“Köpəksiz kənd”in əhvalı

Media o dərəcədə təsirli vasitədir ki, gündəmi bir anın içində dəyişə bilir. Necə ki, Türkiyədən deportasiya edilən azərbaycanlı müxbir Mahir Zeynalovun məsələsi dəyişdi və anında dünya mediasının gündəminə oturdu. Onun çalışdığı ölkənin hökumət yetkililərini tənqid edən tvitinin detallarına toxunmaq fikrim yox. Amma bir tvitə görə bir qələm sahibinin deportasiya edilməsi çox despotik cəzadır, şübhəsiz. Hələ üstəlik, bu şəxs Türkiyə vətəndaşıyla evlidir və orada bir ailəsi var.

Başından bəri AKP hökumətinin medianı xüsusi diqqətdə saxladığını bilirəm. Illər öncə bir məqaləmdə ingilis aliminin Ərdoğan hökumətinin Türkiyənin Avropaya qəbul olunması yolunda gördüyü müsbət işlərdən bəhs edən fikirləri haqqında yazmışdım. Üç-dörd gün keçməmiş yazını götürüb Başbakan Ərdoğanın rəsmi internet saytında yerləşdirmişdilər. Təbii, istənilən hökumətin mətbuata həssas yanaşması alqışlanan haldır. Amma bu həssaslığın dozası nəzarət səviyyəsinə gəlib çıxdığı yerdə mütləq anlamda senzura və diktə başlar. Və gün dönüb-dolanıb Türkiyədə də o duruma gəlib çıxdı, bir tvitə görə jurnalistin ölkədən sürülə biləcəyi acınacaqlı duruma.

Deyim ki, bu qalmaqalda ağlım Zeynalovun tvitinin təfərrüatından çox, baş nazirin müavini Bülənt Arınçın və hökumətə yaxın “Yeni Akit” qəzetinin müxbiri Əli Karahəsənoğlunun fikirlərində ilişib qaldı. Arınçla təxminən eyni fikirləri paylaşan Karahəsənoğlu deyir ki, Türkiyədə özünü “köpəksiz kənd”dəki kimi hiss edən Zeynalov 78-ci ildən bəri iqtidarda olan Azərbaycan rəhbərliyinə bu cür kəskin suallar ünvanlasaydı, ertəsi gün hardasa cəsədi tapılardı. Bu sözləri bir mətbuat təmsilçisinin dilindən eşitmək başqa assosiasiya yaradır, təbii. Illərdir qardaş ölkədə də bizim kimi azad sözə qarşı artan basqıları və tərəfkeş, ələbaxım bir media yetişdirilməkdə olduğunu müşahidə etməkdəyik. Məsələnin bu dərəcədə bərbad duruma gəldiyi isə bir az gözlənilməzdir, doğrusu. Hətta bu məsələdən sonra “bizdəmi, yoxsa oradamı söz azadlığının vəziyyəti daha pisdir” düşüncəsi arasında çaşıb qalır insan. 

Dünən isə sosial şəbəkələrdə deportasiya olunan M.Zeynalovun ölkə prezidenti Ilham Əliyevlə fəxr etdiyini açıqlayan tviti yayılıb. Azərbaycanda media azadlığının bərbad olduğunu kimsə danacaq deyil. Ən azı, öz adımıza deyə bilərik ki, hökumət çalışdığımız bu qəzeti əzmək üçün əlindən gələn heç nəyi əsirgəmir. O zaman mən də haqlı olaraq zərərçəkmiş Zeynalovun AKP hökumətinin “cangüdən” yazarlarından heç bir fərqi qalmadığını söyləməkdən çəkinməyəcəyəm. Ədaləti yalnız özü istəyən adamı nə dərəcədə səmimi saymaq olar ki? 

Bu halda, deportasiya qərarı verənlər haqlımı çıxırlar? Şübhəsiz, xeyr. Istənilən halda, tənqidə dözümsüzlük və hücum totalitar düşüncənin göstəricisidir. Ittihamçı tərəf Zeynalovun öz hökumətinə qarşı tənqidi fikirlər səsləndirəcək qədər cəsarətli olmadığı qənaətində haqlı sayıla bilər. Bu tərəf Azərbaycanda mətbuat azadlığının oradan daha ağır olduğunu da söyləyə bilər. Amma bütün bunlar belə, bir jurnalistin ölkədən qovulmasına əsas vermir və verə bilməz.

Son olaraq, bir şeyi xüsusi vurğulamaq istəyirəm. Bu qalmaqal bir daha göstərdi ki, çox sevdiyimiz qardaş ölkədə bizi yaxşı tanımırlar. Tanısaydılar, mübaliğəsiz bu ölkədə hökumətin əskiklərini ən kəskin şəkildə tənqid edən qurd ürəkli qələm sahiblərinin varlığından da xəbərdar olardılar.