Neçə gündür sosial şəbəkələrdə şəhərimizin buzlu küçələrini təmizləyən 60-70 yaşlı qadınların şəkilləri paylaşılır. Acınacaqlı mənzərədir! Bəziləri bu yaşda insanları istismar edən şəxslərin cəzalandırılması üçün kampaniya başladılması çağırışları səsləndirir. Doğrudan da, belə havada heç bir normal insan yaşlı valideyninin bayıra çıxmasına razı olmaz, nəinki onların qul kimi buz kürüməyə məcbur edilməsinə. Nə deyəsən? “Cənnət anaların ayaqları altındadır” deyən Peyğəmbərin, analara ayaqaltı təmizlədən bəndələri olmağa yazıq!
Bakıda havaya qış buludu gələn kimi hamı “qar yağmasın” duasına çıxır. Amma qarsız qışın nə ləzzəti? Bilmirəm, bəlkə bunu mənim romantikam deyir. Baxaq reallıq və şəhər gerçəkləri nə deyir? Hələlik, Bakıya düşən ilk ayaqucu qarın fəsadlarından yıxılıb sınıq, əzik xəsarəti alan 3 tanışım var. Özləri də iş-güc adamları, kim bilir, bu xəsarətin əziyyətini nə qədər çəkəcəklər. Amma zillət çəkən də təkcə ayrı-ayrı şəxslər deyil, bütün paytaxt əhalisidir. Təbii, Araz aşığından, Kür topuğundan olan, ayağı yerə dəyməyən 3-5 faizi nəzərə almıram. Sadəcə, göydən beş-on damcı yağmur düşən kimi bütün şəhər iflic olur. Kanalizasiyalar işləmədiyinə görə küçələri sel götürür, metroları su basır, yollar bağlanır, marşrutlar xətdən çıxır, taksilərin haqqı ceyran qiymətinə dönür və s..
Qısası, qar böyük şəhərlərimizdə, sözün əsl mənasında, dəhşət yaradır. Əyalətlərdə isə vəziyyət daha vahiməlidir, təbii. Buralarda insanlar günlərcə işıq, qaz, su problemi ilə sınağa çəkildiyi halda, görün, oralarda vəziyyət nə yerdədir.
Indi qar dayanıb, bir həftədir yağmır. Amma küçə və səkilərin buz qatı hələ də əriməyib. Bizim küçə yolunda da dar bir keçid var. Həm də gün boyunca yüzlərlə adamın gəlib-getdiyi poçtun qarşısından keçir. Oranı gün tutmadığına görə, yolu tutan buzun əriməsi çox uzun çəkir. Kiminsə gəlib təmizləyəcəyini də xəyalımdan keçirmirəm. Hamı kimi üzümü göyə tutub günəşin mərhəmətini gözləyirəm.
Qarda-qiyamətdə bu yolları təmizləmək konkret olaraq kimin öhdəsinə düşür, bilmirəm. Köhnədən bu işlə Mənzil Istismar Idarəsinin işçiləri məşğul olurdular. Deyilənə görə, yenə belədir. Indi baxın bu yarıtmaz idarə təmizləmə işinin öhdəsindən gəlmək üçün kimləri səfərbər edib – pensiya yaşlı zəif, ağbirçək qadınları. Bu insanların o ağır buz qatını qoparmaq üçün nə işgəncə çəkdiklərini fotolardan görə bilərsiniz. Doğrudanmı, bu sayaq işləri görmək üçün xüsusi mobil qruplar nəzərdə tutulmayıb öncədən?
Belə rəzalətə və insafsızlığa şahidlik etməkdənsə, adam buzlu yollarda yıxıla-dura getməyinə şükür etmək istəyir. Onsuz da, bu ölkədə insafı, ədaləti və mərhəməti çoxdan öldürüblər. Həmin o ahıl insanları bu yaşda işləmək məcburiyyətində qoymaqla… Çörək puluna çatmayan təqaüd müqabilində, onları ən qara və ağır işlərdə çalışmaq dilemması qarşısında qoymaqla… Üzvü olduğu ailəyə yük olmamaq və ya dəstək vermək üçün bir işin qulpundan yapışmaq məcburiyyətinə məhkum etməklə…
Iş insafdan-mürvətdən keçib. Bəs bu yaşlı qadınları istismarçı kimi işlədən adamları cəzalandırmağın hüquqi yolu varmı? Indi durub o məsuliyyətsiz məmurlara belə yaşlı insanları niyə ağır işlərə götürürsünüz desək, onlara yaxşılıq etmiş oluruq, yoxsa pislik, bilmirəm. Amma nə olur-olsun, bu yaşda qadınların o ağır şərtlərlə kölə kimi çalışdırılması kimsəyə bağışlanacaq hal deyil. Həm mətbuat nümayəndələri, həm də əmək hüquqları müdafiəçiləri bu işi ciddi diqqətdə saxlamalıdır.