Bəs deyirdin xalqın xidmətçisiyəm….

Mərhum prezident Əbülfəz Elçibəy 1992-ci ildə ona verilən şəxsi mənzildən imtina etdi. Milli-azadlıq hərəkatının lideri bu addımını bu cür əsaslandırdı – “minlərlə qaçqını (o zaman Qarabağ işğal olunmamışdı – X.Ə.), evsizi olan bir ölkənin prezidentinin şəxsi mənzildə yaşamağa haqqı yoxdur. 

O vaxtdan 20 il keçib, milyondan çox məcburi köçkünümüz və o qədər də evsiz-eşiksiz ailələrimiz var.  

20 ildir ki, dövlət vətəndaşları üçün yaşayış binaları tikmir, amma Bakıda “tikinti bumu” ara vermir ki, vermir. Nazir-oliqarxlar, iri məmurlar isə dayanmadan büdcədən oğurladıqları pullarla şəxsi yaşayış binaları tikdirir. 

Ilham Əliyevin xalqın xidmətçisi (!) kimi qələmə verdiyi bu məmurlar, kvadratmetri 70-80 manata başa gələn mənzilləri, 10 dəfə baha qiymətdən başlayaraq əhaliyə təklif edirlər. Əhali sözün əsl mənasında bu mənzilləri almağa məhkum edilib. Bəli, mənzillər satılır və hakimiyyət bunu inkişaf kimi gözə soxmağa çalışır. Amma statistika əksər alıcıların ölkə xaricində yaşayanların olduğunu deyir. Statistika “kədərlə” onu da əlavə edir ki, 9 milyonluq xalqın 3 milyona yaxın iş qabiliyyətli hissəsi ölkədən xaricdə yaşayır.  Azərbaycandakı minimum əmək haqqı ilə bu mənzilə sahib olmaq üçün orta hesabla 60 il tələb olunur, özü də bu məbləğin qəpiyinə toxunmadan. 

Bu da azmış kimi, paralel olaraq, sadə insanların sovet döründə əldə etdiyi sığınacaqlar zəbt edilir, yerində “novostroykalar” tikilir. Verilən kompensasiya isə, şəhər kənarında belə ev almağa yetmir. Etiraz edən xalq isə qarşısında dövləti görür… “Xutor”dan sonra “Sovetski” də eyni aqibəti yaşayır. 

…Çox güman ki, “Sovetski”ni də oliqarx-məmurlar, daha dəqiq desək, xalqın “xidmətçiləri” bölüşdürüb. Qismət olarsa, bir-iki ildən sonra burada onların “novostroykalar”ı ucalacaq. Adları (!) da təxminən belə olacaq – “Oqtay Əsədovun binaları”, “Kəmaləddinin ”novostroykaları”, “Ramiz Mehdiyevin ”evi” və əlbəttə ki, bir nömrəli xidmətçiyə birbaşa aid olmayan (!) “prestijni” məhəllə… Hələlik, olqarx-xidmətçilər prosesə kənardan nəzarət edirlər. Maklerləri iş başındadır. Şəhərin mərkəzi olduğu üçün qiymətlər də ən azı 3 min manatdan başlayacaq. Təsəvvür edin, 16 mərtəbəli bina, hər mərtəbəsində də 40-a yaxın mənzil…

Bunun əvəzində Sovetski əhalisi “xidmətçi”lərindən nə istəyir? Demək olar ki, qəpik-quruş, daha doğrusu, birinci mərtəbənin pulunun yarısının yarısını… Hamıya məlumdur ki, yeni tikililərin ilk mərtəbəsi “pod obyekt” üçün təzərdə tutulur və bir kv.metri mənzilin qiymətindən bir neçə dəfə bahadır. Məkanın “Sovetski” olduğunu nəzərə alsaq, təkcə birinci mərtəbənin satışından əldə olunan məbləğlə bütün “Sovetski”ni razı salmaq mümkündür. Amma bu baş verməyəcək, rejim geri addım atmayacaq. Bu, hakimiyyət üçün ölüm-dirim məsələsisdir. Insanların öz haqqını “zorla” əldə etməsi  heç də yaxşı olmayan ənənələrə gətirib çıxara və bu da gələcəkdə qarşısıalınmaz prosesə çevrilə bilər. Problemin ikinci həll yolu, yəni ədalətli kompensasiya isə, hakimiyyətə sərf eləmir. Bir addım belə geri çəkilməyə adət etməyən rejim, ən azı bu dəfə güzəştə getməlidir. Çünki bu nə qiymətlərin bahalaşması, nə monopoliya, nə də yerlibazlıqdır ki, əhali birtəhər dözsün. Bu, minlərlə insanı son sığınacaqdan məhrum etməkdir, onları qışın bu oğlan çağında çölə tökməkdir. Rejimin acgözlüyü ölkə vətəndaşlarını itaətsizliyə  sürükləyir, bu ilk növbədə iqtidar üçün təhlükəlidir… 

Dünən “Sovetski” sakinlərinin mitinqində sakinlərdən biri, ümumi kütlənin əhval-ruhiyyəsini təsirli bir şəkildə ifadə etdi: “Biz bayır şəhərlilərik. Bura kənardan gəlməmişik. Bizim babalarımız burda yaşayıb. Biz də övladlarımızın, nəvələrimizin burada yaşamasını istəyirik. Indi bizi evimizdən çıxartmaq istəyirlər…. Real qiymətlərə uyğun olmayan kompensasiya ilə heç vaxt razılaşmayacağıq”…

Yadıma məhşur Hollivud rejissoru və aktyoru Mel Gibsonun 2006-cı ildə çəkdiyi möhtəşəm “Apokalipsis” filmindəki viran edilmiş qəbilə sakininin, eyni zamanda filmin baş qəhrəmanının tükürpədici monoloqu düşdü. Təxminən iki min əvvəl mayyalı da “Burada mənim babam ov edib, burada mən ov edirəm və övladlarım, nəvələrim də burada ov edəcək” deyə yadelli düşmənlərə meydan oxuyurdu. 

O vaxtdan isə… təxminən iki min il keçir…