Avstriyada Azərbaycan məhkəməsi

Avstriyada Aazərbaycanla bağlı məhkəmə prosesi başlayıb – adımızın dünyaya tanıdılması baxımından necə də sevindirici soraqdır. Olduqca sevindirici soraqdır: rejim indi bizi ünlü Iohann Ştrausun, Stefan Sveyqin ölkəsində gərəyincə tanıdacaq – korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ çevrildiyi ölkə kimi! Axı, qabaqdan Xocalı soyqırımının ildönümü gəlir! Avstriyanın başkəndi Vyanada Azərbaycanla bağlı keçirilən indiki məhkəmə prosesini Xocalı soyqırımının ildönümünə rejimin ən sanballı sovqatı saymaq olar.

Çox-çox illər bundan qabaq, 90-cı illərin sonunda, “Azadlıq”da bir səhifəlik yazım çıxmışdı. Indiyədək “Azadlıq”da çox birsəhifəlik yazım çıxıb, çoxunu da unutmuşam. Indi dediyim bir səhifəlik yazını adına görə andım. Yazının adı nə olsa yaxşıdır: “Avstraliyada Azərbaycan məhkəməsi”. O çağlar, ata Əliyev dönəmində, Avstraliyada Azərbaycanla bağlı məhkəmə olmamışdı. O ad jurnalist fantaziyası idi. Aradan illər keçib, ortaya oxşar ad çıxıb: Avstriyada Azərbaycan məhkəməsi. 15 il qabaq yazdığım fantastika kimi görünürdü, indi… gerçəklikdir. Əliyevlər illərdən bəri çox öyündükləri “uğurlu neft-qaz strategiyası” axarında çox da böyük, qlobal uğurlar qazanıblar – indi Avstriyada Azərbaycanla bağlı gedən məhkəmə prosesindən də göründüyü kimi, onlar Azərbaycanda DÖVLƏT SIYASƏTINƏ çevirdikləri korrupsiyanı Azərbaycan sınırlarından çıxararaq bütün dünyaya yaymaqda, başqa ölkələrdə də DÖVLƏT SIYASƏTINƏ çevirmək yolundadırlar!

Avstriya Baş Bankının törəmə şirkəti ilə Azərbaycan Milli Bankının başqanlığı arasında 10 milyonlarla avroluq rüşvət-korrupsiya işi üzrə məhkəmə prosesi başlayıb. Bu iş üzrə indiyədək soruşdurmaya çəkilən 9 adamı kriminal qruplaşma yaratmaq, mənimsəmə, rüşvət, kirli pulların yuyulması suçlaması ilə adambaşına 10 ilədək tutuqlanma gözləyir. Əliyevlər Azərbaycanı üçün günün saya gerçəklərindən olan sözügedən faktlar Avstriya kimi hüquq dövlətlərində dövlətin özülünü sarsıtmaq kimi dəyərləndirilir. Azərbaycanda dövlət qurumları bütünlüklə rüşvət-korrupsiya içində olduğundan burada 10 milyonlarla avroluq yeyinti-mənimsəmə dövlətə “qorxu” törətmir. Bizdə fermer banka RÜŞVƏT-ŞAPKA vermədən kredit əldə edə bilməz. Bizdə fermer aqrolizinqə RÜŞVƏT-ŞAPKA vermədən azot gübrəsi əldə edə bilməz. Bizdə ata-ana müəllimə RÜŞVƏT-ŞAPKA vermədən uşağını oxuda bilməz. Bizdə xəstə həkimə RÜŞVƏT-ŞAPKA vermədən sağalmaq hüququ qazana bilməz. Butün bu görsənişlərsə, bəlli olduğu kimi, ölkədə 11 ildən bəri SOSIAL DÖVLƏT quran prezidentin ayıq-sayıq gözətimi-kontrolu altında baş verir.

Avstriya məhkəməsində çıxış edən prokurorun dediyinə görə, yuxarıda sözügedən rüşvət-korrupsiya işinə Azərbaycan diplomatları da qarışıblar: “Bütün bunlardan başqa, Azərbaycan diplomatları birbaşa qadının vətəni (rüşvət işinə qarışdırılan qadın. – X.B.) Rumıniyada görünərək pulların ”yubanmadan” nağd ödənilməsini istəyiblər. Sonucda pullar… plastik meşoklara doldurularaq Bakıya göndərilib”. Məhkəmə işində Panama, Vircin adaları kimi çox ünlü adların da ortaya çıxması istər-istəməz Əliyevlər ailəsinin o yerlərə bağlılığı faktını yada salır. Üstəlik, diplomatların açıq-aydın kriminal xarakterli bir işə qarışmaları avstraliyalı prokurorun açıqladığı mənimsəmə faktında Azərbaycan Milli Bankının ən aşağı instansiya rolu oynadığını göstərir. Başlanğıcda başlıca çəkişmə predmeti maliyə maxinasiyası olan bu məhkəmənin sonradan siyasi xarakter alması perspektivi çox böyükdür. Bəlli olduğu kimi, indiyədək bir çox böyük savaşlar diplomatik uğursuzluqdan sonra başlayıb. Indilikdə isə ortada diplomatik uğursuzluqla yanaşı, diplomatik kriminal da var.

I.Ştrausun ən populyar əsərlərindən biri “Vyana meşəsinin nağılları” adlanır. Indi Vyanada Azərbaycan MEŞƏSININ nağılları geniş populyarlıq qazanmaqdadır…