Dünən BDU-nun tələbələri etiraz aksiyası keçiriblər. Etirazın motivi – kəsirlərə görə əlavə ödəniş istənilməsidir.
Mən aksiyadan videoçəkilişə baxdım. Kim nə deyir desin, etiraz, şüar, havaya qalxmış yumruqlar – bütün bunlar gəncliyin ifasında daha əzəmətli səslənir. Bəlkə ona görə ki, etiraz, təpki, tələb – hamısı elə “gənc” sözünün sinonimləridir.
Dünya tarixinə dönüb baxdığımızda əksər devrimçi hərəkatların, azadlıq mübarizələrinin ön sırasında gəncliyi, onun tükənməz enerjisini, coşqusunu, əzmini görürük. Azmı ölkənin özgürlüyə, ədalətə gedən yolu universitetlərdən başlayıb? Yaxın onilliklər öz ölkələrini və xalqlarını bəşəri dəyərlərə qovuşdurmaq üçün başlayan, qandan keçən tələbə hərəkatlarının tarixidir. Ölkələrinin taleyini yaxşılığa doğru dəyişdirən bütün böyük insanların xitabının dəyişməz ünvanıdır gənclik.
Bəli, əsl gənclik – itaət edən deyil, imtina, etiraz edən, “yox” deməyi bilən, bacaran gənclikdir. Razılaşmayan, sorğulayan, hesab istəyən, qarşı gələn gənclikdir. Yalnız yaşca deyil, başca da gənc olmaq, ruhən də gənc olmaq lazımdır. Dəyişimə, çağa, yeniliyə açıq olmaq lazımdır.
BDU-dakı aksiyanı şişirtmək, bir aksiyadan uzaqgörən nəticələr çıxarmaq, ümidverici qənaətlər hasil etmək lazım deyil, amma hər bir halda təqdirəlayiqdir.
Indi isə BDU tələbələrinin dünənki aksiyasından çeşidli videokadrları izlədikdən sonrakı bəzi təəssüratlarımı yazmaq istəyirəm.
***
Kadrların birində Abel Məhərrəmov tələbələrin qarşısına çıxır, Qazaxıstandan universitetlərə qonaqlar gəldiyini deyir və əlavə edir: “Indi onlar sizin bu hərəkətlərinizi görsələr bizim haqqımızda nə düşünərlər? Bir az milli təəssübkeşlik olmalıdır”.
Sözə bax e, “milli təəssübkeşlik”. Bəh, bəh, necə də gözəl səslənir.
Büdcəni basıb yeyirsən, dünyanın ən bahalı yollarını çəkib, ən bahalı körpülərini tikirsən, ortada heç bir haqq-hesab, şəffaflıq yoxdur, heç kimin yadına “milli təəssübkeşlik” düşmür. Amma yetim bir tələbə çıxıb kəsirlərə görə nəsə tələb eləyir, haqqını istəyir, o saat hamısı durub olurlar “milli təəssübkeş”, “Qarabağ dərdi çəkən”. Siz dediz, biz də inandıq, ay siz öləsiniz!
Hələ söhbətə bax, “Qazaxıstandan gələn qonaqlar bizə nə deyər?” Onlar canları çıxsın, gedib öz ölkələrinin dərdlərinə yansınlar. Bir adam 30 ildir arvadlı-uşaqlı Qazaxıstanı barmağında oynadır, belə “milli təəssübkeşdirlər” getsinlər bunun hesabını versinlər, gedib öz dərdlərini çəksinlər, onların nə dili var, yanımızda yekə-yekə danışsınlar?!
***
Bir başqa kadrda isə BDU-nun tələbələri valideynləri ilə qorxudan yetkilisini gördüm. Deyirdi ki, gedin sakitcə oturun, yoxsa papa-mamanızı çağıracağıq bura.
Təəccüblü deyil. Onlar məhz bizim ata-analarımıza, ağsaqqal-ağbirçəklərimizə ümidlidirlər. Bizi onlarla şantaj edirlər, çünki bu çağdışı, pis idarəetmə bütün gücünü onlardan alır. Bu oğru, talançı sistem onların mütiliyinin, “mənə toxunmayan ilanı min yaşasın”, “məndən uzaq olsun, istəyir Misirə sultan olsun” zehniyyətlərinin məhsuludur.
Özləri də bilirlər ki, tamamən yeni nəslin ümidinə qalsa, bu Şər rejiminin yaşamaq imkanı əsla və əsla yoxdur.
Bu Şər rejiminin yaşaması, uzunömürlü olması üçün “oğurlasınlar, amma yetər ki, iş görsünlər”…
“Bir qismət çörək”…
“Evdə balalarımız var” deyən düşüncəsi güclü olmalıdır.
Bu düşüncəni ayaqda saxlayan isə bizim atalarımız, analarımız, əmilərimiz, dayılarımız, nənələrimiz, babalarımızdır.
20 ildir taxt-tac sahibidirlərsə, səbəbi məhz budur.
Onların “hökumətlə hökumətlik etməyi” yasaqlayan təfəkkürləridir.
Bunu bildikləri, gücünü bundan aldıqları üçün bizi valideynlərimizlə qorxudur, onlarla şantaj edirlər.
Amma unudurlar:
Şəxsən mənim üçün həyatda ən qiymətli insan anamdır.
Onun gözlərində bir damla yaş görsəm, dünya başıma yıxılar.
Ancaq başda anam olmaqla, heç kim və heç nə mənə həqiqətdən, dürüstlükdən, ləyaqətdən daha doğma…
Daha müqəddəs…
Daha vazkeçilməz deyil və ola bilməz.
Bircə bunu başa düşməzlər.
Başa düşsəydilər, zatən bu qədər çirkaba, pisliyə bulaşmazdılar.