Ceyhun Osmanlı cinayətə yol verib

Müzəffər Baxışov: “ Deputat bu hərəkəti ilə CM-nin 302-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədib”

Tanınmış jurnalist Xədicə İsmayılın Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılması, dövlət sirrini yaymaqda ittiham edilməsi, Azərbaycan deputatlarının daha bir “qabiliyyət”ini üzə çıxardı. Sən demə millət vəkilləri həm də Ceyms Bond rolunda fəaliyyət göstərirmişlər.
Deputat Ceyhun  Osmanlı  Xədicə İsmayılın Art Garden restoranındakı görüşünün audio yazısı olan şəxsi telefonunu bu gün prokurorluq orqanlarına təqdim edib. C. Osmanlı “facebook” səhifəsində yazıb: “Mən Brüsseldə səfərdə olan zaman jurnalist Xədicə İsmayıl növbəti dəfə adımı öz “facebook” səhifəsində yad etdi. “Jurnalist” Xədicə İsmayılın Art Garden restoranında özünə yaxşı məlum olan, amma başqalarına az məlum olan görüşünün audio yazısı olan şəxsi telefonumu bu gün Baş Prokurorluğa tәqdim etdim. Xәdicә xanımın yüksәk sәslә danışdığını hәr kәs bilsin deyә. Vәtәnә xәyanәt bağışlanılmır!!!”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Ceyhun Osmanlı tərəfindən Xədicə İsmayılın əcnəbilərlə aralarında danışıqlarının əks olunduğu iddia edilən audio yazı Baş Prokurorluğa təqdim olunub.
“Həmin danışıqların istintaq yolu ilə tam və hərtərəfli araşdırılması, qanuna müvafiq qərarın qəbul edilməsi təmin olunacaq” – deyə Eldar Sultanov bildirib.
Maraqlı məqam ondan ibarətdir ki, Xədicə İsmayılı xəyanətdə suçlayan deputat, öz törətdiyi əməllə qanunları kobud şəkildə pozduğunu və cinayət törətdiyini unudur.

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Ceyhun Osmanlı qanunsuz fəaliyyətinə görə dərhal həbs edilməli və deputatlığına xitam verilməlidir: “Bu biabırçılıqdır və həmin şəxsin toxunulmazlığına xitam verilməlidir. Baş Prokurorluq Konstitusiyanın 90-cı maddəsinin tələblərinə əsasən MM-ə müraciət etməlidir və bu adam dərhal həbs olunmalıdır. Xədicə İsmayıl Azərbaycan vətəndaşıdır və istənilən şəxslərlə görüşlər keçirə bilər. Deputat bu hərəkəti ilə CM-nin 302-ci maddəsində nəzərdə tutlan cinayət əməlini törədib. O, əmliyyat -axtarış fəaliyyəti  haqqında qanunda nəzrdə tutulmuş tədbirləri həyata keçiribr. Belə səlahiyyətlərə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda, şəxs 500 manat miqdarında cərimə və ya 3 ilə qədər müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, 2 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər xüsusi texniki vasitələrdən isitfadə edilməklə törədildikdə isə 2 ildən 5 ilə qədər müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, Ceyhun Osmanlı CM-nin 302.2-ci maddəsində nəzərdə tututlmuş cinayət əməlini törədib. Eyni zamanda o vəzifəli şəxs olduğuna görə CM-nin 309-cu maddəsinə görə xidməti səlahiyyətlərin hüdudlarından açıq-aşkar kənara çıxıb və  şəxsin hüquqlarına zərbə vurub. Buna görə əmlakı müsadirə olunmaqla 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Prokurorluq bu məsələyə münasibət bildirməli və dövlətin mənafeyi qorunmalıdır”.

Akif