Dubaylaşma Bakının nəyinə?..

“Bakının görkəmini ən çox korlayan tikili hansıdır?” – deyə soruşsanız, heç düşünmədən üç əcaib bina ilə kompozisiya adına uydurulmuş “Alov qüllələri”nin adını çəkərəm. Həqiqi anlamda, bu dinozavra bənzər üçlük bir zamanlar zərif memarlıq üslubunda inşa olunmuş paytaxtın başına daş salan yad ünsür kimi dikəlir şəhərin ortasında. Hələ bu eybəcər üçlüyü şəhərin yeni simvolu da elan edirlər. Qız Qalası canlı olsaydı, bu haqsızlıqdan özünü  qaladan atardı.

Bu göz ağrıdan “kompozisiya”ya necə böyük pullar xərcləndiyi barədə mübahisə etməyə dəyməz. Amma yaxın günlərdə  qüllələrin birində yerləşən “Fairmont Baku”nın təqdimatını keçirən Adrian Ellis deyib ki, təkcə otel 1 milyard dollarlıq investisiya hesabına başa gəlib. Gerisini özünüz düşünün. Cənab Adrian onu da deyib ki, Bakı investisiyalar sayəsində sürətlə inkişaf edərək, yeni Dubaya çevrilməkdədir. Onun sözlərinə bir az düzəliş etmək istəyirəm. Paytaxtımız bu eybəcər modernləşmə sayəsində yeni Dubaya deyil, insanın ruhunu əzən xarabaya çevrilməkdədir. Bəli, bu zövqsüz və görməmiş modernləşmə, bəlkə də, Bakının tarixən başına gəlmiş ən böyük qəzadır. Həm də ona kəsilmiş ən böyük cəza…

Bu görməmişlikdən qaynaqlanan qəza və cəzanın əsasında bir şey dayanır – böyük neft pulları. Qədim Bakı təxminən yüz il əvvəl də belə bir bumun şahidi olub. Amma xarici neft şirkətlərinin bura axışdığı, yerli neft milyonçularının yetişdiyi o dövrdə tamam fərqli şeylər baş verib. Paytaxt sözün əsl mənasında estetik memarlıq nümunələri ilə bəzənməyə başlayıb. O dövrdə tikilən və indiyə qədər öz gözəlliyini qoruyub saxlayan binalar şahidlik edir həmin tarixə. O binalar ki, inşası ilə şəhərə təkcə memarlıq zərifliyi deyil, ümumi bir sənət ruhu, musiqi, teatr, kino nəfəsi gətirib. Bakının həyatında yeni bir səhifə açılıb neft milyonlarının gəldiyi o tarixdə. Tağıyev başda olmaqla, Muxtarov, Nağıyev, Mayılov, Əsədullayev, Dadaşov kimi mesenat milyonçular bəhsə giriblər şəhərin ən mükəmməl sənət əsərlərinin tikilməsinə pul xərcləməkdə.

Indiki “dubaylaşma” hansı estetikadan, hansı sənət zövqündən xəbər verir ki? Bir-birinin qarnına girmiş kibrit qutusuna bənzər standart beton göydələnlər paytaxta hansı yeni görkəmi gətirib? Bəs kiminsə eybəcər fantaziyası ilə yumurta, armud, ilbiz və daha hansı formalarda inşa edilən “sənət inciləri”? Mən memar deyiləm, amma bu halında Bakını ölümünə fərman verilmiş şəhərdən başqa bir şeyə bənzətməzdim. Hələ burada doğulub-böyümüş, bütün xatirələrinə bu şəhərin havası hopmuş insanların ürəyindən necə qara qanlar axdığını demirəm…

Əslində, buranın yaşlı sakinləri Bakı atmosferinin pozulmasının Içərişəhərin yabançılaşdırılması ilə başlandığını doğru deyirlər. Paytaxtın ruhu olan Içərişəhərdən məcburi köçürülmələr və qədim abidələrin dağılması ilə əsası qoyulub bu siyasətin. Buradakı qədim məhəllələrin tarixini silib, sakinləri şəhərin künc-bucağına “sürgün” ediblər. Onların əllərindən alınan “köhnə” mülklərin yerində də özlərinə biznes qurublar. Yeni ofislər tikib hamısını xarici şirkətlərə icarəyə veriblər. Bu gün tarix və mədəniyyətimizin təbliği bəhanəsilə əcnəbilərin Içərişəhərə doldurulmasının kökündə də məhz biznes məqsədləri dayanır.

Bugünlərdə artıq bakılıların qədim məhəlləsi “Sovetski”ni də sökməyə başlayıblar. Təbii, istifadə müddətini çoxdan başa vurmuş bu məhəllənin sökülməsi çoxdan gözlənilirdi. Amma indiki söküntü paytaxtın qədim sakinlərinin kabusuna çevrilib. Indi də bu ərazidən köçürülən insanlara yaşadıqları mənzil haqqı olaraq ödənilən sadəcə qəpik-quruşdan ibarətdir. Halbuki, bu ərazi hər zaman şəhərin ən bahalı yerlərindən sayılıb. Kim bilir, bu boşaldılan ərazidə neçə milyarda başa gələn hansı “Dubay qüllələri” ucaldılacaq? Axı bu əcaib-qəraib dubaylaşma haradan çıxdı? Bizim qədim, binaları biçimli, dəniz qoxulu Bakı özümüzə yetərdi…