Bir davanın tarixçəsi

Yaxud 14 ildir fəaliyyət göstərən AMI Mingəçevir filialı kimin qəzəbinə tuş gəldi?

Bu ilin yanvarında adı saxta diplomların verilməsində hallanan Azərbaycan Müəllimlər Institutunun 4 filialının ləğv olunacağına dair xəbər yayıldı. Rəsmi məlumatlara görə, bunlar institutun Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarıdır. Filialların bağlanması adıçəkilən təhsil ocaqlarında maddi-texniki bazanın yetərli olmaması ilə izah edildi. Bu yazıda biz adı institutun ləğv olunan filialları sırasında çəkilən Mingəçevir filialında təkcə son bir ildə yaşananlara güzgü tutmağa çalışmışıq.

Müəllimlərin bir-birinə əl qaldırmasına səbəb nə idi?

2013-cü il iyun ayının 1-də AMI Mingəçevir filialında bu təhsil müəssisəsinin iki müəllimi arasında yaranan və sonradan davaya çevrilən mübahisə qısa müddətdə bütün ölkəyə səs saldı. Xatırladaq ki, filialın tədris şöbəsinin müdiri Vahid Quliyevlə (ölkə başçısının 2010-cu il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib) institutun müəllimi Müsəllim Hümbətov (pedaqogika üzrə fəlsəfə doktoru) arasında yaranmış mübahisə sonucda hər ikisinin xəsarət almasıyla nəticələnmişdi. O zaman “Azadlıq”a institutdakı mənbələrdən daxil olan məlumatlara görə, hadisəyə imtahan biletləri və onların cavablarının öncədən 600-ə yaxın tələbəyə satılması səbəb olmuşdu. Bir imtahan bileti və cavabın qiyməti barədə ziddiyyətli rəqəmlər söylənilirdi.

Hadisədən dərhal sonra həm M.Hümbətov, həm də V.Quliyev Mingəçevir şəhər Polis şöbəsinə ərizə ilə müraciət etmişdilər. Mingəçevir ŞPŞ-nin rəisi, polis polkovniki Ələsgər Bədəlov “Azadlıq” radiosuna açıqlamasında faktla bağlı şöbəyə ərizə daxil olduğunu və araşdırma aparıldığını təsdiqləmişdi.

O dövrdə AMI Mingəçevir filialının direktoru vəzifəsini icra edən Xatirə Həsənovanun müəllimlər arasında rüşvət alma üstündə yaranan problemə münasibəti belə olmuşdu: “Hadisə şənbə günü – hər iki müəllim çayxanada nərd oynayarkən baş verib. Sözləri tərs düşüb və bir-birini itələyiblər. Burada başqa söhbət yoxdur”.

Rektorun vəziyyəti malalamaq istəyi fiaskoya uğradı

Baş verən münaqişəyə maraqlı açıqlamalardan biri də Azərbaycan Müəllimlər Institutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlıdan gəlmişdi. Rektor açıqlamasında bildirmişdi ki, məsələ heç də mətbuatda təqdim edildiyi kimi deyil: “Şənbə günü təhsil müəssisəsinin tədris hissə müdiri, ağsaqqal Vahid Quliyevlə həmin institutun gənc müəllimi Müsəllim Hümbətov çayxanada oturublar. V.Quliyevin dediyi sözü M.Hümbətov təkzib edib. Belədə V.Quliyev M.Hümbətova sillə vurub, bununla da iş bitib. Mətbuatın yazdığı kimi, sonradan heç bir şey olmayıb. Maraqlı adamlar bundan şou yaratmaq məqsədilə məsələni şişirtmək istəyirlər. Amma orada heç bir şey olmayıb. Onların hər ikisinin elə bir səlahiyyəti yoxdur ki, imtahan sessiyası başlaması ilə əlaqədar hansısa bir iş görsünlər, nəsə ala bilsinlər. Onlar elə səlahiyyətli adamlar deyillər”.

Əslində A.Naxçıvanlının təkcə bu açıqlamasından kələfin ucu görünürdü. Barışdırıcı mövqe tutmaq niyyəti güdən və guya ki, mübahisənin ağsaqqal və “gənc müəllim” arasında yarandığını deyən rektor bir şeyi unutmuşdu ki, “gənc müəllim” Müsəllim Hümbətovun yaşı 60-ı haqlayıb. Ikincisi, rektor “onların hər ikisinin elə bir səlahiyyəti yoxdur ki, imtahan sessiyası başlaması ilə əlaqədar hansısa bir iş görsünlər, nəsə ala bilsinlər, onlar elə səlahiyyətli adamlar deyillər” fikriylə birbaşa V.Quliyevlə M.Hümbətovdan savayı bu işlə məşğul olan adam(lar)ın olduğuna işarə etmişdi.

“Yağışdan çıxdıq, yağmura düşdük”, yaxud indi də “saxta diplom” məsələsi

Bu insidentdən 9 ay ötməsinə baxmayaraq, AMI ətrafında davam edən söz-söhbətlər səngimir. Bu dəfə gündəmi institutun Gəncə filialında aşkarlanan saxta diplom məsələsi zəbt etdi. Məsələyə yenə də institutun rektoru Aqiyə Naxçıvanlı münasibət bildirməli oldu. Xanım Naxçıvanlı uzun illərdir institutun filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən xəbərdar olduğunu, bununla bağlı dəfələrlə daxili yoxlamalar aparıldığını, hətta bu saxtakarlığın qarşısını alınması üçün şəxsən Təhsil Nazirliyinə müraciət etdiyini bildirdi. Rektorun fikrincə, saxta diplomların verilməsində Təhsil Nazirliyinin vəzifəli şəxslərinin də əli olub: “Sənədlər sübut edir ki, filiallara saxta köçürmələri məhz nazirlik edib. Məsələn, keçmiş nazir Misir Mərdanovun 8 nəfərin köçürülməsinə verdiyi əmrə sonradan qoşma sənədlərlə daha 88 nəfər əlavə edilib. Bugün də yeni nazir Mikayıl Cabbarov strukturu ”təmizləməklə” məşğuldur”.

Rektorun bu açıqlamasında da kifayət qədər ziddiyyətli məqamların olduğunu qeyd etməyə bilmərik. Əgər doğrudan da o, rəhbərlik etdiyi ali təhsil ocağının filiallarında baş verən qanunsuzluq və saxtakarlığın qarşısını almaq üçün özü Təhsil Nazirliyinə müraciət edibsə və sonuncu bununla bağlı heç bir tədbir görməyibsə, bu zaman Aqiyə xanımın hüquq mühafizə orqanlarını məlumatlandırmaması açıq-aşkar təəccüb doğurur.

Elə buradaca qeyd edək ki, artıq məsələylə bağlı Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində vəzifə saxtakarlığı və vəzifəsindən sui-istifadə maddələri ilə cinayət işi açılıb.

4 filialın maddi-texniki bazası birdən-birə necə “zəiflədi”?

A.Naxçıvanlının sözlərinə görə, onu narahat edən digər bir məsələ gözdən iraq olan filiallarda rəhbərlərin özbaşınalığıdır. Bu filiallarda testdən kənar qəbul, saxta köçürmə və saxta diplom verilməsi faktları aşkarlanıb. Rektor institutun 4 filialının – Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarının ləğvinin anonsunu da verib. Filialların bağlanması həmin təhsil ocaqlarında maddi texniki bazanın yetərli olmaması ilə izah edilib (əslində bu səbəb inandırıcı görünmür, bu haqda bir qədər sonra – A.). Ləğv prosesi ilə yanaşı, işdən çıxarılmalar da var. Təhsil nazirinin əmri ilə işdən çıxarılan Salyan filialının rəhbərinin Aqiyə Naxçıvanlını təhdid etməsi barədə yazılmış xəbərə rektor belə aydınlıq gətirib: “Salyan filialının rəhbəri deyir ki, mən 200 min manat verib bu posta gəlmişəm. Onda sual verirəm. Bir filial direktorunun, özü də həyat yoldaşı olmayan qadının pulu hardandır? Hardan yığıb o pulu? Və o gözəl bilirdi ki, ora müvəqqəti gedib. O pulu nə üçün verirdi, alan adam da bilirdisə, o çıxarılasıdır, niyə alırdı? Mən bu şantajlarla 8 ildə çox rastlaşmışam. Indi də Mingəçevir filialı bu şantajları verir”.

AMI Mingəçevir filialı haqqında qısa arayış

Müəllimlər Institutunun Mingəçevir filialı ölkə başçısının “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli 349 nömrəli fərmanına əsasən yaradılmışdır. Insaf naminə, institut təhsilin səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların yetişdirilməsi istiqamətində bir sıra uğurlu layihələrin həyata keçirilməsinə nail olub. Hətta ziyalıların, peşəkar mütəxəssislərin cəlb olunmasının nəticəsi olaraq, vaxtilə təhsil ocağı ölkənin ali təhsil sistemində öncül yerlərdən birini tutub. Filial Fransanın Versal Akademiyası, Qafqaz Universiteti, ADPU və digər qabaqcıl ali məktəblərlə əməkdaşlıq edib.

Filialın ilk direktoru Aslan Dəmirov olub. Sabiq təhsil naziri Misir Mərdanovun qohumu olan A.Dəmirov 2008-ci ildə institutun Salyan filialna təyinat aldıqdan sonra bu postda onu fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev əvəz edib. 2012-ci ildə O.Rzayev Zaqatala filialına direktor təyin olundudan sonra onun boş qalmış kreslosunu tutmaq üçün şəhərdə bir neçə nəfər hərəkətə keçdi. Lakin sonda filialın direktor müavini Xatirə Həsənovaya etimad göstərildi və direktor səlahiyyətlərinin icrası ona həvalə edildi.

2012-ci ilin oktyabrından təhsil ocağının “növrağı döndü”

Filialda bütün ziddiyyətlər məhz X.Həsənovanın təyinatından sonra baş qaldırdı. Hər halda son bir ildə baş verənlər belə söyləməyə əsas verir. Yeri gəlmişkən, onun bu posta hətta müvəqqəti olsa belə təyinatı birmənalı qarşılanmamışdı.

Hadisələr pik nöqtəsinə ötən ilin yayında, yazının əvvəlində haqqında bəhs etdiyimiz qalmaqalla çatdı. Filialdakı vəziyyət, o cümlədən X.Həsənovanın direktor əvəzi kimi 8-9 aylıq “fəaliyyəti” mediada müzakirə predmetinə çevrildi. Paralel olaraq yuxarı instansiyalara edilən şikayətlərin sayında artım müşahidə edilməyə başladı. Yayılan informasiyalar arasında X.Həsənovanın bu postu tutmaq üçün A.Naxçıvanlıya 200 min manat və Bakı şəhərində 4 otaqlı mənzil hədiyyə verməsinin xüsusi qabardılmasını qeyd etməyə bilmərik. O zaman həm X.Həsənova, həm də rektor bunu təkzib etdilər (baxmayaraq ki, A.Naxçıvanlı bugünlərdə 200 minlə bağlı “indi də Mingəçevir filialı bu şantacları verir” bəyanatını səsləndirdi).

Iki müəllimin davasından sonra hər şeyin birdən-birə onun əleyhinə yönəlməsindən, adının və fəaliyyətinin az qala gündəlik olaraq mətbuatda hallandırılmasından özünü itirən X.Həsənova bütün bunların düşünülmüş şəkildə edildiyini söylədi. Hətta o, bunda maraqlı olan qüvvələrin olduğunu da gizlətmədi. Ancaq artıq gec idi. Necə deyərlər, filialın ümumi iş ahəngi pozulmuş, təhsil ocağının adı pis mənada dilə-dişə düşmüşdü. Başqa sözlə, ox yaydan çıxmışdı.

Nəticəsiz audit yoxlaması

Ötən ilin yayında institutda audit yoxlamasına başlandı. Ilk gündən bu təhsil ocağındakı çoxsaylı maliyyə pozuntuları axtarıb tapacağına və günahkarları cəzalandıracağına söz verən X.Həsənova öz təşəbbüsüylə başladılan audit yoxlamasının nəticəsində nədənsə susmaq prinsipinə üstünlük verdi. Görünən o oldu ki, filialda audit yoxlaması faktiki olaraq nəticəsiz qaldı. Belədə sual yaranır: cəzalandırılacaq adam tapılmadı, yoxsa X.Həsənova məğlub olduğunu etiraf etdi? Hər halda, ikinci variant daha ağlabatandır.

Bu arada filialdan təmir adına ümumi çəkisi 6 ton olan 103 ədəd istilik batareyasının sökülüb satılması, 1000 metr dəmir-armaturun mənimsənilməsi, rəhbərlik tərəfindən institutun ərazisində yerləşən yeməkxanadan gündəlik haqq alınması və digər qanun pozuntularına dair məlumatlar yayılmağa başladı. Başabəla auditin filiala nə az, nə çox – düz 5 min manata başa gəldiyinə dair iddialar var.

Yeni direktor təyinatıyla bir illik rəhbərsizliyə son qoyuldu. Amma…

Nəhayət, yeni dərs ilində, filialda vəziyyətin tam nəzarətdən çıxdığı bir vaxtda rektor Aqiyə Naxçıvanlı gözlənilmədən Mingəçevirə səfər edərək institutda iclas keçirdi. Iclasda təhsil nazirinin əmriylə direktor vəzifəsinə təsdiq edilmiş dosent Rasim Şükürov kollektivə təqdim edildi. A.Naxçıvanlının sözlərinə görə, filialla bağlı Prezident Administrasiyasına və digər qurumlara çoxsaylı şikayətlər daxil olduğu üçün belə qərara alınıb ki, direktor kollektivin içərisindən yox, kənardan təyin olunsun.

R.Şükürovun təyinatının ilk günündən institutda hər kəs “ixtisar əməliyyatı”ndan əndişələnirdi. Ixtisar xofuyla bu təhsil ocağını öz nəzarəti altına alan direktor kosmetik dəyişikliklər etməklə, demək olar, heç kimə toxunmadı.

Ancaq yeni direktorun təyinatından cəmi 3 ay sonra AMI-nin bir neçə filialının, o cümlədən Mingəçevir filialının ləğvi xəbəri hər kəsi şoka saldı. Rəhbərliyə isə bu məqamdan istifadə edərək daha çox qazanc götürmək üçün əlavə şans yarandı.

Məlum xəbər bu gün müəllimlər də daxil olmaqla institutda çalışan hər kəsi özünə yeni iş yeri axtarmaq barədə düşünməyə vadar edib. Kollektiv üzvləri arasında baş verənlərdən ciddi narahatlıq keçirməklə bərabər açıq-aşakr narazılıq da müşahidə olunmaqdadır. Tədris ocağında daxili nizam-intizam qaydalarına demək olar ki, riayət edilmir. Hamı institutun ləğv olunacağı “X günü”nü gözləyir.

Görünən o oldu ki, baş verən direktor dəyişikliyi təhsil müəssisəsindəki xoşagəlməz ab-havanı dağıda bilmədi.

Filialın ləğvi Mingəçevir və mingəçevirlilərə nə vəd edir?

AMI Mingəçevir filialının bağlanması xəbəri şəhərdə birmənalı qarşılanmayıb. Əvvəla o səbəbdən ki, bugün Mingəçevir ölkənin ən kasıb şəhərlərindən biridir. Burada əhalinin 1 nömrəli problemi işsizlikdir. Bunu hətta ötən il aprelin 16-da Mingəçevirə səfər edən ölkə başçısı Ilham Əliyev çıxışı zamanı etiraf etmişdi. Sitat: “Bilirəm, baxmayaraq ki, son illərdə Mingəçevirdə iş yerləri ilə bağlı böyük işlər görülübdür, amma hələ də işsizlər vardır”.

Bəlkə, Gəncə və Sumqayıt kimi şəhərlərdə filialların ləğvi o qədər də qabarıq hiss olunmaz, nəinki Mingəçevirdə. Məlumat üçün bildirək ki, AMI-nin yerli filialından başqa şəhərdə cəmi bir ali məktəb – Mingəçevir Politexnik Institutu fəaliyyət göstərir (yeri gəlmişkən, “maddi bazasının yetərli olmadığı” söylənilən AMI Mingəçevir filialının binasının məhz MPI-nin balansına verilməsi planlaşdırılır). Filialda kifayət qədər insan işlə təmin olunmuşdu. Şəhərdəki əksər işsiz sakinlər üçün tələbələrə kirayə verilən evlərdən əldə olunan vəsait onlar üçün dolanışıq mənbəyi idi. Bura tələbələrin nəqliyyatdan, kafe, yeməkxana, çayxanalardan, eləcə də digər xidmət sahələrindən istifadəsini də əlavə etsək, mənzərə zənnimizcə aydın olar.

Məşhur bir deyim var, qığılcımdan alov doğar. Xırda bir insident və mənəm-mənəmlik böyük bir təhsil ocağının əyalət filialının süqutuna təkan verdi. Baş verənlərin ağrı-acısını isə Mingəçevir və mingəçevirlilər hələ bundan sonra uzun illər çəkməli olacaqlar.

Azər

P.S. Fevralın 20-də AMI Qazax filialının keçmiş direktoru Isa Veysovun Qazax rayonu Daş Salahlı kəndindəki evi yandırıldı. Iddialara görə, I.Veysovun evi direktor olduğu müddətdə saxta diplomlar satdığı, camaatı aldadıb onların pullarını yediyi səbəbindən yandırılıb.