Dord kiber-xəfiyyə Azərbaycan da daxil olmaqla 21 ölkədə İtaliya şirkətinin istehsal etdiyi super-məxfi casus proqramının işlədiyini üzə çıxarıb.
Bu barədə WND.com saytı yazır. Məlumata görə, hakerlər bu ölkələrin bir çoxunun, o cümlədən “Azərbaycanın insan haqlarını məhdudlaşdırdığını və internetə nəzarət etdiyini” bildirərək onlara həmin proqramın satılmasını pisləyir.
Hakerlər uzun müddət araşdırma apararaq dünyada casus proqramların istifadə edildiyi ölkələrin xəritəsini hazırlayıblar. Məlum olub ki, İtaliyanın “Hacking Team” şirkətinin istehsalı olan məsafədən idarəetmə sistemi (RCS), yaxud casus proqramlar Azərbaycan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Sudan və digər bu kimi ölkələrdə tam gücü ilə istifadə olunur.
Bu proqram hüquq-mühafizə orqanlarına hədəfin kompüterində olan bütün məlumatları köçürməyə və nəzarətdə saxlamağa imkan verir. Hakerlər həmin ölkələrdə hüquq-mühafizə orqanlarının serverlərinə müdaxilə edərək istifadə olunan casus proqramların “Hacking Team” şirkətinin lisenziyasını daşıdığını müəyyən ediblər.
Hakerlərdən biri Morqan Markiz-Boire bildirib ki, onlar ötən ilin yayından RCS casus proqramının izinə düşüblər və bütün interneti alt-üst edərək nəhayət, onun hansı ölkələrdə izlədiyini müəyyən ediblər. Həmin ölkələr bunlardır: Azərbaycan, Kolumbiya, Misir, Efiopiya, Macarıstan, İtaliya, Qazaxıstan, Koreya, Malayziya, Mərakeş, Meksika, Nigeriya, Oman, Panama, Polşa, Səudiyyə Ərəbistanı, Sudan, Tailand, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan.
Hakerlər Bill Maczak, Klaudio Qvanerri, Morqan Markiz-Voire və Con Skott-Railton uzun illərdir Qərb şirkətlərinin dünya ölkələrinə casus proqramları satmasına dair araşdırmalar aparır. İndiki araşdırma isə sübut edib ki, Qərb şirkətlərinin belə proqramları yalnız demokratik ölkələrə satdıqları barədə bəyanatları yalandır.
Hakerlər müəyyən ediblər ki, ötən il RCS proqramından Mərakeşdə jurnalistləri izləmək üçün istifadə olunub. Birləşmiş Ərəb Əmirliklərində isə hüquq müdafiəçisi Ahmed Mansur bu proqramın köməyi ilə həbs edilib (Virtualaz.org).


