Azərbaycanda zülm göyə çıxıb. Buna görə adamlar – kişi-qadın, gənc-qoca – elə hey özünü öldürür. Azərbaycanı özünüöldürmə epidemiyası bürüyüb – ANTIMILLI, ANTIDEMOKRATIK siyasi sistem üzündən ölkədə açıq-aydın yurddaş savaşı gedir. Hakimiyətlə Xalq arasında gedən bu savaşda hələlik bütünlüklə, bütün parametrlər üzrə uduzan Məhəmməd Əmin Rəsulzadə xalqı, udansa Heydər Əliyev hakimiyətidir. Hakimiyət mobil, Xalq dağınıqdır. Hakimiyətin strategiyası bəlli-aydın, Xalqın strategiyası… yoxdur. Hakimiyətin strategiyası Xalqı yenməklə uzun sürə Ölkəyə yiyələnməkdir. Strategiyasız Xalqın istəyi bacardığı kimi başını saxlamaqdır. Harınlayıb azğınlaşan, aşırı duruma gələn məmur qudurğanlığı, özbaşınalığı üzündən baş saxlamaq da çətinləşərək dözülməz xarakter aldığından özünüöldürmə epidemiyaya çevrilərək bütün ölkəni bürüyr.
Özünü yandıran 8 adamdan biri sağ qalıb – II qrup əlil, şəhid qardaşı Nizami Kərimov jurnalistin: “Özünüzü niyə yandırdınız?” – sorusu ilə bağlı bu ölkədə milyonlarla hüququ tapdananlardan biri olaraq deyir: “Özümü yandırmaqdan başqa mənə yol qoymadılar”. I.Əliyevin “biz sosial dövlət qururuq” yalanına qarşılıq olaraq N.Kərimov yenə milyonlardan biri olaraq bildirir: “Altında 100 minlik maşını olanlar sosial yardım alır, mən haqqım olan sosial yardımı ala bilmirdim”. Budur I.Əliyevin saxta seçkilərinə bağlı saxta sosial dövləti! Bu dövlət oğru hakimiyət adamları üçün sosial dövlətdir, Xalq üçün yox!
Budur, Eynulla Fətullayev daha bir məmurun – Diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim Ibrahimovun oğlunun harın-qudurğan yaşayışı ilə bağlı bilgi yayıb. Bundan qabaq Ziya Məmmədovun qardaşı oğlu ilə bağlı faktda olduğu kimi, indi də Ibrahimovlar ora-bura doluşub jurnalisti qaralamağa, suçlu tutmağa çalışırlar. Yenə ortaya jurnalistın “yalanı, şantajı, böhtanı” kimi ritorika çıxarılır. N.Ibrahimov da baqşaları kimi yazılanları “cəfəngiyat” adlandırır. Onun dediyinə görə, bütün bunlar “Azərbaycan iqtidarında olanlara şər atmaq, ləkə yaxmaq, dövlət adamlarını nüfuzdan salmaq üçün planlı addımlardır”. N.Ibrahimov da Z.Məmmədovun qardaşı kimi danışır: “Bu, sadəcə Azərbaycan iqtidarına sədaqətli olan adamları ləkələmək, onları cəmiyyətə tamam başa cür təqdim etmək məqsədi daşıyır”. Bəlli olduğu kimi, ölkəmiz N.Ibrahimovsayağı “Əliyevlər (burada Aazərbaycan anlayışı yerinə düşmür. – X.B.) iqtidarına sədaqətli” məmurlarla aşıb-daşır. Görəsən, I.Əliyev ölkəni başına götürən məmur özbaşınalığından, məmur uşaqlarının qudurğan yaşayışından danışanda kimləri, kimlərin uşaqlarını deyir? Bəlkə, o, Gürcüstan məmurlarından, onların uşaqlarından danışır?
N.Ibrahimovun qardaşı, “Avesta” konserninin vitse-prezidenti Sahib Ibrahimov da “şantajçı” deyə Eynullanı suçlamada bulunub: “Mən də jurnalistəm, vaxtilə ATV-də çalışmışam. Ona görə də bunun nə demək olduğunu (Eynullanın yazısının. – X.B.) yaxşı bilirəm. Əgər Eynulla belə yaxşı jurnalistdirsə və Nazim müəllimdən yazırsa, o zaman gəlib bizim biznesmen qardaşlarımızdan da yazsın. Elə gəlib məndən yazsın…” Görün “bunun nə demək olduğunu yaxşı bilən”, özünü “jurnalist” adlandıran, “Bizi tanıyanılar bilir ki, hamımız iş adamıyıq” – deyən S.Ibrahimov jurnalisti hara yönəltməyə çalışır – “biznesmen qardaşlarına”. Çox düzgün! Axı, qardaşların dünyalarca uğurlu biznesinin arxasında dövlət məmuru Nazim Ibrahimov durur! Buna görə jurnalistin (burada Eynullanın) üzünü məmur qardaşdan biznesmen qardaşlara yönəltmək gərəyi yaranır.
Beş-altı il qabaq qonşuluğumuza Naxçıvandan lat-lüt birisi gəldi. Gələn kimi ATV-də işə düzəldi. Çox keçmədi, pulu başından aşan telebiznesmen oldu. Az sonra Yasamalı bəyənmədi, Bakının ortasında bahalı ev alıb getdi. Kimlərsə gündən-günə harınlaşır, başqaları məmur özbaşınalığından, dolanışıq dözülməzliyindən özünü öldürür…