Əli İnsanov – lider!

Əli İnsanovun yenidən məhkəməsi gedir. 2006-cı ildən başlayan Əli Insanov məhkəməsi bitmək bilmir. Yada sovet-komunist şairinin kapitalist ölkələrindən birində komunist liderin məhkəmə prosesi ilə bağlı dedikləri düşür: 

“Məhkəmə bitməmiş,

             davam edəcək,

Sorğusu, sualı uzun

                     çəkəcək”. 

Bilməyənlər bilsin: Əli Insanovun məhkəməsi uzun çəkəcək, çox uzun. Mənim qatıldığım sonuncu məhkəmə prosesində o, öldürülə biləcəyi (iraq olsun!) anonsunu verdi. Ola bilər, bir çox faktlardan bəlli olduğu kimi, indiki rejim üçün bu elə də problemli iş deyil. Ancaq… bir daha demək gərəkir: nə olur olsun, necə olur olsun Əli Insanovun məhkəməsi uzun çəkəcək, çooox uzun!

Füzulnin çox sevdiyim, tez-tez dediyim gözəl bir beyti var:

“Degil bihudə gər yağsa    fələkdən başimə daşlar, Binasın tişeyi-ahimlə

viran etdiyimdəndir”.

(Göydən başıma daşlar yağsa, boşuna deyil, Mən onun özülünü ahımın külüngüylə dağıtmışam). Illər öncəsi başlayan məhkəmə proseslərində Ə.Insanov etdiyi bir-birindən kəskin antirejim çıxışlarıyla “fələyin” özülünə (dünənki, bugünkü rejim başçısına) elə bombalar yağdırıb, satılmış hakim, prokuror əlilə başına yağan “daşlardan” azacıq da gileylənə bilməz. Gileylənmir də – nə etdiyini gözəl bildiyinə görə!

Əli Insanovla bağlı indiki yanaşma-dəyərləndirmələrimə görə məni qınayanlar var. Onun bəlli keçmişi üzündən. Çoxları gərəyincə dəyərləndirə bilmir: Əli Insanov bu gün özü özünün əliyevçi səhiyə naziri bioqrafiyasının üstündən qalın cız çəkmiş güclü, mən deyərdim, çox güclü siyasi liderdir. Sözsüz, Ə.Insanov səhiyyə naziri postunu ata Əliyevin hakimiyətə gətirilməsində oynadığı rola görə almışdı. Sonra o, bala Əliyevin hakimiyətə gəlməyində rol oynamışdı. Bunlar bizim unutmadığımız, kəsinliklə qınadığımız faktlardır. Bu gün məni qınayanlar bilməlidirlər: səhiyə naziri olduğu çağlarda mən Ə.Insanova qarşı çox kəskin yazılar yazmışam. Hələ ilkin məhkəmə prosesləri dönəmində də (2007-ci il) ona qarşı bir neçə kəskin yazı yazmışam. O yazılar əliyevçi səhiyə naziri, eləcə də əliyevçi komanda adamı Əli Insanovla bağlı olub. O yazıları bu gün də doğru-düzgün yazar bioqrafiyamın ayrılmaz ilkələri sayıram.

Biz siyasi arena adamlarıyıq, siyasətinsə öz qanunları var. Siyasət qanunları (buna siyasət normaları da demək olar) başlıca olaraq PRIMITIVIZMƏ yaddır. Elə Əli Insanovla bağlı bir sıra neqativ baxışlar da fakta primitiv yanaşmadan qaynaqlanır. Sözsüz, keçmişi bütünlüklə unutmaq olmaz. Ancaq bügünlə, bugünün görsənişlərilə bağlı bütünlüklə keçmişə yönəlik dəyərləndirmələrdə bulunmaq da olmaz. Belədə istər-istəməz GƏLƏCƏKSIZLIK yaranar. Bizim üçün Əli Insanovun bugünkü başlıca dəyəri onun gələcəyə yönəlik çarpışma STRATEGIYASINDADIR. Yenə də ortaya yanlış yanaşma görsənişi, primitivizm faktı çıxır: onun başqa yolu yoxdur. Bütünlüklə yanlış baxış, yanlış yanaşma, yanlış düşüncədir: Əli Insanov istəsəydi çoxdan dustaqlıqdan qurtulardı. O özü bunu istəmədi. Özü də başlanğıcdan. Çoxdankı məhkəmə prosesinin başlanğıcından. Kim dustaqlıqdan qurturmaq istəməz? Hamı istəyər. Üstəlik, indiki yaxıcı-yıxıcı rejimdə. Bax, Əli Insanov bu yerdə, bizim gözlərimiz önündə, yenidən doğuldu. Əliyevçi amansız repressiya rejimində, minlərlə adamın sındırıldığı dustaqlıq ortamında, dəmir barmaqlıqlar arxasında dünyaya yeni Əli Insanov gəldi. Baxın görün indiki rejimin içindən ikinci belə bir adam çıxıbmı?

Əli Insanov bu rejimin saya yetkililərindən biri idi, ancaq o, ortaya rejimlə barışmaz, yenilməz bir lider kimi çıxdı. Biz belə gerçəkləri çağındaca görüb dəyərləndirə bilməsək özümüzün nə dəyərimiz olar? Məncə, Əli Insanov KQB generalı, siyasi kombinator H.Əliyevin ən böyük yanlışlarındandır. H.Əliyev çağında Əli Insanovdakı ambisiozluğu, xarizmatik lider özəlliyini görə bilməyib. Görə bilsəydi, başqaları ilə olanlar olardı. Kim bilir, bəlkə, bu özü də Əli Insanovun ayrıca bacarıq yiyəsi olduğundan belə alınıb. 1969-cu ildən, siyasi arenaya ilkin gəlişindən, H.Əliyev ambisiyalı, xarizmatik lider özəlliyi olan kimsələri bircə-bircə vurub sıradan çıxarıb. Sıradan çıxarıb – Moskvanın diktatı altında ola-ola. 1982-ci ildə Moskvaya aparılırkən o çağkı Azərbaycan KP MK-da ən bacarıqsız kadrlarından birini, hər hansı ambisiyadan uzaq, yerli-dibli xarizması olmayan Kamran Bağırovu yerinə qoyub getmişdi. Nə üçün? Azərbaycanı bacardıqca əldən verməmək üçün! H.Əliyevin 1969-dan yönətdiyi Azərbaycan, Azərbaycan hakimiyəti, eləcə də Azərbaycan toplumu Xalqa yad, Xalqa yağı, Xalqa gərəkməz kadr siyasətləri yoluyla bütünlüklə onun istəyindən asılı duruma gətirilmişdi. 1993 qayıdışından, SUVERENLIK çağlarından, bu sayaq kadr siyasətləri daha kəskin xarakter aldı. Bu milli gərəklər baxımından öldürücü siyasətlərin qanunauyğun sonucu olaraq, yalnız xarizmadan deyil, bütövlükdə lider özəlliklərindən uzaq oğul Əliyev hakimiyətə gətirildi, üstəlik, üçüncü yol prezident “seçildi”.

Burada bir siyasi incəlik var: Ə.Insanov güclü kombinator H.Əliyev üçün qorxulu adam deyildi. Ancaq siyasi bacarıq baxımından atasına azacıqda olsa çəkməyən I.Əliyev üçün Ə.Insanov çox qorxulu adamdır. Bu gün Ə.Insanova səskeçirməz şüşə arxasında, PULTLA yönətmə yoluyla məhkəmə prosesi keçirilməsi faktının arxasında başlıca olaraq bu faktor dayanır. Ancaq ortada başqa önəmli faktorlar da var: 8 illik rejim dustaqlığı Ə.Insanovda azacıq da olsa yenilmə görsənişi yarada bilməyib, tərsinə, Ə.Insanov yeniləcək kimsədən yenən… liderə çevrilib. Onun danışığı, davranışı, ən qısa replikaları belə, əyilməz-yenilməz lider görsənişləridir. Bizdə 21 ildən bəri partiya başında duran kimsələr var, hələ indiyədək ortaya çətin çağlara bağlı gerçək liderlik görsənişi çıxara bilməyiblər. Partiyası olmayan Ə.Insanov çox böyük, çox güclü partiyalı lider görsənişləri sərgiləməkdədir. Indiki rejimdə bu, olduqca dəyərli, olduqca önəmli görsənişdir.

Ortada obyektiv bir görsəniş də var: Xalqla rejim arasında yaranan, hakimiyətin antimilli siyasətləri üzündən getdikcə dərinləşən uçurum. Son prezident seçkisini müxalifətin sonu adlandıran I.Əliyev demokratik gücləri “xarici qüvvələrə işləməkdə” suçladı. Ə.Insanov konkret faktlardan çıxış etməklə Azərbaycana düşmən gerçək “xarici qüvvəni” barmaqla göstərir, adını çəkir. Onun dediyinə görə, 90-cı illərdə özəlləşdirilən səhiyə ocaqlarından 30 milyard yarım dollar pul əldə edilib. Əldə edilən pulun yarım milyard dolları Azərbaycanın, 30 milyard dolları… Əliyevlərin payına düşüb! Bu, Ə.Insanovun göstərdiyi milyardlarla mənimsəmə faktlarından bircəsidir. Bəlli olduğu kimi, Britaniya parlamentinə bağlı vergi qurumu ata-oğul Əliyevlərin 1993-2010-cu illərdə Azərbaycandan bircə Vircin adalarına 48 milyard dollar pul oğurlayıb çıxardıqları faktını ortaya qoymuşdu. Ə.Insanovun açıqladığı bircə faktla 48 milyardın 30 milyardının qaynağı bəlli olur: Azərbaycanın səhiyə sistemi. Ata-oğul Əliyevlərin yalnız səhiyə sistemindən, təkcə səhiyə sistemindəki özəlləşdirmədən mənimsədikləri bu 30 milyard dollar Azərbaycanın sağlamlıq sistemini kadr-texniki baxımdan bütünlüklə yeniləşdirməyə, dünya standartlarına uyğunlaşdırmağa yetərli idi. Belə olsaydı, bu gün Azərbaycan ana-uşaq ölümünə görə Afrikanın ən geridə qalmış ölkələrindən olan Syerra-Leone ilə bir sırada durmazdı. Belə olsaydı, indiki kimi Azərbaycandan hər gün 4 minədək adam ağrı-acısını götürüb Irana yollanmazdı. Milyardlarla gəlir gələn bir ölkə – Azərbaycan bu gün dövlət büdcəsindən ayırmalara görə dünyanın 190 ölkəsi arasında sonuncu yerlərdə, autsayderlər sırasındadır. Bilik-düşüncə QƏDIMLIYI ilə seçilən hakim Qədim Babayev bu bir faizlik səhiyə CINAYƏTINI də Əli Insanovun adına bağlaya bilsə, özünə, ailəsinə fantastik uğurlar qazandıra bilər. Onun belə bir bacarıq yiyəsi olduğu açıq-aydın görünür.

Babayev özünün QƏDIMLIK stixiyasına uyğun olaraq, soyad yerinə dilimizdən çoxdan çıxmış “familiya” anlayışını işlədir. Bu isə dövlət dilinə sayğısızlıq deməkdir. Başqa bir yandan, Babayev Ə.Insanova “məhkum” deyir. “Məhkum” ərəbcədir, məhkəmə qərarı ilə tutuqlanmış kimsə deməkdir. Bəlli olduğu kimi, Avropa Məhkəməsinin qərarına uyğun olaraq Ə.Insanovla bağlı aşağı instansiya məhkəmələrinin qərarları götürülüb. Bu baxımdan Azərbaycan prosessual məcəlləsinə uyğun olaraq hakim Ə.Insanovu “təqsirləndirilən şəxs” adlandırmalıdır. Ancaq burada da o özünün QƏDIMLIK stixiyasından çıxış edir. Bu isə ayrıca qanunauyğunluqla bağlıdır: indiki rejimdə Azərbaycan özü QƏDIM feodal-quldarlıq metodları ilə yönətilir. Bunu Avropa Məhkəməsinin Azərbaycan məhkəmələrinin qərarlarını baş-ayaq çevirməsi faktından da görmək olar. Bunu məhkəmə zalında Əli Insanovun PULTLA danışdırılmasından da görmək olar…

Xaliq Bahadır