Tələbə təqaüdü yaşayış minimumundan xeyli aşağıdır
Azərbaycan hökumətinin əhalinin sosial rifahına yönəlmiş addımları ilə öyünməsi, ölkənin regionun lider dövləti kimi təqdim edilməsi artıq ciddi qəbul olunmur. Hökumətin qayğı kimi təqdim etdiyi addımlara nəzər salanda bunun səbəbini görmək olur. Qəzetimizin son bir neçə sayında müxtəlif sosial təbəqələrə ayrılan diqqətə nəzər saldıq və bunu başqa ölkələrlə müqayisə etdik. Nəticədə əksər göstəricilərə görə Azərbaycan istər regionun, istərsə də dünyanın başqa ölkələrindən geri qalır. Hətta YAP iqtidarının geridə qalmış və ac ölkə kimi təqdim etdiyi Ermənistanda əhaliyə diqqət daha çoxdur.
Bu dəfə tələbələrin aldıqları təqaüdləri müqayisə edəcəyik. Xatırladaq ki, Azərbaycanda ali məktəblərdə ən yüksək təqaüd 80 manatdır və tələbələr üçün heç bir imtiyaz yoxdur. Ölkədə minimum yaşayış həddi, rəsmi statistikaya görə, 96 manat, iqtisadçıların hesablamasına əsasən isə 168 manat təşkil edir.
Bəs digər ölkələrdə, xüsusilə də Azərbaycan rəsmilərinin ölkəmizi müqayisə etdiyi dövlətlərdə tələbələr nə qədər təqaüd alır?
Ermənistanda tələbələrə ərzağa güzəşt var
Rusiyada tələbələrin aldığı təqaüd 40 dollar təşkil edir. Ancaq bu ölkədə tələbələr yataqxanalarla təmin edilib. Bu da azərbaycanlı tələbələrdən fərqli olaraq onları əlavə xərcdən azad edir. Ermənistanda tələbələr üçün nəzərdə tutulan təqaüdlər minimum yaşayış həddinə bərabərləşdirilib. Xatırladaq ki, bu ölkədə minimum yaşayış həddi 70 dollardır. Azərbaycan ali məktəblərinin diplomları xaricdə tanınmasa da, Ermənistanın ali məktəb diplomu bütün Avropada etibarlıdır. Ali məktəbə qəbul olunan tələbəyə yataqxanada yer verilir. Bundan əlavə, tələbə yataqxanalarında ərzaqların qiyməti də xeyli ucuzdur.
MDB-nin digər dövləti olan Belarusda tələbələrin təqaüdü 53 dollardır. Ancaq Belarusda yaşayış minimumu bu həddən aşağıdır. Eyni zamanda tələbələr yataqxanalarla da təmin edilir.
Ukrayna tələbələri də yataqxana təminatı ilə yanaşı 80 dollar təqaüd alır.
Qazaxıstanda isə tələbə təqaüdü orta hesabla 184 dollardır.
Avropada üçüncü ölkələrdən gələnlərə xüsusi təqaüd verilir
Türkiyədə iki növ tələbə təqaüdü var. Bunlardan biri 150 dollar miqdarındadır və bütün tələbələrə verilir. Digəri isə 5 dollara qədərdir. Belə təqaüdü tələbələr öz istəyi ilə ala bilər. Lakin ali məktəbi bitirib işləməyə başlayandan bu məbləğ dövlətə qaytarılır.
Eyni zamanda Avropanın digər ölkələrində və ABŞ-da da tələbələr üçün xüsusi təqaüd proqramları var. Hətta inkişaf etmiş ölkələrin əksəriyyətində üçüncü ölkələrdən gələn tələbələr üçün xüsusi təqaüdlər nəzərdə tutulub. Müxtəlif məbləğlərdə olan təqaüd tələbənin aylıq xərclərini ödəmək üçün kifayət edir. Məsələn, Fransada belə təqaüdlər 350 avrodan aşağı olmur.
ABŞ universitetlərində isə bu tip təqaüd proqramları tələbələrin xərclərini 80%-ə qədər azaldır. Belə ki, təqaüd alan tələbə hətta təhsil haqqı ilə bağlı güzəşt də əldə edə bilir. Eyni zamanda ABŞ-da tələbələr komfortlu yataqxanalarla təmin edilir. Təhsil müddətində onlar dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən də istifadə edə bilər.
Göründüyü kimi, bu sahədə də Azərbaycanın inkişaf etmiş dövlətlərə çatmasına hələ çox var. Hər halda hökumət bu istiqamətdə lazımi addımlar atmağa tələsmir.
Ərəb tələbələri 700 dollar alır
Ölkəni inkişaf etmiş dünya ilə müqayisə etməyi xoşlayan YAP rəsmiləri inqilabların baş verdiyi, yaxud üsyanların davam etdiyi ərəb ölkələrindəki durumla bağlı da fikir söyləməyi unutmur. Onlar bu üsyanların sosial şəraitin ağırlığından baş verdiyini deyir. Lakin son bir neçə gündə apardığımız müqayisələr bu fikrin də həqiqətdən uzaq olduğunu göstərir. Ən azı ona görə ki, bu ölkələrin hər birində bütün təbəqələrə göstərilən diqqət Azərbaycanda olduğundan xeyli yüksəkdir. Tələbələr də istisna deyil.
Məsələn, Omanda tələbələr 170 avro təqaüd alır. Liviya və Səudiyyə Ərəbistanında bu göstərici 700 dollardır. Küveytdə isə subay tələbələr 700, ailəlilər isə 1200 dollar təqaüd alır. Qeyd edək ki, bu dövlətlərdə qiymətlər xeyli ucuz, yaşayış minimumu isə çox aşağıdır.
Gördüyünüz kimi, növbəti müqayisəmiz yenə də Azərbaycan hökumətinin əhaliyə göstərilən qayğı ilə bağlı dediklərinin yalan olduğunu üzə çıxardı…
Fizzə Heydərli