Maşın satışı bir əldə cəmlənir

Banklar buna görə kredit şərtlərini dəyişməyə məcbur edilib

Azərbaycanda bir qədər əvvəl dayandırılmış avtomobil kreditləri yenidən aktivləşib. Bank dairələrindən fins.az-a verilən məlumata görə, artıq avtomobil kreditləşməsi ilə bağlı yeni qaydalar hazırlanıb. Yaxın vaxtarda tətbiq olunması nəzərdə tutulan yeni qaydalarda kreditlərin şərtləri kəskin surətdə sərtləşdirilib. Belə ki, avtomobil alınması üçün kreditlər üzrə ilkin ödənişlərin məbləği ciddi surətdə artırılaraq minimum 40 faiz maksimum 80 faiz olacaq.
Ilkin ödənişin məbləği avtomobilin təzə və ya köhnə olamasından asılı olacaq. Avtomobilin istehsal tarixindən satış gününə qədər bir il keçibsə, o köhnə hesab olunacaq. Təzə avtomobillərdə ilkin ödəniş 40-50 faiz arasında dəyişəcək. Bu avtomobilin qiymətindən asılı olacaq. Belə ki, qiyməti 30 min manata qədər avtomobillərdə ilkin ödəniş 50%, bundan baha avtomobillərdə isə 40 faiz təşkil edəcək.
Köhnə, yəni istehsal tarixindən bir il keçmiş avtomobillərdə isə ilkin ödənişin məbləği 80 faiz olmalıdır. Burada avtomobilin qiymətinin əhəmiyyəti yoxdur.
Avtomobil kreditlərinin bərpasını banklar, avtomobil dilerləri və müştərilərlə yanaşı, sığorta şirkətləri də gözləyirlər. Yanvarın ortalarından avtomobil kreditlərinin məhdudlaşdırılması sığorta şirkətlərinin işinə də təsir edib.
Yeni şərtlərin müştərilərlə yanaşı bankların özünə də sərf etmədiyi açıq-aydın görünür. Hər halda bu şərtlərlə hansısa müştərinin avtomobil kreditinə görə banklara üz tutacağı inandırıcı görünmür. Bəs banklar hansı səbəbdən kredit şərtlərini hətta öz maraqlarına zidd şəkildə dəyişiblər?
“Azadlıq”a daxil olan məlumata görə, “Azərbaycan Lizinq Şirkəti” MMC-nin bu sahədə önə çıxması üçün banklar belə bir addım atmağa məcbur ediliblər. Məlumatda deyilir ki, “Azərbaycan Lizinq Şirkəti” MMC-nin şərtləri banklardan daha sərfəlidir. Vətəndaşlar bu şirkətdən avtomobilləri ilkin ödənişsiz, illik 16 faizlə ala biləcəklər. Bu həm də avtomobil satışının bir əldə cəmlənməsidir.
Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Azərbaycan Lizinq Şirkəti” MMC-nin 2008-ci il dekabr 12-də qeydiyyata alındığı göstərilib. 2009-cu il iyunun 29-da isə Park Inn otelində təqdimatı olub. MMC-nin qeydiyyat ünvanı Səbail rayonu Xaqani küçəsi ev 45 A-dır. Nizamnamə kapitalı 5 milyon manat olan “Azərbaycan Lizinq Şirkəti” MMC-nin qanuni təmsilçisi Nağıyev Ceyhun Vaqif oğludur. MMC-nin internet səhifəsində Ceyhun Nağıyevin vəzifəsi baş menecer kimi göstərilib. Həmçinin qeyd edilib ki, “Azərbaycan Lizinq Şirkəti”nin təsisiçisi Özəl Sektorun Inkşifı üzrə Islam Korporasiyasıdır. MMC fəaliyyətində şəriət qaydalarını rəhbər tutur. “Azərbaycan Lizinq Şirkəti”nin ticarət nişanı da maraqlıdır: Ansar Leasing. Şirkətin internet səhifəsində “ansar” sözünün açıqlaması da verilib. Bəlli olub ki, bu ərəb sözüdür (əl-ənsar), mənası “kömək edən”, “qoruyan” deməkdir.