NIDA-çı dostlarımızın 20 fevraldakı məhkəmə-məzhəkəsində vəkil Nemət Kərimli ilə şahid – Dənizkənarı Parkın Mühafizə Xidmətinin əməkdaşı Ramazan Mehdiyev arasında maraqlı bir sual-cavab yaşanıb, amma “casus siyahısı”, Xədicə Ismayılın guya “dövlət sirri”ni yayması kimi süni, əldəqayırma gündəm mövzuları arasında diqqət çəkmədi.
Halbuki, normal ölkədə bu sual-cavabın sədası çox yüksəkdən çıxar, 8 gəncin nə qədər səfeh motivlərlə dəmir barmaqlıqlar ardında çürüdüldüyü bütün çılpaqlığı ilə ortaya çıxar, hətta susmuş vicdanlar belə sızlayar, “daha bu qədər də yox!” deyə fəryad edərdi. O ayrı məsələdir ki, normal ölkədə heç başından bəri belə qurama, gülünc ittihamlarla o qədər gəncin taleyilə oynamaq kimsənin ağlına gəlməzdi, buna cəhd edəni topun ağzına qoyub atardılar.
Nə isə, gəlin əvvəlcə vəkillə şahidin nə vaxtsa tarix kitablarının səhifəsini bəzəyəcək, Əliyevlər rejiminin Azərbaycanı hansı miskin, komik duruma saldığının görsənişi kimi misilsiz əhəmiyyət daşıyacaq həmin dialoqu oxuyaq:
Vəkil:
– Sizin bir işçi kimi funksiyanız nədən ibarətdir?
Şahid:
– Bulvarda olan əşyaların qorunması.
– Kiminsə rəqsinə qadağa qoymaq sizin funksiyanıza aiddirmi?
– Elə rəqslər var ki, onlara icazə yoxdur. Ancaq dövlət rəqslərinə icazə veririk.
– Məsələn, hansı rəqsə?
– Dövlətin təhlükəsizliyini qoruyan rəqslərə.
Vallah, mənim deyiləcək sözüm yoxdur, sizin varsa, buyurun.
***
Əslində, mən bu gün Mirzə Cəlilin doğum günü ilə bağlı bir neçə kəlmə yazmaq istəyirdim. Dünən ustadın 145 yaşı tamam oldu.
Sonra oturub düşündüm: Mirzə Cəlil barədə yazmaq həm də günümüzdən yazmaqdırsa, elə NIDA-çıların məhkəməsindəki bu sual-cavabdan başlamaq ən doğrusudur.
Inanın, əgər biz yuxarıdakı dialoqa ustadın hansısa felyetonunda, hekayəsində rastlasaq, bəlkə də onun fantaziyasına, təxəyyülünə heyran qalardıq, oxuduqlarımıza inanmaqda çətinlik çəkərdik, amma gördüyünüz kimi, vəziyyət hətta 100 il əvvəlkindən daha faciəli, daha dəhşətlidir.
Artıq biz qarşısında ədəbiyyatın, qələmin, sözün, istedadın belə, aciz qalacağı hadisələrlə, tiplərlə qarşı-qarşıyayıq.
***
Bu gün baş verənlərə, başımıza gələnlərə-gətirilənlərə baxanda isə istər-istəməz sual yaranır: bir halda ki, vəziyyət get-gedə daha faciəvi, dəhşətli olmağa başlayır, Mirzə Cəlilin və onun maarifçi dostlarının fədakarlığına, cəfakeşliyinə nə ehtiyac vardı? O qədər məşəqqətlər çəkməyə dəyərdimi?
Əlbəttə, dəyərdi. Bəli, biz hələ də ağır günlər yaşayırıq, amma ölkə və xalq olaraq qaranlıqdan xilas olmamışıq. Amma xilas olanlar azdırmı? Elə həbsdəki o 8 pırıl-pırıl gənc. Onlar kimi, bu ölkənin aydınlıq ümidi olan nə qədər insan var, yetişir. Siyavuş Novruzov var, amma Zamin Hacı da var. Mübariz Qurbanlı var, amma Şahvələd Çobanoğlu da var. Bahar Muradova var, amma Xədicə Ismayıl da var. Ələmuçuranlar, cinçıxaranlar var, amma Seymur Baycan, Əli Əkbər də var. Hacıbala var, amma Elmir Mirzoyev də var. Bu məhz Mirzə Cəlillərin, Haqverdiyevlərin, Üzeyir bəylərin, Axundovların, Sabirlərin mübarizəsinin məntiqi nəticəsidir. Onlar olmasa, biz bu gün qaranlığın bağrını dəlib keçən bu cür işıqlı insanlara da sahib olmazdıq, azad, aydın gələcəklə bağlı ümidlərimizi qəlbimizin, hətta dərin bir guşəsində olsa belə, qoruyub saxlaya bilməzdik.
***
Elə bu gün də hər şeyə rəğmən Şərə, qaranlığa, istibdada, cəhalətə, pisliklərə qarşı mücadiləni ona görə davam etdirmək lazımdır ki, proses qırılmasın, yarıda dayanmasın.
Nəticə isə mütləq olacaq.
Məğlubiyyət – nəticəsizlik deyil, ümidsizlikdir.