Mübariz Qurbanlının sivilizasiyası

Planetimizdən kənarda həyatın olması haqda irəli sürülən nəzəriyyələr get-gedə ehkamdan elmə çevrilmək üzrədir. Sirrini aça bilməsək də, artıq uçan naməlum obyektlərə öyrəşmişik, hətta mən deyərdim ki, burada qeyri-adi heç nə görməməyə başlamışıq. Bu mövzu ətrafında indiyədək fikir mübadiləsi apardığım şəxslərin, demək olar, heç birisi yadplanetliləri inkar etməyib, əksinə, onaların hamısından  bu fenemonlə bağlı… xatirələr(!) eşitmişəm. Az qala hamının bu haqda bir özəl, əsrarəngiz hekayəsi var. Özü də bir qayda olaraq, mənim tanışlarım, yəni planet sakinləri digər qalaktikadan olan həmkarlarını, daha dəqiq desək, onların minib Yer kürəsinə gəldiyi nəqliyyat vasitələrini gecə vaxtı görürlər.

Etiraf edim ki, bu günə qədər nə qalaktikadan olan digər zəka qardaşlarımı, nə də onların mindiyi nəqliyyat vasitələrini görməmişəm. Amma inanıram ki, onlar var, sadəcə olaraq, planetin daxili işlərinə qarışmırlar, yaxud bunu elə edirlər ki, biz hiss etmirik. Kimsə bunu təhqir kimi qəbul etməsin. Özünüz düşünün, elm-texnika bu qədər inkişaf edib, amma indiyə qədər onların yaşadığı səmti belə müəyyənləşdirə bilməmişik. Amma onlar rahat bir şəkildə panetimizə gəlib-gedirlər, biz isə qulağımızın dibində yerləşən Mars planetinə belə gedib çıxa bilmirik. Bu yaxınlarda məlum oldu ki, ora getsək belə, geri qayıda bilməyəcəyik. Hazırda ABŞ-da Yer kürəsindən bezən minlərlə insan ərizə yazaraq, Marsa gedib qalan ömrünü orada keçirmək istəyirlər. NASA da onların arasından elələrini seçir ki, heç olmasa gedib ora çata bilsinlər. Mənim fikrimcə, amerikalılar bu məsələdə bir az qlobal fikirləşməlidirlər, planetimiz təkcə onlardan ibarət deyil. Marsa təkcə demokratiyadan bezənlər yox, onun həsrətində olanlar da getməlidirlər. 

Sayını dəqiq deyə bilməsəm də, əminəm ki, minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə bu geriyə dönüşü olmayan səfərə çıxmağa razılıq verər. Çünki biz həm də müsəlmanıq, eyni zamanda bütün qalaktikaları Allahın yaratdığını da inkar etmirik. Kim bilir, bəlkə elə cənnət də, cəhənnəm də oralardadır. Axı biz onların da harada yerləşdiyini bilmirik. 

Yad planetlilər haqda yüzlərlə bədii film çəkilib, o qədər də fantastik romanlar yazılıb. Onları oxuduqca, filmləri seyr etdikcə, məlum olur ki, oralarda da, vəziyyət o qədər də ürəkaçan deyil. Məhz elə bu səbəbdən də yadplanetlilər son zamanlar planetimizdə tez-tez görünməyə başlayıblar. 

Məhşur gürcü-sovet rejissoru Georgi Daneliyanın hələ sovet dövrü çəkdiyi “Kin-dza-dza” filmini yəqin ki, çoxlarınız seyr edib. Filmdə başgicəlləndirici səhnələr olmasa da, olduqca düşündürücü məqamlar var. 

Filmdən məlum olur ki, qalaktikanın fəlakət baş vermiş və bizə məlum olmayan planetlərindən bizim yaşadığımız Yer planetinə güclü axın var. 

Ən geridə qalmış, lakin inkişaf və zəkaya görə bizi min illərlə qabaqlayan yadplanetlilər Yer kürəsinin bəzi ölkələrində hökmranlıq edirlər. Yəni insan və beyin olaraq bizik, amma onlar tərəfindən idarə olunuruq. Məsələn, ABŞ-da yad planetdən olan demokratlar iş başındadır, Azərbaycanda isə…

Bu əslində fantastik görünən versiya haqda özünüz düşünün. Mən sadəcə bir neçə müşahidəmlə sizə yardımçı olmağa çalışacam.

Fikir verirsinizsə, iqtidar durmadan inkişafdan danışır. Hansı inkişaf? Niyə biz onu görmürük, hiss etmirik? 

Yoxsulluğun 5 faizə endiyindən danışırlar. 

Ətrafımıza baxırıq, ölkədəki durumla maraqlanırıq, məlum olur ki, 9 milyon əhalinin 8 milyondan çoxu bu 5 faizin içindədir. 

…Diqqət edin, ölkə ərazisi tədricən hasara alınır, sadə vətəndaşların oraya girməsi yasaq edilir. Göygöl ətrafı və ona bitişik meşə zolaqları, Xəzər dənizinin sahili, eləcə də ölkənin digər yaşıllıqları vətəndaşların üzünə bağlanır. Orada nə baş verir, nə tikilir, nə var… bilmirik. Hasarlar hündür, meşələr qapalı…

Eyni millətdən olan iqtidar heç vaxt vətəndaşı üçün bu cür addımlar atmır. Həbslər, təqiblər haqda özünüz düşünün. Yazmağı artıq bildim.

Nəhayət, gələk əsas məsələyə… Bu yaxınlarda dayanmadan ən uzağa uçan təyyarə alan (xeyir ola? – X.Ə.) Ilham Əliyev  məmurları xarici təsir altına düşməkdə günahlandırdı.

ANS-in hesabat verilişində Mirşahinin (ondan şübhələnməyin, planet sakinidir – X.Ə.) YAP-ın düşünən beyni Mübariz Qurbanlıya verdiyi ilk sual elə bu haqda oldu. Cavaba diqqət edin:

“Hazırda dünyada… sivilizasiyaların(!) mübarizəsi gedir…”  

Düşünmürəm ki, M.Qurbanlı “sivilizasiya” ifadəsinin nə olduğunu bilməyəcək qədər savadsızdır…