Yaxud Xədisə İsmayılın yenidən ictimailəşdirdiyi sənəddəki hamıya bəlli tipi AXCP-yə bağlamaq hansı ağılın məhsuludur?
Jurnalist Xədicə Ismayıl ötən gecə “facebook” səhifəsində paylaşdığı bir materialla növbəti “casus skandalına” vəsilə olub. Jurnalistin paylaşdığı material Milli Təhlükəsizlik Nazirliyinin Məxfi Şöbəsi tərəfindən hazırlanan hesabat xarakterli, A4 ölçülü yazının foto-surəti idi. Bu hesabat konkret bir şəxs barədə kapitan Samir Şükürovun öz rəisinə etdiyi məruzədir.
Orada göstərilib ki, Xədicə Ismayılın etik bilmədiyinə görə adını pozduğu şəxs 2003-cü ildə ələ alınıb. 2011-ci ilin aprelində həmin şəxslə yenidən görüş keçirilib, yeni razılıq əldə olunub. Razılığa əsasən, o şəxsə aylıq 600 manat pul veriləcək, əvəzində o da müxalifətin yaratdığı birliklərə zərbə vurmaq, parçalayıcı təsir göstərmək öhdəliyi götürür. Beləliklə, bu şəxs MTN üçün informator vəzifəsi ilə məsuliyyətləndirilir.
Xatırladaq ki, Xədicə Ismayılın paylaşdığı material ilk dəfə 2011-ci ildə “facebook”da yayılmışdı. O zaman agentliyə cəlb edilmiş adamın adı da açıq yazılmışdı. “Facebook” istifadəçilərinin xeylisi, o cümlədən bəndəniz o agenti tanıyır. Adını özüm yazmıram. Xədicə Ismayıl yaydığı materialı bu qaydada təqdim edib: “2011-ci ildə belə bir kağız parçasının şəklini göndərdilər mənə. Göndərən də Mirsaleh müəllim kimi keçmiş MTN işçisi idi. Niyə göndərdi, nə məqsəd güdürdü, bilmirəm. Amma bu kağız parçasının şəklini sənəd adlandırmaq üçün onun həqiqiliyini yoxlamaq imkanım olmadığından qaldı qaldığı yerdə. Bu gün ANS telekanalında yekə-yekə danışırdılar MTN haqqında. Busuz da siz. Mənə göndərilən variantda adların və detalların üstü pozulmayıb. Mən pozmuşam ki, heç kimə qara yaxılmasına vasitə olmayım”.
Işin maraqlı cəhəti ondan ibarətdir ki, hökumətin nəzarətində olan mətbuat bu xəbəri AXCP əleyhinə yönəltməyə təşəbbüs göstərib. Onlardan biri belə yazır: “Məktub MTN-nin daxili kəşfiyyat rəisinə ünvanlanıb və kiminsə ələ alınmasından bəhs edir. Xədicə Ismayıl həmin adamın adını pozub. Lakin belə məlum olur ki, söhbət hansısa AXCP üzvündən gedir”.
Necə, nəyə əsasən məlum olur ki, müxalifəti dağıtmaq istəyən agent AXCP üzvüdür? Bu yöndə heç bir izah yoxdur. Görünür, bu nə hikmətdirsə, qeybdən, ancaq AXCP-yə böhtan atmağa hazır olan redaktora əyan olur.
Bəli, Xədicə Ismayılın paylaşdığı materialda göstərilib ki, ələ alınan şəxs Xalq Hərəkatında iştirak edib, AXC-nin fəal üzvlərindən olub. Ancaq nə qədər avam olmaq lazımdır, bu gün üzdə olan siyasi partiyaların az qala, hamısının AXC şinelindən çıxmadığını bilməyəsən? Bu gün YAP da daxil olmaqla, istənilən partiyada AXC üzvü olan şəxs tapmaq mümkündür, realdır. Bu minvalla həmin şəxsləri AXCP üzvü adlandırmaq, ancaq ya kifayət qədər naşı adamın, ya da təxribatçı, qərəzkarların işi ola bilər.
Xədicə Ismayılın ictimailəşdirdiyi materialın məzmunundan da aşkar görünür ki, ovlanan şəxs müxalifət birliklərində nifaq salmaq üçün vəzifələndirilib. Bu gün müxalifət daxilində baş verənləri, AXCP-nin rolunu və missiyasını analiz edən hər kəsə aydındır ki, bu partiya birlik üçün hansı fədakarlıqlara gedir. Bu gün AXCP üzərinə kölgə salmaq üçün Xədicə Ismayılın statusunu təhrif edərək yayan şəxslər özlərinə və dostlarına yaxşı nəzər yetirməlidir. Axı müxalifətin parçalanması, Milli Şuranın dağıdılması üçün onların qopardığı mərəkənin səs-küyü qulaqlardan heç çəkilməyib.
Sonda qətiyyətlə bildirirəm ki, yayılan materialdakı şəxs nəinki AXCP-dədir, əksinə, daim bu partiyaya, onun liderinə qarşı olduqca aqressiv və qərəzli münasibətilə seçilən tiplərdən biridir.