2012-ci ilin iyununda Azərbaycanda ağıllara gəlməyən bir hadisə baş verdi. Milli Məclis ölkə qanunlarına gülməli və əcaib dəyişikliklər etdi. Biz onsuz da öyrənmişik ki, bunlar qanunları daha mürtəce hala salmaqla məşğul olur. Hər cür ictimai fəaliyyəti boğmaq üçün gündə bir yenilik tapırlar. Nəticədə Seçki Məcəlləsi, siyasi partiyalar haqda qanun, QHT-lərin fəaliyyətini tənzimləyən normalar, inzibati cərimələrin səviyyəsi ən mürtəce şəklə salınıb. Amma yuxarıda dediyim dəyişikliklər mürtəce olmaqla yanaşı, əcaib idi. Bu günəcən də ölkənin bir çox qanunlarına ziddir və hələ də qüvvədədir.
Birinci olaraq, “Informasiya əldə etmək haqqında” qanun dəyişdirildi. Artıq dövlət idarələrindən informasiyanın əldə olunmasına o şərtlə icazə verildi ki, həmin məlumat Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarına, sağlamlığa, mənəviyyata zidd olmasın. Qanun mücərrəd bədii məna kəsb etməyə başladı. Məsələn, maraqlanırsan ki, filan tikiliyə nə qədər pul xərclənib, adama deyirlər ki, bu məlumatları bilmək kişiliyə yaraşmır. Niyə də olmasın?! Qanun mənəvi tələbə uyğun olmağı tələb edir, Hacıbala Abutalıbov da deyir ki, ölkədə bircə kişi var.
Bundan əlavə, “Kommersiya sirri haqqında” qanuna əl gəzdirdilər və bu dəyişikliyə görə kommersiya şirkətlərini yaradanlar və onların şirkətdəki payları barədə məlumatlar kommersiya sirri hesab olundu. Yəni belə məlumatları daha jurnalistlərə və bütünlüklə cəmiyyətə vermirlər.
Bundan sonra sahibkarın kimliyi bilinməməlidir. Indi bizim uçmaqda olan təzə binanın sahibinin kimliyini bilməyə haqqımız yoxdur. Ölkəyə zəhərli qida gətirən, vaxtı keçmiş mal keçirən şirkətin sahibini də tanımağa ixtiyarımız yoxdur. Ölkə Konstitusiyasına görə, prezident ailəsi, nazirlər və millət vəkilləri sahibkarlıqla məşğul ola bilməz. Amma bunu bilmək, müəyyənləşdirmək, sorğu etmək də qanunla qadağan olunub.
Müəllimlərin kimliyini təhsil sirri saymaq nədirsə, sahibkarı da kommersiya sirri saymaq odur. Üstəlik, cinayətdir. “Dövlət satınalmaları haqda” qanunun 13-cü maddəsində maraqların ziddiyyətinə görə tenderə buraxılması qadağan olunan şəxslərdən danışılır – qohumlar və s. Kommersiya sirri olduğu üçün biz necə biləcəyik ki, tenderi udan şəxs vəzifə sahiblərinin qohumu deyil? Yəni cinayəti bilmək qadağan edilib. Bəzi sahibkarlar fiziki şəxs kimi çalışır, firması, şirkəti yoxdur. Onları necə təqdim edək? Bəs onlar tender udanda niyə adları elan edilir. Bu ki sirdir. Bir sözlə, əcaib dəyişiklik edildi, hələ də qalır.
Amma bütün bunların bircə səbəbi vardı. Həmin dövrdə hakim ailənin biznesi ilə bağlı araşdırmalar gündəmi tutmuşdu və çoxlu gizlinlər açılırdı. Sirr elə bu idi, bunu qadağan etmək istəyirdilər. Həmin araşdırmaları çoxu və ən parlaq nümunələri isə jurnalist Xədicə Ismayıla məxsus idi.
Yəqin indi bildiniz niyə mən mövzuya 2012-ci ildən başladım. Indi Xədicə xanım xarici kəşfiyyata sirr ötürməkdə günahlandırılır və rəsmən dövlət sirrini yaymaqla bağlı sorğulanır. Səbəb isə yuxarıdakı sirlərdir. Gizli biznes sirləri.
2012-ci ildə qəbul edilən qanun bunun qarşısını ala bilmədi. Ala da bilməzdi. Şirkətin təsisçisini gizlətmək mümkün deyil və bunu bilmək də qadağan edilə bilməz. Amma sirri qorumaq mümkün olmayanda isə düşürlər onu əldə edənin üstünə. Xədicə Ismayıl da məhz bu səbəbdən yenidən hədəfdədir. Məhz gizli və qanunsuz biznes sirlərini açmağa görə istintaq çəkilib. Ona qarşı böhtan və qarayaxmaların yeganə səbəbi budur.
Rasim Qaraca üçün təbrik
Fevralın 18-də yazıçı-şair Rasim Qaracanın ad günü oldu və mən sosial şəbəkələrdə, mətbuatda maraqlı bir mənzərə ilə rastlaşdım. Hər yandan təbriklər yazılırdı. Sovetdən qalma şöhrətli yazıçıların ad gününü heç yada salan olmur. Baxmayaraq ki, vəzifə və titulları, ordenləri, kitablarının sayı başqa bir vəziyyət tələb edir.
Əslində, çox sevindim. Əvvəla, bir adama bu qədər çox sayğını görmək məni hədsiz sevindirdi. Bizim bu qarışıq zamanda, əyrilik və yaltaqlıq bataqlığına çevrilmiş toplumda kiminsə bu qədər sayğı və sevgi qazanması çox gözəldir. Səbəb də mənə aydındır. Əyilmədən, yaltaqlanmadan yaşamaq – budur Rasim Qaracaya olan sayğı və sevginin mənbəyi. Çalışqanlıq və yaradıcılıq çağdaşlıq və əxlaqla birləşəndə belə olur. Ordenlər və dövlətin harın dəstəyinin verə bilmədiyi sayğı və sevgini qazanırsan.
Rasim bəyə təbriklərimizi yollayırıq!