Qazaxbaşı Nursultan Nazarbayev son seçkidə özünə 95 faizdən çox səs yazdı. ATƏT həmən çıxdı, seçkini tənqid etdi, demokratik olmadığına işarə vurdu.
Anormallığa baxın ki, elə həmin bu ATƏT-in keçən il fəaliyyətdə olan sədri məhz Qazaxıstan idi. Bir Avropa təşkilatına Qazaxıstanın sədrlik etməsi qədər komik nə ola bilərdi? Absurd nə ola bilərdi? Gülməli nə ola bilərdi? Amma oldu. Adını nə qoyursunuz qoyun – prosedur qaydası-filan, olmamalı idi, oldu.
Atın qabağına ət qoymaq yəqin ki, elə budur. Indi ATƏT-in gileylənməyə haqqı varmı? Demokratik seçki keçirmək iqtidarında olmayan bir ölkə keçən ilədək sizə sədrlik edibsə, cənab avropalılar, daha siz nədən narazısınız? Öz cəzanızdır, buyurub özünüz də çəkin. Avropa dəyərlərinə zərrəcə sayğısı olmayanları gətirib Avropanın ən öndər məclislərinin təpələrində oturtduqca nursultanlar, ilham əliyevlər yerə ayaqlarını daha bərk basmağa, daha da güclənməyə, böyüyüb yeni Mübarəklər, Qəzzafilər, Bəşər
Əsədlər olmağa davam edəcəklər.
Yeri gəlmişkən, avropalıların bəyənmədiyi seçkini bizim Məzahir Pənahov göylərə qaldırdı. Əslində təəccüblü heç nə yoxdur bunda. Biz bunların özləri ilə xurcuntayı olan ölkələrdəki seçki adına hoqqabazlıqları mədh etmələrinə alışqanıq. Əl əli yuyar, əl də üzü. Bu gün onlar Nursultanın ədalətli seçildiyini söyləyəcəklər ki, sabah Nursultan da Ilham Əliyev özünə 90 faiz səs yazanda bunu demokratik adlandırsın.
Xoşumuza gəlməyə bilər, amma antidemokratların bu vəfası, əhdi-peymanı adamı kövrəldir.
Bir dəfə də yazmışdım və görünür, yenə yazmaqda fayda var: avtoritar ölkələrin bir-birinə sədaqətinin, sadiqliyinin, təəssübkeşliyinin mində biri demokratik ölkələrdə olsaydı, bu gün dünyada zora, zopaya, korrupsiyaya, hüquqsuzluğa, despotizmə dayanan rejimlərin nəsli çoxdan kəsilmişdi, biz onlar haqqında indi yalnız tarix kitablarından oxuyurduq.
Iki həqiqətin isbatı
Hakimiyyət telekanalları bir-birinin ağzına tüpürübmüş kimi, 2 apreldə əli sındırılan polisləri göstərirlər, dostların dediyinə görə. Polislər mitinqçilərin onları necə bu hala saldıqlarına dair başbilənlərinin əzbərlətdikləri nağılları tutuquşu kimi ötürmüşlər.
Buradan iki nəticə hasil olur:
BIR: polislərin əlinin-qolunun sındırıldığı barədə deyilənlərin uydurma olduğuna heç bir şübhə qalmır, çünki mitinqboyu o qədər video və foto çəkilişin getdiyi halda ən azı bir polisi mitinqçilərin döydüyünə dair kadr olsaydı, hakimiyyətdəkilər həmin kadrı qoyub poqonluları təzədən kamera qarşısına oturtmağa ehtiyac görməzdilər.
IKI: bir polisə mitinqçilərin çırtma vurduğuna dair bir dənə də kadr olmadığı halda, bütün kadrlarda poqonluların xalqı əzişdirdiyi açıq göstərilirsə, aradan iki gün sonra əli, qolu sındırılmış polisləri ekrana çıxarmaqla 2 apreldəki zorakılığın, qəddarlığın nə qədər dəhşətli olduğunu göz önünə sərirlər. Görün, polis öz vətəndaşlarını necə amansızcasına döyürmüş ki, hətta özlərinin də əli, qolu əzilib. Bir az yavaş vurmaq lazımdı.
Bu da mənim sizə vəsiyyətim olsun
Bir halda ki, hakimiyyət “Azadlıq”ın əməkdaşlarını mitilinə çırpmağı hobbi halına gətirdi… Bir halda ki, “Azadlıq”ın yazarlarını əvvəlcə oğurlamaq, sonra da döymək normaya çevrildi… Bir halda ki, qəzetimizin başbilənləri də dünən çıxıb “hətta qarşıdakı günlərdə ”Azadlıq”ın əməkdaşlarından birini öldürə də bilərlər” deyə həyəcan siqnalı çaldı, o zaman dünya işidir, bilmək olmaz, mən də vəsiyyətimi indidən yazım:
BIR: oğlum böyüyüb mənim köşə yerimi tutmayanadək ölümüm camaatdan gizlədilsin, soruşan-zad olsa, sağ olduğumu və müalicəyə müsbət reaksiya verdiyimi desinlər…
IKI: başdaşım çox hündür olsun ki, qəbiristanlığın hər yerindən görünsün, hətta mümkün olsa “dünyanın ən uzun başdaşı” kimi Ginnesin “Rekordlar kitabı”na düşsün…
ÜÇ: qəbrimin üstünə güllər ancaq Hollandiyadan gətirilsin, zanbaq bol olsun…
DÖRD: “Azadlıq”ın müxbir otağına, ikinci səhifəsinə, köşə rubrikalarından birinə və hətta köşə yazarlarından birinə mənim adım verilsin…