Məhbəsdən məhbəsə məktub

Zaur Qurbanlı

Şərlənərək həbs olunmuş Ömər Məmmədov haqqında

Deyəsən, 2011-ci il idi. Fransadan hansısa məşhur televiziyanın əməkdaşları gəlmişdilər, Bakıda Azərbaycan haqqında hazırladıqları verilişin çəkilişlərini aparırdılar. İctimai-siyasi yöndə yazan gənc bloqçularla görüşdülər. Bu bloqçuların içində mən də var idim. Yazdıqlarımız haqqında qısa məlumat verdim. Bu zaman fransız jurnalist ən gənc üzvümüzə təəccübdən gözləri bərəlmiş halda baxırdı. Çünki o gəncin hələ 16 yaşı tamam olmamışdı. Fransız jurnalist üçün bu yaşda adamın ictimai-siyasi mövzularda yazması qəribə gəlirdi. Bizə isə o qədər qəribə gəlmirdi. Çünki artıq belə fədakar gəclərimiz imkan vermirdilər ki, biz bunlara heyrətlənək. Aramızdakı həmin o balaca, Ömər Məmmədov idi. Ömər yaza bildiyinə görə qoşulmadı prosesə, əksinə, mübarizə aparmağın bir üsulu kimi yazmağa başladı. Yadımdadır, o vaxt Ömər daha çox təcrübəsi olan bloqçulardan yazmağı öyrənirdi. Çünki ideyaları var idi, bu ölkə üçün nələrsə etmək istəyirdi . Bir ara ictimai fəaliyyəti səngidi – Kiprə hazırlaşırdı. Məqsədinə çatdı da. İstədiyi universitetə daxil oldu. Amma ictimai fəaliyyəti də dayanmadı. Mart həbslərindən sonra çoxlarının cəsarət etmədiyi səhifə adminliyini üzərinə götürdü.
12 yanvarda ad günüm idi və çoxlu təbriklər gəldi. 3 təbrik məktubu səhvən başqa dəstəyə qatışmışdı deyə, onlar yalnız bu gün mənə çatdı. Bu 3 məktubdan biri Ömərdən idi. Məhkəmələrimizə gələ bilmədiyinə görə üzrxahlıq edir, Kiprdən gələndən sonra bütün məkəmələrə qatılmağa söz verirdi. Sözünü artıqlaması ilə tutdu – məhkəmələrə barmaqlıq arxasından qatıldı.
 Məncə insanların əksəriyyətinin içində bir qəhrəman yatır. Sadəcə təsadüflər yalnız qəhrəman hesab etdiyimiz şəxslərin başına gəlir. Məsələn, suda boğulan uşağı üzə bilə və ya bilməyən əksər adam xilas etməyə çalışar, amma bu, təsadüfən məhz gələcək qəhrəmanın yanında baş verir. İnsanlara verdiyin qiymətin təsadüflərdən asılı olmaması üçün içindəki qəhrəmanı gördüyümü hər kəsə layiq olduğu qiyməti verməyə çalışıram. Ömər həbs olunduğuna görə yox, 15 yaşında məhz etiraz etmək üçün uşaq həvəsi ilə, ama mübariz gənc inadı ilə bloq yazmağı öyrənəndə artıq mənim üçün qəhrəman idi. Kimisə qiymətləndirmək üçün onun ölümünü, həbsini, işgəncəsini gözləməyək, səmimi və potensial qəhrəmanlarımızın qədrini bilək. Bu gün televizorda konservatoriyada bir “paçka” “korifey sənətkar” göstərirdilər, elə yaltaqlanırdılar ki, istədim, bu ölkəyə birdəfəlik tüpürüm. Amma Ömər kimi, Şahin kimi gələcəyi olan ölkəyə tüpürə bilmədim.Çünki Ömər mənə məktubunda öz fəaliyyətini, maarifçiliyini, “Axın” hərəkatını elə sevinə-sevinə danışırdı ki… Yazır ki, “o gün bir yazımız 1 günə 1700 dəfə baxılıb. Uşaqlar yaman sevindi bunu görəndə.” Bir də yazmışdı ki, “səninçün və uşaqlar üçün yaman darıxmışam. Hamınız üçün burnumun ucu göynəyir.” Tərs kimi onu başqa təcridxanaya apardılar. Amma hansımız tez çıxsaq, o birini ziyarət edəcəyik yəqin. Uşaqlar qorxunun nə olduğunu anlamdıqlarına görə uşaqdırlar. Ömərin həbsi ilə 15 yaşlı uşaqların bloqçu olmağının qarşısını ala bilməyəcəklər. Çünki Ömər və digər cəsarətli gənclərimiz artıq avropalıları heyətlədirəcək cəsər’t göstəriblər. Cığır açılıb, gedənlər mütləq tapılacaq.

20.02.2014