Əvvəla, icazə verin yazıya Hacıbala Abutalıbova təşəkkür etməklə başlayım. Bəli, Hacıbala müəllim bizi bizə göstərdi – lap bir güzgü kimi. Necə varıqsa, eləcə. Onun məlum “Azərbaycanda bir kişi var…” söhbətini hansısa yetim-yesir jurnalist, yazar, aktivist eləsə, bu saat ətini şişə çəkirdik, topun ağzına qoyub atırdıq, pişiyini ağaca dırmaşdırırdıq.
Amma türklər demiş, söz konusu vəzifəli, pullu, imtiyazlı biri oldumu “tık” səsi yoxdur.
Mən Hacıbala müəllimin məlum videosuna baxdım və o videoda Abutalıbovun dediklərindən çox, yanındakı orta statistik azərbaycanlının reaksiyasına takıldım. Bəli, dərd Hacıbala Abutalıbovun “Azərbaycanda bir kişi var, o da bizim prezidentimizdir” sözləri deyil. Dərd həmin vaxt Hacıbala Abutalıbovdan sökülən evinə görə babat kompensasiya uman vətəndaşın tələm-tələsik reaksiyasıdır, Abutalıbovun həmin sözlərinə “bəs biz nəyik, kişi deyilik?” deyə etiraz edən jurnalistə “Hacıbala o mənada demir…” söyləməsidir. Onu vəziyyətdən çıxarmağa çalışmasıdır. Nə var, nə var, Abutalıbov söz verib ki, kompensasiya məsələsini həll edəcək.
Bəli, biz bax belə bir dəhşətli vəziyyətlə üz-üzəyik. Daxili mütiliyin, köləliyin son həddində yaşayırıq.
Adam situasiyanı sözlə ifadə etməyə də çətinlik çəkir. Arxasında siyasi imtiyazları, vəzifəsi, pulu, titulları dayanan birinin dediyi hər şeyi sinəyə çəkməyə hazırıq, illah ki, işimiz düzəlsin, amma yetim bir yazıçını hansısa romana görə linç etməyə, ölkədən qovmağa, qulağını kəsməyə hazırıq. Bir yazıya görə yazıçını yeddi yerindən bıçaqlaya bilərik, amma həqarət müəllifi böyük yerdəndirsə, “yuxarıdan gəlibsə” hələ ona çanaq tutur, əl-üzünü yuyuyr, vəziyyətdən də çıxarmaq istəyirik.
Bəli, mən bu həyati səhnəni, Azərbaycan və azərbaycanlıların bu real mənzərəsini gözümüz önündə ustalıqla, olduğu kimi canlandırdığı üçün Hacıbala müəllimə təşəkkür edirəm. Əgər belə bir səhnəni hansı birimiz ədəbi təxəyyülün məhsulu olaraq yazsaq, bu saat uca millət, sevgili xalq uyğun yerimizə ağac soxmaq üçün növbəyə dayanardı. Amma sağ olsun Abutalıbovu, vəziyyəti bütün çılpaqlığı ilə göstərdi. Göstərdi ki, bu toplumun böyük çoxluğu özünün milli mental, metal və motal dəyərlərindən çıxış edərək dil-boğaza qoymadığı namus-qeyrət söhbətlərində nə qədər qeyri-səmimi və saxta imiş.
Mən eyni mənzərəni Ramil Səfərovun balta məsələsində də müşahidə etdim. Toplumun duyarlı kəsimi hansı səbəblə, kim tərəfindən törədilməsindən asılı olmayaraq bir qətlin müdafiə ediləcək tərəfinin olmadığını deyəndə, əksəriyyət yabasını, dəhrəsini götürüb tökülmüşdü onların üstünə, “ermpənipərəst”, “vətən xaini”, “millət düşməni” ittihamlarının biri bir qəpik idi.
Halbuki eyni vətənşüvən ordusu Diaspora Komitəsinin sədri Nazim Ibrahimovun eyni mövzuda dedikləri qarşısında səssiz, təpkisiz qalmışdı. Ibrahimov “O, ermənini yatdığı yerdə qətlə yetirməklə düşmənə yox, bizə zərbə vurub. Dünya erməniləri bu əməldən bizim əleyhimizə istifadə edirlər. Bu məsələdə biz qlobal şəkildə uduzduq” deyəndə tutduğu vəzifədən, sahib olduğu imtiyazlardan yana səsini içinə atanlar, sükuta gömülənlər oxşar mövqeni qələmindən, sözündən başqa heç bir gücə, imkana sahib olmayanlar sərgilədikdə şirə-pələngə döndülər, yeri-göyü inlətməyə başladılar. Beləcə, vətənpərvərliyin bu ölkədə gerçək adının vətənşüvənlik olduğu gün kimi ortaya çıxdı. Daxilən qorxaqların, mütilərin sonuncu sığınacağı olduğuna heç bir şübhə qalmadı.
Indi də Abutalıbov nümunəsi. Hər şey aydındır.
Sonda isə demək istədiyim odur ki, əziz və hörmətli qaqaşlar, qədeşlər, yaxşı oğlanlar və s. və i.a! Artıq götürün öz sevimli oyuncağınızı – yəni mentalitetinizi, milli mənəvi dəyərlərinizi və gedin başqa yerdə oynayın.
Bir də boş yerə zəhləmizi tökməyin.
Hamınızı gördük və tanıyırıq artıq.