Korları təhqir edən inkişaf

…Bu yazıya başlamazdan öncə Azərbaycan Korlar Cəmiyyəti ilə əlaqə saxladım. Məlum oldu ki, bu cəmiyyətin 6 minə yaxın üzvü var. Ümumilikdə götürdükdə isə, ölkədə 40 minə yaxın insanın gözləri zəif görür, yaxud da bu və ya başqa göz xəstəliklərindən əziyyət çəkir. Sualıma cavab verən insanların səmimiyyətindən ürəklənərək, onlara bir neçə sual da verdim. Suallarımdan biri belə idi, – “tez-tez nəyisə görməyən, yaxud da görmək istəməyən şəxsə, təhqiramiz şəkildə korsan deyirlər, buna münasibətimiz”. 

Etiraf edim ki, hər cür cavaba hazır idim, “allah bəlalarını versin, onları da bizim günümüzə salsın”, hətta söyüşə də…

Gözdən əlil olan xanım mehriban bir səslə dedi: “Əlbəttə, təsir edir, bu ifadələri eşidəndə özümüzü təhqir olunmuş, lazımsız bir insan kimi hiss edirik. Çox istərdim ki, ”kor” ifadəsini yeri gəldi-gəlmədi işlətməsinlər. Yəqin bilməmiş deyilsiniz, bizim hissiyatımız çox güclüdür”. Xanım düz deyir. Onlar çox həssas olurlar, ətrafı daxili orqanları ilə görür, eşidirlər… Mən bu yaxınlarda 20 ildir görmədiyim və gözləri tamamilə görməyən bir tələbə yoldaşıma zəng etdim, salamdan sonra, məni… səsimdən tanıdı…

Bu cür insanları, demək olar, hər gün təhqir edən iqtidar rəsmiləri ən azı Allahı gözləri önünə gətirməlidirlər. Buradan deputat və məmur hacılarımıza səslənirəm, ayıbdır, utanmırsınız, heç olmasa siz susun. 

Çox təəssüflər olsun ki, tez-tez hörmətli Şeyximizin qudası Hacı Qalib Salahzadənin də dilindən oxşar kəlmələri eşidirik. Inkişafın olub-olmaması cəhənnəmə, Allahın günahsız bəndələrinin burada nə günahı var?..

Dindar hacı məmur və deputatları xüsusi şəkildə ittiham etməyimin səbəbi onların axirətə başqalarından daha çox inanmaları və yaxud da bunun imitasiyası ilə bağlıdır. Onların nəzərinə çatdırım ki, mələklər də məlum qapıların önündə bu barədə də sual verəcəklər. Indidən dua edin ki, bunun cəzasını elə bu dünyada çəkəsiniz, mələk sözü sizi aldatmasın. 

Ən azı inkişaf olsaydı, yenə dərd yarıya enərdi, deyərdik ki, insanlar nanəcibdir, onu görmürlər, rejim məmurları da çıldırmaq dərəcəsinə gələrək, kontrolu itirirlər.

Inkişaf deyəndə rejim məmurları ilk növbədə… özlərini nəzərdə tuturlar. Ölkədə fəlakət səviyyəsinə çatdırılan yaşayış minimumları sosial partlayışa aparır. Kvadratmetri 70-80 manata başa gələn mənzilləri, məmur-oliqarxların vətəndaşlara hansı qiymətlərə satmasını götürək. Bunu etmək üçün xalqla düşmən olmaq belə azdır, bu nəsə fövqəladə, elmə məlum olmayan münasibətlər toplusudur. Adi turş alçanın bir kilosunu 400 manata satışını götürək. Hamı bilir ki, qış vaxtı yalnız hamilə qadınların ürəyi bu təamı istəyir. Aylıq maaşı 300 manat olan vətəndaşı bu cür sınağa çəkmək nə kişilikdəndir, nə də insanlıqdan. Bunu “görməyənlərə” kor desək, yəqin ki, bizdən kimsə inciməz…

Yaxşı bir bəhanə tapıblar, deyirlər ki, ölkədə bazar münasibətləridir, qiymətə müdaxilə edə bilmirik. Amma ölkəyə gətirilən malların kimin nəzarətində olduğunu görmək istəmirlər və özlərini inandırmağa çalışırlar ki, guya xalqın da bundan xəbəri yoxdur. Halbuki insanlar göyərtidən tutmuş ananasa qədər, mismardan tutmuş taxtaya qədər hər şeyin kimin nəzarətində olduğunu gözəl bilirlər. 

Iqtidar özü bilmədən insanları birləşdirir, onları ümumi fəlakətə qarşı mübarizəyə səfərbər edir. Bəziləri, xüsusən də rejimdən bəhrələnən məmurlar, “seçki oldu, hər şey bitdi” ifadəsini təkrarlamağı çox sevirlər. Onlar inanırlar ki, növbəti beş il ərzində bunlara kimsə dəyib-dolaşmayacaq istədiklərini edəcəklər.

Lakin tarix başqa şey deyir. Burada diktatura üçün heç bir zəmanət yoxdur. Bu günə qədər xalqın devirdiyi rejimlərə diqqət edin. Əlahəzrət inqilab seçki müddətini gözləmir, elə devrilmiş prezidentlərin bioqrafiyası buna əyani sübutdur. Hamısının son müddəti yarımçıqdır, kimisinin bir ili “kəm” gəlir, kimisinin üç ili, kimisinin isə… 5 ili. 

Hələlik isə, inkişaf haqqında yalanlara qulaq asmağa məcburuq. Lap tutalım insanlar inandı, bəs sonra nə olacaq, heç düşünmüsüzmü?..

Adı yadımda qalmayan bir filosofun yalan haqqında maraqlı bir fikri var, təxminən belədir: “Eyni qadının aldatdığı kişilərə haradasa qohum da demək olar”. 

Pis çıxmasın, inkişaf haqqında nağıllar da, bir gün 9 milyonluq xalqı bir-birinə qohum edəcək. Elə gözdən əlilləri də…