Məlahət Nəsibova: «Hüseyn Məmmədovla bağlı baş verən hadisə Naxçıvanda artıq insanların son həddə çatdığını göstərir»
Özünü yandıran Naxçıvan şəhər sakini Hüseyn Məmmədovun vəziyyəti nisbətən yaxşılaşıb. Bu haqda Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsindən məlumat veriblər. Məlumata görə, xəstənin vəziyyəti əvvəlki günə nisbətən yaxşılaşsa da, həyatı təhlükəsi hələ də qalır(«azadlıq radiosu»).
Qeyd edək ki, 41 yaşlı Hüseyn Məmmədovunun fevralın 12-də Daxili İşlər Nazirliyinin qarşısında özünü yandırmışdı. H.Məmmədovun intihara cəhd etməsinə səbəb kimi işsizlik göstərilirdi. Adının çəkilməsini istəməyən şahidlərdən birinin sözlərinə görə, öz şəxsi maşını ilə taksi fəaliyyəti göstərmək istəyən Hüseyn Məmmədova polislər mane olurmuş. Bununla bağlı bir neçə dəfə Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədovun qəbulunda olsa da müsbət cavab ala bilməyib. Şahidləri sözlərinə görə, H.Məmmədov sonuncu dəfə fevralın 12-də DİN-də olub və ordan çıxandan sonra özünü yandırıb. Xəstə əvvəlcə Dəri Zöhrəvi Xəstəxanasına, daha sonra isə Travmatologiya şöbəsinə yerləşdirilib.
Bəs görəsən baş verən hadisəylə bağlı cinayət işi açılacaqmı? DİN-dən bununla bağlı məlumat almağa çalışsaq da, mətbuat xidmətindən bu sualı Naxçıvanın müvafiq strukturlarına Naxçıvan prokurorluğuna ünvanlamağı məsləhət gördü.
Hazırda Naxçıvanda durumun necə olduğunu öyrənmək üçün hüquq müdafiəçisi Məlahət Nəsibova ilə əlaqə saxladıq. O, bildirdi ki, baş verən olayla bağlı əhali böyük hiddət içərisindədir. Hazırda istər bu, istərsə də digər hadisələrlə bağlı Naxçıvanın bir blokada şəraitində olduğunu deyən M.Nəsibova vurğuladı ki, əhali informasiyanı yalnız bir-birindən alır: «İnsanlar onlara qarşı davranışdan çox narazıdır. Hüseyn Məmmədovla bağlı baş verən hadisə Naxçıvanda artıq insanların son həddə çatdığını göstərir. İnsan artıq öz canına qəsd edirsə, bu onun səbrinin son həddidir. Görün, onların başına nələr gətirilib ki, Hüseyn Məmmədov belə bir addıma əl atıb. Əslində bu cür olaylar tez-tez baş verir. Sadəcə olaraq onlar gizlədilir. Naxçıvan əhalisi insanların nəyə görə intihar həddinə gətirilib çıxarıldığını yaxşı bilir. Çünki gündəlik həyatlarında tez-tez üzləşirlər».
Hikmət