Tələbəsi akademikdən daha ziyalı

Son günlər Bakı Dövlət Universitetindəki olayları izləməkdəyik. Tələbələr yeni imtahan qaydalarına etiraz edir və bildirirlər ki, bu, müəllimlərin onları qəsdən imtahandan kəsməsinə və rüşvətin çoxalmasına gətirib çıxaracaq. Etiraza qalxan tələbələrin aksiyasını təkcə polis dağıtmadı. Universitetin mühafizəçiləri tələbələrə hücum etdilər, onları döydülər…

BDU-nun rektoru akademik titulu daşıyır. Təsəvvür edin ki, akademik tələbələri döydürür. Həm də adını yaza bilməyən mühafizəçilərə. Yəni təhsil sisteminə, hüquq mühafizə sisteminə heç bir aidiyyəti olmayan adamlara. Sonra da oxumaqdan, elmdən, təhsildən danışırlar. Adını yaza bilməyən mühafizəçilərə gələcəyin alimini, hakimini, müəllimini, jurnalistini, mühəndisini təpiklətdirirsən, sonra da təhsilin vacibliyindən danışırsan. Yaxanda da millət vəkili nişanı…

Dünən həmin rektorun – Abel Məhərrəmovun tələbələrlə görüşündən bir videosüjet yayıldı. Ha deyirsən ki, bu hakimiyyətin təmsilçilərinə təəccüblənməyəsən, amma şansın qalmır. Hər kəs çalışıb Meydan TV-nin bu reportajını internetdən izləməlidir. 

BDU-nun tarix fakültəsinin 4-cü kurs tələbəsiÿRamilə Kiçiyevaÿzorla mikrofonu alıb danışmaq imkanı tapır. Rüşvət vermədiyi üçün imtahandan kəsildiyini deyir: “Şəhid övladıyam, atasız böyümüşəm. Bu günədək heç kəsə rüşvət verməmişəm. Yanvarın 17-də ”Rusiyanın Qafqaz tarixi”ndən imtahan vermişəm. Nəticələrim yaxşı olsa da, məndən 70 manat istəyiblər. Müəllim deyir pulu verməsən, kəsəcəyəm”.

Tələbələr Ramiləni alqışlayır. Bu zaman rektorla qısa bir dialoq başlayır. 

Abel Məhərrəmov deyir:

– Sən pul versəydin, qiymət alardın.

Ramilə Kiçiyeva cavab verir:

– Axı niyə mən pul verməliyəm? Gecə yatmayıb oxumuşam…

Abel Məhərrəmov:

-ÿÖzün də hay-küy salma, bu dəfə səni elə qovaram ki, izin də burda tapılmaz.

Diqqət yetirin, birincisi, rektor etiraf edir ki, tələbə pul versəydi, qiymət alardı.

Ikincisi, o özünü rektor, müəllim, millət vəkili, alim və ziyalı kimi deyil, tələbələrin arxasınca qaçan mühafizəçi kimi aparır. Sözünü deyən tələbəni qovacağı ilə hədələyir. Özbaşınalıq edir. 

Üçüncü məqamı duymaq üçün gərək həmin dialoqu bütünlüklə izləyəsiniz. Tələbə daha sərrast, daha əmin, daha aydın, daha səmimi və mütərəqqi danışır, nəinki akademik. Fərq açıqca hiss edilir. Tələbə akademikdən daha ziyalı görünür. 

Bir az da edilən dəyişikliklər barədə danışaq. Tələbələr Nazirlər Kabinetinin imtahanlarda yaranan akademik borclara görə pul ödənməsi barədə qərarına etiraz edir. Təhsil idarəçiləri də deyir ki, bu, Bolonya sisteminə keçməklə bağlıdır. Deməli, Bolonya sisteminin bütün başqa tələbləri qalıb kənarda. Tələbələrə verilən müstəqillik, dərslərin keyfiyyəti, təhsilin məzmunu, müəllimlərlə bağlı vəzifələr qalıb qıraqda, bircə pul məsələsi olan hissəni tətbiq edirlər.

Bəyəm, bu rüşvətxor müəllimlərlə Bolonya sisteminə keçirlər?!

Bolonya sistemində rektor tələbəyə deyirmi ki, səni elə qovaram, izin də burda qalmaz?!

Bolonya sistemində tələbə olmayan adam tələbə həmkarlar ittifaqının sədri olur və tələbəni döyür? Bəlkə tələbələrin dinc etirazını qapı mühafizəçiləri dağıdır bu sistemdə? Yoxsa tələbələri yığıb zorla balıq Hafizin mitinqinə aparmaqdır Bolonya sistemi?! 

Rüşvətlə Bolonya sistemi olur?