“Azərbaycan özünü Avropa kimi təqdim edir, amma Mərkəzi Asiyaya oxşayır”

ABŞ rəsmisi: «Korrupsiyanın çiçəkləndiyi ölkədə «vergidən yayınma» olduqca rüsvayçı ittihamdır»

Miriam Lanskoy: «Azərbaycan demokratları doğru yoldadır»

Prezident Ilham Əliyev ötən həftə QHT-lərlə bağlı qanunvericiliyə mürtəce dəyişiklikləri  imzaladı. Baxmayaraq ki, yerli və beynəlxalq qurumlar buna qarşı çıxmış və etirazlarını dövlət başçısına da çatdırmışdılar.
Dünyada demokratik institutları dəstəkləyən Amerika təşkilatı Demokratiya Uğrunda Milli Fondun Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy Azərbaycanda insan haqlarının durumunu və qanunvericiliyə son dəyişiklikləri “Turan”a şərh edib. Xanım Miriam xatırladıb ki, 100-ə qədər yerli QHT I.Əliyevə dəyişiklikləri imzalamamaq çağırışı edib: “Vətəndaş cəmiyyəti belə düzəlişlərin onlar üçün qorxulu olduğunu bildirir. Bu fonda Azərbaycanda nüfuzlu QHT-lərdən birinin başçısı Anar Məmmədli həbs edilib. Son bir il ümumiyyətlə Azərbaycan üçün pis keçib. Falların həbsi, həmçinin mətbuat, xarici yayımçılar əleyhinə fəlaiyyət və s. Prezident seçkilərindən sonra vəziyyət daha da mürəkkəbləşib. 
QHT-lərə münasibətdə Azərbaycanda daha sərt metodlar mövcuddur. Korrupsiyanın çiçəkləndiyi bir ölkədə “vergidən yayınma” olduqca rüsvayçı ittihamdır. QHT fəalları, gənc fəallar, dindarlar və s. kateqoriyadan olan siyasi məhbusların sayı artmaqda davam edir. Beləliklə, Azərbaycan daha çox Mərkəzi Asiya dövlətlərinə bənzəyir. Amma özünü Avropa dövləti kimi təqdim edir. Şübhəsiz ki, hansısa məqamda Azərbaycan buna cavab verməli olacaq. Bu, tezliklə olmaya da bilər”.
M.Lanskoy Ukrayna hadisələrinin bütünlükdə regiona həlledici təsiri olacağını söyləyib: “Müəyyən mənada bu, ruhlandırcı və ya əksinə, mane yaradan amil də ola bilər. Yaxın perspektivdə bunun Azərbaycana təsiri haqda danışmaq çətindir. Amma bu hadisələr bir daha göstərdi ki,    
kütləvi aksiyalar hökuməti dəyişməyə məcbur edə bilər. Hakimiyyətin etirazçılara qarşı sərtləşməsi onların özlərinə inanmadıqlarını sübut edir və ya onlar başa düşürlər ki, etirazçılar ölkə içində dəstəyə malikdirlər”. 
M.Lanskoy “Maqnitski qanunu” ilə bağlı sanksiyaların başqa ölkələrə də tətbiqinin mümkünlüyünü qeyd edib. Və bildirib ki, Obama Administrasiyası bunun təkcə Rusiyaya deyil, başqa ölkələrə də tətbiq edilməsində maraqlıdır: “Fikrimcə, Azərbaycan demokratları doğru yoldadırlar. Mən Milli Şuranın yeri və rolu haqda heç nə deyə bilmərəm. Amma hesab edirəm ki, vətəndaş cəmiyyətinin birliyini görmək vacibdir.
Baxmayaraq ki, Müsavat Partiyası Milli Şuranı tərk edib. Əgər birgə çalışmağı davam etdirmək mümkündürsə, əməkdaşlığı davam etdirmək vacibdir”.