Dubinkalı demokratiya

Elə bu gün ən böyüklərinə nüfuzlu bir Qərb mətbuatından Azərbaycanda demokratiyanın durumu barədə sual versələr, bir saat sərasər onun varlığından danışar.
Imkan yaratsalar, BMT Baş Assambleyasının tribunasından Azərbaycanda demokratiyanın çiçəklənməsi barədə mühazirə oxuyar.
Istəsələr, saxta yolla seçdikləri deputatları cəm edib yekdil qərarla Azərbaycan Respublikası söz birləşməsinin ortasına Demokratik kəlməsini də pərçimləyərlər (Şimali Koreya Demokratik Respublikasını yadınıza salın).

Başqa yolları da yoxdur, zatən.
Gerçək demokratiya bərqərar olsa, cinayətləri faş olar, səltənətləri dərhal çökər.
Odur ki, rəva bildikləri DUBINKALI DEMOKRATIYAdır.
Rejim 2 aprel günü fəlsəfəsini açıqca bəyan etdi.
Isbatladı ki:
– əli dubinkalı, qaz avtomatlı, elektroşoklu polis onun ağ ciyərləridir;
– ordu isə döyünən ürəyidir.
“YAP iqtidarı polisin və ordunun hesabına yaşayır” deyənlər, əsla səhv etmir.
2 apreldə bir daha öz təsdiqini tapdı bu.
Minlərlə polis müxalifətin aksiyasına səfərbər edildi.
Yüzlərlə qoçu polisin arxasında səf durdu.
O gün polislərin və qoçuların müxaliflərlə rəftarında xüsusi bir QƏDDARLIQ sərgilənirdi.
Təsir əks-təsir yaradır, bu, bir aksiomdur.
Odur ki, o qəddarlıq “AZADLIQ” hayqıranın içində NIFRƏT adlı silah formalaşmasına səbəb olur.
NIFRƏT dubinkadan da, avtomatdan da güclüdür.
Və onunla xalqın əksəriyyəti silahlansa, vay bu rejimin halına.
Etiraf edək, haliyədə NIFRƏT QORXU ucbatından lal təzahür etsə də, bir gün o danışacaq, kükrəyəcək.
Bu bir həqiqətdir.

Nədən ki, Allah insanı elə xəlq etdi ki,  o, əbədi olaraq qorxunu içində yaşaya bilməz.
BIR GÜN içindəki NIFRƏTin əmri ilə QORXUdan yaxa qurtarmağa qərar verəcək.
2 apreldə rejimin hərəkətləri xalqın o “BIR GÜN”ə qovuşmasını sürətləndirirdi.
2 aprel Azərbaycan tarixinə yazıldı.
2 aprel hər bir Azərbaycan vətəndaşının beynində dərin izlər buraxdı.
Macal tapıb Fəvvarələr meydanına girə bilmiş yüzlərlə azadlıqsevər də, Bakının mərkəzinə giriş-çıxışı nəzarətə götürmüş saysız-hesabsız polis də, meydandan kənarda qalmış minlərlə müxalif də, rahat kabinetlərdə gözü və qulağı meydana dikilmiş rüşvətxor məmurlar da o günü heç bir vaxt unutmayacaq.
2 aprel hələ çox çözüləcək.
2 aprel ən azı “bu hakimiyyət əbədidir” deyib əlini hər şeydən üzən pessimistləri yenidən götür-qoya vadar etdi.
2 aprel həm də “bu hakimiyyət əbədidir” düşünərək, milyonlar üstündə rahatca əyləşmiş cinayətkar zümrəni vahiməyə saldı.
Sabah nə olacaq?
Indi bu sual hamının başında fırlanır.
Sabah NIFRƏTlə silahlananların sayı artacaq.
Növbəti bir “2 aprel” gələcək.
Sonra NIFRƏTlə silahlananların sayı daha da artacaq.
Və yeni bir “2 aprel” görünəcək.
Mən belə düşünürəm.
Nədən ki, rejim xalqa doğru ciddi bir addım atmayıb, atmır və atmayacaq da.
Nə köklü iqtisadi-siyasi islahatlara gedəcək, nə də bu xalqa demokratiya verəcək…
Demokratiya xalqın hakimiyyətidir.
Xalqın hakimiyyəti isə şəffaf seçki ilə formalaşır.
Bu rejim şəffaf seçki keçirmək iqtidarında deyil.
Başqa sözlə, hakimiyyətin xalqın əlinə keçməsinə əsla razı olmaz.
Belə bir durumda düşünmək növbəsi millətindir.
Sənə hansı demokratiya sərf edir, özün saf-çürük et.
Gerçək demokratiya, yoxsa dubinkalı demokratiya?