Cəbhəçi gənc Abutalıbova görə həbs olundu

Tofiq Dadaşovun hara aparıldığı məlum deyil

Evə basqın edən mülki geyimlilər baş verənləri telefonla generala məruz ediblər
Dünən axşam saatlarında AXCP-nin Abşeron şöbəsinin fəalı, partiyanın Gənclər Komitəsinin üzü Tofiq Dadaşovun Müşfiq qəsəbəsində kirayə yaşadığı mənzilə 15 nəfər mülki geyimli şəxs basqın edib. Evdə axtarış apardıqdan sonra Tofiq Dadaşovun qollarına qandal vuraraq, onu naməlum istiqamətə aparıblar.
Əvvəlcə Tofiqin böyük qardaşı Şahin Dadaşovu da həbs ediblər, amma sonradan onu sərbəst buraxıblar. Lakin evə basqın edənlər Tofiqi hara apardıqları, həbsin motivi haqda heç nə deməyiblər.
Şahin Dadaşovun bildirdiyinə görə, Tofiqi həbs edənlər telefon vasitəsilə kiməsə “Cənab general, qardaşı da əlimizdədir, onu da gətirək?” deyə məruzə ediblər və aldıqları cavabdan sonra onu buraxıb, yalnız Tofiqi aparıblar.
Qardaşı Tofiqin aparıldığı maşının dövlət nömrə nişanını da götürə bilib – 10 PN 014.
Qeyd edək ki, Tofiq Dadaşov “facebook”da fevralın 23-nə Bakıda “Hacıbala Abutalıbova istefa!” şüarı ilə aksiyaya çağırış yayıb. Güman olunur ki, onu məhz buna görə həbs ediblər.

azadliq.info