«Zulu xalqının Mtetva imperiyasının bərpası ilə bağlı ABŞ-a ötürdüyümüz planlar da ifşa edilib»
Araşdırmaçı jurnalist Xədicə Ismayıl Eynulla Fətullayevin yazdığı yazıya cavab olaraq facebook səhifəsində status paylaşıb. Eynulla Fətullayev yazıb ki, Xədicə Ismayıl ötən ay Azərbaycana səfər edən ABŞ Senatının iki nümayəndəsi ilə görüşdə onlara hakimiyyətin müxalifətdəki adamlarının siyahısını təqdim edib.
Eynulla Fətullayev həmin “siyahı”nı da dərc edib. Xədicə Ismayıl isə yazılanlara ironik yanaşıb və məsələ ilə bağlı facebook səhifəsində bunları yazıb: “O yazını yazan da debildir, yayan da debildir, məndən ciddi-ciddi açıqlama tələb edən də. Mən də bunlara ciddi cavab verib debillərin sırasına qoşulmaq istəmirəm. Ən ciddi cavabım bu ola bilər ancaq:
Bir iki həftə bundan əvvəl ABŞ senatının iki işçisi ilə oturmuşduq restoranda. Ceyhun Osmanlı da orda idi. Bizimlə yox, başqa masanın arxasında. Görünür, sual yaranıb ki, nə danışıram mən orda? Gediblər falçıya. Falçı da bir pasyans atıb, kofeyə baxıb, büllur şardan soruşub, onlar bir söz deməyiblər. Biz masonuq axı. Bütün bu qüvvələr bizə işləyir. Sonra antimason ruhlar giriblər Eynulla Fətullayevin cisminə, onun əli ilə məqalə yazıblar. ABŞ kəşfiyyatına verdiyim bütün sirləri faş ediblər.
Ifşa olunmamız ümumafrika işimizə böyük zərbə vurub. Belə ki, Zulu xalqının Mtetva imperiyasının bərpası ilə bağlı ABŞ-a ötürdüyümüz planlar da ifşa edilib.
Planlarımızla tanış olandan sonra superagent mənə dedi ki, dünya düzələcək. Mən dərhal anlamadım. Ondan sonra da zəlzələ oldu. Indi fikirləşirəm ki, deyəsən, şifrəni düz anlamamışam. O, dünyanın daha yumru olmayacağını, dağılaraq, düz müstəviyə çevriləcəyini nəzərdə tutubmuş. Hərdən şifrələrimi yeniləməyə ehtiyac var”.