“Xalqın bir nömrəli xidmətçisi”

Düzgün professiya seçimi olduqca önəmlidir. Professiyanı düzgün seçsən, qarantiyalı yaşam qazanmış olarsan. Açığı, düzgün professiya seçimi baxımından mənimki gətirməyib. Lap çoxdan – orta oxulda oxuduğum çağlardan – jurnalist olmaq istəmişəm, olmuşam. Bu gün mən jurnalist olaraq yalnız ölkə içində deyil, ölkə dışında da tanınıram. Bunu dünyanın bir çox yerlərindən elektron poçtuma gələn məktublar da göstərir. O məktubların bir çoxunda mənim jurnalist üstünlüklərim öyülür. Ancaq… nə olsun? Mən jurnalistikada quruca ad-sandan savayı nəsə qazanmadım, qazana bilmədim. Indi, yaşın keçən çağında, anlamışam: mənim professiya seçimim düzgün olmayıb.

“Azərbaycan prezidenti adlanan” Ilham Əliyevin bugünlərdə olduqca dəyərli, mən deyərdim, unudulmaz, üstəlik, adamı kövrəldən bir çıxışı oldu. “Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına həsr olunmuş” (dilə baxın!) yığıncaqdakı çıxışında I.Əliyev özünü “xalqın birinci xidmətçisi” adlandırdı, sonra da bütün dövlət qulluqçularını ondan “nümunə” götürməyə çağırdı. Aradan çox keçib, ancaq mən hələ də o çıxışın etkisi altındayam. Düzü, elə bu etki altında da başlanğıcdan yanıldığımı, özümə düzgün professiya seçmədiyimi anladım. Görün Moskva ilə Kiyev arasında “beynəlxalq münasibətlər institutunu” bitirmiş I.Əliyev özünə necə gözəl professiya seçib: “Xalqın birinci xidmətçisi”!

Bəlli olduğu kimi, bu düzgün seçim ona bütün dünyanı başına götürən ad-sanla yanaşı, bir də dünyanın bu başından o başına tükənməz var-dövlət, milyardlarla pul qazandırıb!

Burası da bəlli olmamış deyil: I.Əliyev indiki düzgün seçimini Azərbaycandakı 1993-cü il çevrilişindən sonra eləyib. O çağadək o, Xalq, Ölkə nə olduğunu bilmədiyindən Azərbaycandakı suverenlik çarpışmalarına, Qarabağ uğrunda savaşa qatılmaq nədi, gözünün ucuyla da baxmayıb. O çağadək o, Moskvada kiçik bizneslə uğraşıb. 1993 çevrilişindən sonra I.Əliyev kiçik bizneslə biryolluq üzülüşərək Azərbaycana gəlib. Gələn kimi də “xalqın birinci xidmətçisi” statusunu əldə etmək üçün Dövlət Neft Şirkətində BIRINCI vitse-prezident olub. Sonra da o, “xalqın xidmətçisi” platformasında gəlib dövlət başçısı – prezident postuna yiyələnib, özü də “daxili”, “xarici” düşmənlərdən sonadək qoruna bilsə, biryolluq yiyələnib.

“Xidmətçi” “çi” şəkilçisini çıxmaqla, ərəb sözüdür. Sözlükdə “xidmətçi” sözünə belə açıqlama verilir: “Zehni və ya istehsalatla bağlı olmayan fiziki əməyin müxtəlif sahələrində maaşla xidmət edən adam; qulluqçu”. Indilikdə azacıq da olsa, yerinə düşmədiyindən “maaşla xidmət” anlayışını çıxırıq. Ortada qalır eləcə “xalqın birinci xidmətçisi” anlayışı – I.Əliyevin özünə düzgün olaraq seçdiyi professiya. Bu düzgün seçim ona 21 illik hakimiyyətləri boyunca nələr qazandırmayıb: Azərbaycanın yeraltı, yerüstü var-yatırını, Dubayda 75 milyon dollarlıq mülklər, ofşor zonalarda 48 milyard dollar pul, sonra da Rusiyadan, Çexiyadan, Ingiltərədən Amerikayadək milyarddlar. Regionların sosial-iqtisadi inkişaf proqramlarına gəlincə, statistikaya görə, bu 10 illik proqram 51 milyarda başa gəlib. “Sosial-iqtisadi inkişaf” adına hər rayonda 10 ildə bir prospekt, bir park sökülüb-tikilib, tikilib-sökülüb…

“Xalqın birinci xidmətçisinin” dediyinə görə, Azərbaycanın rayonlarının “əksəriyyəti” dotasiya ilə yaşayır. 70 illik Sovet hakimiyyəti boyunca Azərbaycanın rayonları o boyda Sovet dövlətini yaşadıb, indi özü dotasiya ilə yaşamalı olur. Prezident seçkisi qabağı “xalqın birinci xidmətçisi” rayonlara 2-3 milyon arasında “dotasiya-xidmət” pulları ayırdı. Rayonlarla daha yaxın ilişkilər qurmaq üçün “xalqın birinci xidmətçisi” bu yaxında özünə bir neçə uçağın üstündən 245 milyona daha bir uçaq aldı. ANS “xalqın birinci xidmətçisi” nominasiyasında ona bu il də birinci yer verəcək…