Azərbaycana qarşı açıqlanacaq digər bir qərar isə bank rəhbərinin şikayəti əsasında çıxarılıb
Avropa Insan Hüquqları Məhkəməsi fevralın 20-də 6 iş üzrə qərarını açıqlayacaq. Açıqlanacaq qərarlar arasında Azərbaycandan göndərilmiş iki şikayət üzrə qəbul olunan qərarlar da var. Bu barədə “Azadlıq”a Hüquq Maarifçiliyi Cəmiyyətindən məlumat verilib.
Azərbaycanla bağlı qərarlardan biri “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin 2008-ci ildə Avropa Məhkəməsinə ünvanladığı toxunulmazlıq hüququnun pozuntusu ilə bağlı şikayəti üzrədir. Baş redaktor 2007-ci ilin noyabrında Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə yüngül xəsarət yetirmə) və 221-ci (xuliqanlıq) maddəsilə nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunaraq, həbs edilib. Onun barəsindəki həbs-qətimkan tədbiri 2007-ci il noyabrın 11-dən 2008-ci il martın 7-nə qədər bir neçə dəfə uzadılıb. Bu müddətdə o, Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılıb. Martın 7-də isə Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Qənimət Zahid 2010-cu il martın 17-də prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.
Qənimət Zahid Avropa Konvensiyasının 5.3-cü (məhkəməyə qədər qanunsuz olaraq həbsə alınmamaq, şikayətinə ağlabatan müddətdə baxılmaması) maddəsinin pozuntusundan Avropa Məhkəməsinə şikayət edib. Şikayətdə göstərilib ki, ölkədaxili məhkəmələr onun məhkəməyə qədər həbsdə saxlanılması haqda qərarlarını əsaslandırmayıblar. Yerli məhkəmələr baş redaktorun girov müqabilində azadlığa buraxılması barədə müraciətini də heç bir əsas göstərmədən rədd ediblər. Məhkəmələr həmçinin onun ölkədə tanınmış jurnalist olduğunu, Bakıda daimi yaşayış yerinin olduğunu, himayəsində yetkinlik yaşına çatmayan dörd övladının olduğunu və istintaqdan və ya məhkəmədən qaçıb gizlənməyə heç vaxt cəhd göstərmədiyi barədə arqumentlərini də nəzərə almayıblar.
Qeyd edək ki, Q.Zahidin həmin həbslə bağlı daha bir neçə şikayəti Avropa Məhkəməsinin icraatındadır.
Azərbaycanla bağlı açıqlanacaq digər qərar isə “Borçalı Bank”ın təsisçisi Novruz Ismayılovun şikayəti ilə bağlıdır. Novruz Ismayılov dələduzluq, oğurluq və vergidən yayınma ittihamlarıyla 9 il azadlıqdan məhrum edilib və hazırda da həbsdədir. Novruz Ismayılov 2004-cü ilin sentyabrında həbs olunub və 2006-cı ilə qədər barəsindəki həbs-qətimkan tədbiri bir neçə dəfə uzadılıb. O da Avropa Konvensiyasının 5.3 və 5.4-cü maddələrilə təminat verilən qanunsuz olaraq məhkəməyə qədər həbs olunmamaq, həbs müddətinin uzadılmasından Avropa Məhkəməsinə şikayət verib. Şikayətdə o da qeyd olunub ki, həbs-qətimkan tədbirilə bağlı şikayətinə yerli məhkəmələrdə onun özünün və vəkilinin iştirakı olmadan baxılıb.
Aytən Məmmədova