Bu gün təqvim çoxluq üçün “Sevgililər günü” ilə ifadə olunur, şəhər qucağı “mışka” ilə dolu oğlan-qızlarla coşub-daşacaq.
Mənim üçünsə bu gün başqa bir hadisə ilə assosiasiya olunur. Bəli, bu gün Xruşşovun Stalinin “şəxsiyyətə pərəstiş” siyasətini ifşa edən məşhur çıxışının üstündən 58 il keçir. 1956-cı ilin məhz bu günü – 14 fevralda Sov.IKP-nin XX qurultayında cəmi il yarım əvvəl SSRI rəhbərliyinə gələn Xruşşov bütün çıxışını “şəxsiyyətə pərəstiş” dövrünün tənqidinə və Stalin repressiyası qurbanlarına həsr etmişdi.
Əslində ortada incə bir məqam var: eyni Xruşşov Stalin repressiyalarında birbaşa iştirak etmiş, həmin repressiyaların ilhamvericilərindən biri kimi tanınmışdı. Hətta iş o yerə çatırmış ki, Stalin onun güllələnmə siyahılarına əl gəzdirir, bəzi adları silirmiş, yəni “ta bu qədər də ağ eləmə!”.
“Şəxsiyyətə pərəstiş” məsələsində isə Xruşşovun əlinə çox az adam su tökə bilərdi. 30-40-cı illərdə onunla bərabər çalışanların bir çoxu sonralar etiraf edəcəkdilər ki, Xruşşovu öz aralarında “xalqlar atasının təlxəyi” çağırırmışlar.
Bəli, eyni Xruşşov Stalinin ölümü ilə onun “şəxsiyyətə pərəstiş” siyasətinin bir nömrəli ifşaçısına çevrildi.
Deyəsən, tarix boyu həmişə belə olur: ilk daşı heç vaxt günahsız olanlar atmır…
***
Stalinin “şəxsiyyətə pərəstiş” siyasəti haqqında danışarkən böyük yazıçı Şoloxovun məşhur sözlərini xatırlayırsan istər-istəməz: “Hə, həqiqətən də pərəstiş var idi… amma şəxsiyyət də var idi!”.
Yox, yox, bu sözlər qətiyyən şəxsiyyətə pərəstişin bəraəti deyil. Amma bir çox xalqların sonrakı təcrübəsi sübut etdi ki, Şoloxov nə qədər haqlı imiş…
Zamansa göstərdi ki, Xruşşovun reformaları kampaniyaçılıqdan başqa bir şey deyildi; əks halda, onun memarı olduğu “icazəli cəsarət dövrü”nün yazıçıları, şərti olaraq, “altmışıncılar” adlandırılan nəslin nümayəndələri bir neçə on illikdən sonra “şəxsiyyətə pərəstiş”in ən alovlu təbliğçilərinə və təşviqçilərinə çevrilməzdilər. Bəli, “altmışıncılar” “şəxsiyyətə pərəstişin ifşası” ilə başlayan nisbi azadlıqların yetirmələri idilər, ulduzlarının parlamasına görə Xruşşova minnətdar olmalı idilər, amma zamanla özləri “şəxsiyyətə pərəstiş”in girovu oldular.
Ünlü fransız yazıçısı Mişel Uelbek bu ədəbi nəslin riyakarlığına qəzəbini çox sonralar belə ifadə edəcəkdi: “Onlar nəinki nifrətə, hətta təhqirə də layiq deyillər”.
***
Əslində “şəxsiyyətə pərəstiş”in heç bir bəraəti ola bilməz, hamıdan bir nəfərə qeyd-şərtsiz təslimçilik, kor-koranə sevgi, itaət tələb etmək insanlıq suçlarından biridir hətta.
21-ci əsrdə kiməsə “toxunulmaz” statusu vermək, onu “tabu” elan etmək çox biabırçı faktdır. Qəbuledilməzdir, yolverilməzdir.
Və nə yazıq ki, bu gün Azərbaycan da leksikonu “şəxsiyyətə pərəstiş” terminoloogiyası adlandıra biləcəyimiz “el atası”, “ulu öndər”, “ümummilli lider”, “dahi rəhbər”, “xilaskar”, “sönməz günəş” kimi saysız-hesabsız söz və söz birləşmələri ilə zəngin ölkələr sırasındadır.
Bütpərəstlik, şahsevənlik idarəçilik normasına və həyat tərzinə çevrilib, yaşamağın, karyera qurmağın, irəli getməyin sinoniminə çevrilib, hətta və ən pisi, ən dəhşətlisi – dərsliklərin səhifələrini bəzəyir, yazıb-oxumağı yenicə öyrənən burnu fırtıqlı uşaqlara zorən bir nəfərə sevgi, bir nəfərə heyranlıq, bir nəfərə itaət duyğusu aşılanır, halbuki tarix bu adi həqiqətin yenidən, dönə-dönə sübutundan ibarətdir:
Heç kim toxunulmaz və əvəzedilməz deyil.
Kimisə zorən, inzibati-administrativ resurslarla bir xalqın əbədi and yerinə çevirmək mümkünsüzdür.
Su axdığı yerdən bir dəfə axdığı kimi, günəş doğduğu yerdən bir daha doğduğu kimi, həqiqət də keçdiyi yerdən bir daha keçir və doğru olan yerini bulur – gec, ya tez, fərq etməz!