Ağlım kəsəndən bu sözləri eşidirəm. Təbii ki, aydınlardan, Mirzə Cəlili dərk edənlərdən, xalqın dərdinə yananlardan. Hələ sovetlərin vaxtında eşitdiklərim bu gün də – illər öncə Azərbaycan müstəqillik qazanandan sonra da dillərdən düşmür. Ustadın doğum günü oldu. Sıradan günlərdən biri kimi keçdi. Danabaş kəndindən gələnlər bu günün üstündən sükutla adladılar. Xudayar bəyin nəvə-nəticələri babalarına lağ edilməsini hələ də bağışlaya bilmirlər. Anlaşılandır. Xudayar bəy kökünə dərin tellərlə bağlı olanların onu bağışlaması mümkünsüz…
***
Bu gün dünyanın bir nömrəli informasiyası şəksiz, Ukrayna, Kiyev, Maydandır. Dünən səbrimi basıb ITV-nin yeni rəhbər gələndən efir vaxtını dəyişən “Carçı”sına baxdım. Hər halda Azərbaycan tamaşaçısı kimi ölkədə və dünyada baş verənlərdən indi də telekanal vasitəsilə xəbər tutmaq istəyirdim. Günün aktual mövzusu Bakıda yaxın vaxtlarda hansı küçə, prospekt və körpülərin istifadəyə veriləcəyi xəbəriydi. Düzdür, sonda Ukraynadan da danışdılar, ancaq bunlar təkzib xəbərləri idi. Dünyanın diqqətində olan bu ölkədə nə baş verdiyindən danışmayan telekanal Yanukoviçin istefa vermədiyini, Timoşenkonun türmədən buraxılmadığını tamaşaçılara şad xəbər kimi çatdırırdı. Ancaq bu vaxt xarici telekanalları demirəm, ən azı internetdə Ukraynada nələrin baş verdiyi, hansı proseslərin getdiyi, kimin qaçdığı, kimin həbsdən buraxıldığı barədə yetərincə operativ məlumatlar vardı. Bax, böyük ustad Mirzə Cəlil bu yerdə “dünya-aləmin mayallaq aşmasından” yazardı. Bəzi ağzıgöyçəklər ITV-nin keçmiş və indiki rəhbərini tərifləyəndə, Cahangir Məmmədli kimi kanal haqda mədhiyyələr yazanda ustad yada düşür: “…Necə ki yatmısız, eləcə də yatın, Allah sizə rəhmət eləsin…”
***
Son günlər Bakı Dövlət Universitetində tələbə etirazı da gündəmin əsas mövzularındandır. Açığı, məzunu olduğum universitetdən, tələbələrin passivliyindən narazıydım, həmişə adının uca olmasını istədiyim, Məhəmmədəmin Rəsulzadənin ruhu dolaşan bu təhsil ocağından gözləntilərim böyük idi. Son hadisədən, gənclikdən qürur duydum. Repressiyaların, gəncliyə yönəlik təzyiqlərin boşuna olduğunu bir daha dərk etdim. Axını dayandırmağın mümkünsüzlüyünə bir daha inandım. Şər maşınının, onu işlədəndlərin zəhmətinin hədər olduğunu indi onların özlərinin dərk etməsi gərək. Prosesin qabağında dayanmağın selin qarşısında dayanmaq kimi çətin olduğunu, görünür, onların anlaması mümkünsüz. Başları sərvət artırmağa qarışanlar özlərini uçuruma aparmaqlarının fərqində deyillər…
BDU-nun “akademik” rektoru Abel Məhərrəmov istər aksiya günü, istərsə də aksiyanın səhəri onunla keçirilən görüşdə bu tələbə etirazına xüsusi rəng qatdı. Akademik adı daşıyan adam, rektor tələbələrini – övladlarını tutmaq üçün göstəriş verirdi. Çox acınacaqlıydı. Görüşdə çox çətinliklə söz alıb rüşvətə etiraz edən tarix fakültəsinin tələbəsi Ramilə Kiçiyevaya onun çəmkirib “bu dəfə səni elə qovaram ki, izin qalmaz” deməsi isə ibrətamiz idi. Rektor ciddi “quş” buraxmışdı. Elə bu səbəbdən də bir gün sonra “Jalə” qoxulu APA-da ona sözünü geri götürtdürdülər. Ancaq bu cəhd də izsiz ötüşmədi. Akademik içini, hansı dəyərlərin daşıyıcısı olduğunu ortaya qoydu. Bir şəhid övladına etdiyi yaxşılığı (onun hansı səviyyədə olduğunu dəqiq bilmirik, həm də “sağ əlin verdiyini sol əl bilməməlidir” deyimimiz olduğunu da unutmayaq) imkan düşən kimi onun başına vurdu. Üstəlik, tələbəsi haqda aşağılayıcı sözlər də dedi…
Dünya dəyişir, dəyərlər dəyişir, çoxlarının əlində bayraq etdiyi mentalitet dəyişir, adamlar maşınını, evini, əqidəsini, bəzisi arvadını… lap elə dünyasını dəyişir. Dəyişilməz heç nə yoxdur. Hakimiyyətlər də dəyişir, istər ağrılı, istər ağrısız. Başqa yol yoxdur. Biz də bu yolu keçməliyik. Məhəmmədhəsən əminin eşşəyini minməklə olsa belə…
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!