ziya-samir

İki nazirlik arasında kompensasiya çəkişməsi

Maliyyə naziri Samir Şərifov nəqliyyat naziri Ziya Məmmədovu saymır

Maliyyə Nazirliyi ilə Nəqliyyat Nazirliyi arasında kompensasiya çəkişməsi yaşanır. Bu, Binəqədi rayon sakini Elşad Əliyevin “Reytinq” qəzetinə ünvanlandığı şikayətdən məlum olub. Şikayətçi yazıb ki, 2007-ci ildə Nəqliyyat Nazirliyinin sifarişi ilə deputat Cavid Qurbanovun rəhbərlik etdiyi “Azəryolservis”in icra etdiyi “Bakı Dairəvi Avtomobil Yolu” layihəsi ilə bağlı həyat yoldaşı Zemfira Əliyevanın adına olan obyekt sökülüb.
Elşad Əliyev 4 il mübarizə apardıqdan sonra Nəqliyyat Nazirliyi məhkəmə qərarı ilə bu obyektə kompensasiya ödəyib.”Nəqliyyat Nazirliyi məhkəmə qərarı ilə 1 milyon 107 min 844 manat kompensasiya ödəsə də, prezidentin 2007-ci ildə verdiyi fərmana əsasən əlavə 20 faiz kompensasiya tələbinə məhəl qoyulmur. 699 saylı həmin fərmana əsasən, dövlət ehtiyacı üçün alınan daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməlidir. Bu haqq ödənilmədiyinə görə məhkəməyə üz tutduq. Bakı Apelyasiya Məhkəməsinin 21 sentyabr 2012-ci il tarixli qətnaməsi, Ali Məhkəmənin 13.02.2013-cü il tarixli qərarı ilə haqlı olduğumuz sübuta yetirildi. Yəni, 20 faiz əlavə pul ödənilməlidir. Lakin Nəqliyyat Nazirliyi rəsmi şəkildə bəyan edib ki, bu məbləğin ödənilməsi üçün Maliyyə Nazirliyi vəsait ayırmalıdır”.
Elşad Əliyevin sözlərinə görə, Maliyyə Nazirliyi həmin məbləği müxtəlif bəhanələrlə ödəmir. Məhkəmə qərarlarına, ölkə başçısına, baş prokuror Zakir Qaralova ünvanlan müraciətlərə və Ziya Məmmədovun rəsmi məktublarına məhəl qoyulmur: “Məsələ ilə bağlı prezidentə və baş prokuror Zakir Qaralova məktub yazmışam. Maliyyə Nazirliyinin aparat rəhbəri Namiq Süleymanov isə bu məktublara qeyri-müəyyən cavablar verməklə, problemi Nəqliyyat Nazirliyi ilə əlaqələndirir.
Namiq Süleymanov məni nazirliyə dəvət etdi. Lakin nə onun özü, nə də nazir bizi qəbul elədi. Maliyyə Nazirliyinin Cavanşir, Xaliq və digər işçiləri bizi qəbul edərək, hədələməklə yanaşı, Ziya Məmmədovun məktubları və məhkəmə qərarları ilə bağlı istehzalı sözlər işlətdilər”.