yasamal rayon Polis Idarəsinə aparılıb. “21 fevralda BDU-da döyülməyimlə əlaqədar izahat aldılar. Qarşı tərəf yazıb ki, guya mən onlara qarşı zorakılıq etmişəm. Əslində isə zorakılıq mənə qarşı olub. Bunu təsdiq edən videogörüntülər də var”.
Ofelya Allahverdiyeva isə bildirib ki, saat 11.00-da onu və anasını Nəsimi Rayon Polis Idarəsinə aparıblar: “Bu günki aksiya ilə bağlı sorğu-sual etdilər. Aksiyanın təşkilatçılığını mənim üzərimə qoydular”.
Ofelya Allahverdiyeva axşam saatlarına qədər sorğu-sualdan sonra sərbəst buraxılıb.