Ölkədə avtomobil bazarı çökür

Avtokreditlərin dayandırılması artıq maşın bazarına kəskin mənfi təsir göstərib

Mərkəzi Bankın ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nəğd pul krediti verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağan etməsi avtomobil satışına təsirsiz ötüşməyib. Bank mütəxəssisləri deyir ki, son illər salonlardan kreditlə götürülən avtomobillərə görə ödənişlərdə ciddi problemlər yaranıb. Buna görə də Mərkəzi Bank avtomobillərin əsasən nəğd şəkildə satılmasını və yaxud lizinq yolu ilə əldə edilməsini stimullaşdırmaq qərarına gəlib.

“Qərar dəyişməsə, avtomobil bazarında vəziyyət ağırlaşacaq”

Avtomobil kreditinə məhdudiyyət Azərbaycanın avtomobil bazarına hansı formada təsir göstərəcək? Onu da nəzərə almaq lazımdır ki, bu ilin aprel ayından etibarən 2005-ci ilə qədər istehsal olunan maşınların ölkəyə gətirilməsinə qadağa qoyulacaq. Beləliklə, avtomobil bazarına təsir göstərən ardıcıl iki qərar…

Ötən gün Bakı Avtomobil Satış Mərkəzinə yollandıq. Bazar günü olmasına baxmayaraq, sözügedən ünvanda satıcıların sayı kifayət qədər olsa da, alıcılar xeyli az idi. Elə bu fakt kifayət edir ki, maşın bazarında vəziyyətin necə olduğunu təsəvvür edəsən. Satıcılarla söhbət zamanı bəlli oldu ki, onların vəziyyəti olduqca ağırdır: “Alver yoxdur, indi heç kim nəğd pulla maşın almır. Bank yoluyla bu işi görürlər. Banklara qadağanın qoyulması bizim müflis olmağımızla nəticələnəcək. Əvvəllər şənbə və bazar günləri burada alıcı əlindən tərpənmək olmurdu. Dostlara zarafata deyirdik ki, nə vaxt hava qaralar, gedərik evimizə. Indi bir müştəri görəndə, maşınların qiymətilə maraqlananda sevinirik”.

Satıcılar maşınların qiymətində azalma olmadığını söyləyir: “Hələlik, heç bir endirim yoxdur. Ancaq belə getsə, qiymətlərdə kəskin enmə olacaq. Başa düşmək olmur ki, niyə belə qərar verilib. Neçə gündür ki, iş zəifləyib və kreditlə avtomobil verə bilmədiyimiz üçün müştəri yoxdur. Əgər qərar dəyişməsə, avtomobil bazarında vəziyyət ağırlaşacaq”.

“Bazarda 10 avtomobildən 7-si kredit yolu ilə satılırdı”

Ekspertlər hesab edir ki, avtomobillərin kreditlə satışına məhdudiyyətin qoyulması qiymətlərin enməsinə səbəb olacaq. Iqtisadçı-ekspert Zöhrab Ismayıl bunun labüd olduğunu deyir: “Kredit imkanları məhdudlaşacaqsa, deməli, avtomobillərin qiymətləri aşağı düşəcək. Çünki kredit bazara əlavə pul vəsaiti gətirdiyindən, qiymətlərin bahalaşmasına səbəb olur. Əslində, belə bir məhdudiyyətin tətbiq olunmasında məqsəd problemli kreditlərin sayının artmasıyla bağlıdır. Hazırda Mərkəzi Bank iş yerindən arayış təqdim etmədən vətəndaşlara nəğd pul krediti verilməsini qadağan edir. Əslində, iş yerindən arayış etibarlı sənəd sayıla bilməz. Ola bilsin ki, dövlət müəssisələrində, tanınmış təşkilatlarda bu sənədləri normal şəkildə verirlər. Ölkədə kifayət qədər özəl şirkətlər var ki, həmin təşkilatlarda bəzən işləməyən şəxslərə belə, arayış yazırlar. Ona görə bu istiqamətdə doğru sistem tətbiq etməlidilər. Əgər ölkədə muzdlu çalışanların hamısı əməkhaqqını kartla ala bilsəydi, vətəndaş kart bilgilərini təqdim edərək kredit ala bilərdi”.

Avtomobil kreditlərinə məhdudiyyətin qoyulmasını paytaxtdakı tıxaclarla əlaqələndirənlər də var. Elə dövlət başçısı da Bakıdakı tıxac məsələsinə toxunarkən müvafiq strukturlardan problemin həlli üçün təkliflər gözlədiyini söyləmişdi. 

Ekspertlər avtomobil kreditinə qadağa yoluyla tıxacları aradan qaldırmağı problemə doğru yanaşma hesab etmirlər.

“Əmlak Bazarı Iştirakçıları” Ictimai Birliyinin icraçı direktoru Ramil Osmanlı mətbuata açıqlamasında deyib ki, avtomobil bazarında sahibkarların faktiki satışla bağlı problemləri yaranıb: “Apardığımız müşahidələr, vəziyyətin təxminən 2 ay da bu cür davam edəcəyi təqdirdə sahibkarların bazardan çıxmaq təhlükəsi olduğunu göstərir. Yeni ”Avro-4″ standartının Azərbaycanda tətbiqi lazımdır və bu qərarın dəyişdirilməsinə ehtiyac yoxdur. Amma Mərkəzi Bank kreditvermə ilə bağlı son qərarına yenidən baxmalıdır. Avtokreditlərin dayandırılması təkcə banklara, avtomobil bazarına deyil, eyni zamanda, digər sahələrə də mənfi təsir göstərir”.

Ekspert bildirib ki, maşın bazarında satış demək olar ki, dayanıb: “Bazarda satılan 10 avtomobildən 7-si kredit yolu ilə satılırdı. Yəni, əvvəl 1 ayda 100 avtomobil satılırdısa, indi 20 avtomobil satılır. Alqı-satqı 1 ayın içində 8 dəfə azalırsa, bu, təbii ki, bazara ciddi maddi ziyan vurmaq deməkdir”.

Ramin DEKO