ABŞ-dan Azərbaycana çağırış

ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer fevralın 21-də bəyanat yayıb. “Turan”ın məlumatına görə, bəyanat “Azərbaycan qanunvericiliyində həyəcanlı dəyişikliklər və vətəndaş cəmiyyətinə, müxalifət fəallarına davam edən təzyiqlər” adlanır.

Sənəddə deyilir ki, ötən ilin sonunda Azərbaycan parlamentində QHT-lərin maliyyələşdirilməsini daha çox məhdudlaşdıran qanun qəbul edilib və bu ayın əvvəlində prezident İlham Əliyev tərəfindən təsdiqlənib: “Bu düzəlişlər azad və müstəqil vətəndaş cəmiyyəti üçün məkanı daha da məhdudlaşdırıb və Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərə ziddir. Bu həyəcanlı düzəlişlər vətəndaş cəmiyyətinə və müxalifət fəallarına təzyiqdir”.

Bəyanatda qeyd olunur ki, ABŞ Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin işi üzrə istintaqı diqqətlə izləyir: “O, qanunsuz sahibkarlıqda və vergidən yayınmada ittiham olunur. Biz ehtiyat edirik ki, Anar Məmmədlinin həbsi prezident seçkisini monitorinq etməsi ilə bağlıdır”.

Daniel Bayer əlavə edib ki, ABŞ REAL hərəkatının lideri İlqar Məmmədovun, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun, həmçinin “Nida” gənclər hərəkatının fəallarının məhkəmə proseslərində ədalətli məhkəmə çəkişməsinə zəmanət verilməsini istəyir: “Biz həmçinin Müsavat Partiyasının fəalı Yadigar Sadıqovun xuliqanlıq ittihamı ilə həbs olunmasından narahatıq. Azərbaycan hökumətini vətəndaş cəmiyyəti və ATƏT ilə ölkənin qarşısında duran öhdəliklərin yerinə yetirilməsi üzrə əməkdaşlığa çağırırıq”.