Ramiz Mehdiyevin təsəvvürlərinin tərsinə baxın
İlham Əliyev çox aqressiv davrandı. Əlbəttə, birinci dəfə deyil ki, o, məmurlarını başına yığıb Azərbaycandakı iqtisadi-filan uğurlardan danışır, sonda isə müxalifəti söyməklə ürəyini boşaldır. Iqtisadi uğurlar barədə raport yalandandır. Özü də bilir ki, bu raportun bütün müddəları və istinadları yalandır, ona görə də ürəyi boşalmır. Söyüşü isə ürəkdən və gerçəkdən söyür. Bu mərhələdə, o, özünə çox oxşayır, təbii halındadır. Buna görə də, ürəyi boşalır. Amma son məmur yığnağı bir neçə mühüm məqamla yadda qaldı.
Birincisi, ilk dəfədir ki, Ilham Əliyevin kimi söydüyü ilə bağlı polemika açmaq cəhdi oldu. Hərçənd, o, birmənalı şəkildə, öz söyüşünü seçkilərlə əlaqələndirmişdi. Seçkidə yenildiyi müxalifət düşərgəsinin qələbəsini ənənəvi olaraq mənimsəməklə kifayətlənməyib, yağlı bir söyüşlə də ürəyini boşaltdı. Qələbəni çırpışdırmaq olur, amma məğlubiyyətin acısını bəzən yalnız söyüşlə aparmaq olur. Buna görə də, Ilham Əliyevin bu söyüşü söydüyü zamana qədərki psixoloji durumu da maraqlıdır. Ikincisi, ya mən xatırlamıram, ya da ilk dəfədir ki, Ramiz Mehdiyev bütün məmurları Ilham Əliyevə bənzəməyə çağırır. Daha doğrusu, əmr edir ki, hamı ona bənzəsin. Hərçənd, bu dəvətin tamamilə yersiz olduğu gün kimi aydındır. Çünki Ilham Əliyev Lenin-filan deyil ki, “Lenin kimi yaşamalı, Lenin kimi işləməli…” devizini ortaya atıb bütün çinovnik ordusunu bir qəlibin içinə dürtəsən. Onsuz da, o, bir mükəmməl sistemin başında dayanıb və bu sistem onun kimi olmayanları çürüdür, məhv edir. Buna görə də, Əliyev hökumətinin Ramiz Mehdiyev başda olmaqla bütün məmurları Ilham Əliyevin ta kəndisinə bənzəyir. Ona bənzəməyin yolları isə mürəkkəb deyil. Azərbaycan bir korrupsiya ölkəsidir ki, bu sistemin daxilində olmaqla korrupsiyanın kənarında olmaq heç bir maraqlı inzibati perspektiv etmir. Deməli, istisnasız olaraq, bütün məmurlar öz liderləri kimi korrupsiyanın içindədirlər. Bütün məmurlar öz vəzifələrini övladlarına ötürməklə bağlı planlar qururlar. Bunun üçün mümkün olan və olmayan bütün yaramazlıqların öhdəsindən gəlirlər. Ilham Əliyev öz məmurlarını korrupsiya girovuna çevirdiyi kimi, bütün məmurlar da öz çevrələrini bu cür qandallayırlar. Azərbaycan daha Wikileaks-lərlə heyrətlənəcək ölkə deyil. Burada bütün növlərdən və ölçülərdən olan korrupsiya cinayətləri sadalanıb, sıfır diqqətlə rastlaşıb və bundan sonra hər hansı iqtisadi cinayət faktı ilə bağlı ictimai heyrət yaratmağın mümkünlüyünə şəxsən mən inanmıram. Dünyanı da heyrətləndirmək mümkün olmayacaq. Cənab Əliyev öz məmurları qarşısında mütəvazi davranışdan, rüşvət almamaqdan, vətəndaşları incitməməkdən,.. danışır. Təsəvvür edin ki, həmin məmurlar hətta buna da heyrətlənmirlər. Məsələ bunda deyil ki, təvazökar davranışı şərt olaraq çevrəsinə yükləmək haqqında danışan prezident cəmi bir neçə gün əvvəl 245 milyon dollaramı, manatamı bir özəl təyyarə alıb. Ölkədəki bütün sanballı korrupsiya faktlarının Əliyevlər xanədanı ilə bağlı olduğu da hər kəsə, hətta hər kəsdən daha artıq həmin çıxışı dinləməyə məcbur edilən məmurlara da bəllidir. Amma onlar da heyrətlənmirlər. Çünki onlar ölkədə nəyin necə baş verdiyinin başqa vətəndaşlardan daha əvvəl bilirlər. Onlar daha yaxşı bilirlər ki, 1969-cu ildən bəri korrupsiya ilə mübarizə elan edən Azərbaycan hakimiyyəti əslində Azərbaycan xalqına müharibə elan edib və hələ də qalibdir.
Anesteziya
Bəli, Azərbaycanda diktaturadır. Bu, siyasi diktatura deyil, çünki hakimiyyət siyasi əsaslar üzərində mövcud deyil. Bu, primitiv inzibati diktaturadır. Primitiv olduğuna görə də daha amansızdır. Çünki bu dünyada bütün qabalıqlar məhz, primitiv təfəkkür tərzindən doğur. Diktatura ilə mübarizə də ağırdır, uzun zaman və inzibati terroru durdura biləcək ictimai güc istəyir. Hərdən, yaxud da tez-tez müxalifəti qınayan, ittiham edən, hətta təhqir edən vətəndaş etirazlarına rast gəlirik. Bunların bəlli hissəsi təşkil edilən təhqirlərdir. Onlar Ilham Əliyevin bir neçə gün əvvəl söydüyü söyüşlərin təşkil edilən rezonansıdır. Amma mühüm hissəsi də primitiv inzibati diktaturanın ümidsizləşdirdiyi, faydalı enerjiyə çevrilməyə qoymadığı şil-küt edilmiş sosial təpərdir. Bu sosial təpər pessimizmə uğramasa diktaturaya qarşı savaş açan, onun metastazını durdurmaq üçün illərdir ki, uğraşan müxalifətin sıralarını genişləndirməklə deyil, heç olmazsa, ictimai keyliyin aradan qaldırılması üçün özünü səfərbər etməlidir. Sosial heyrəti sosial keyitmə ilə məhv edirlər. Ölkənin baş anestezioloqu sayılan Ramiz Mehdiyev məmurlara çağırış edir ki, onlar da Ilham Əliyevə bənzəməlidirlər, ondan nümunə götürməlidirlər. Amma bu nümunə nə ola bilər? Bir anlıq gözünüzü yumun və Ilham Əliyevdən hansı nümunələri götürməyin mümkünlüyünü göz qapaqlarınızın yaratdığı qaranlıqda təsəvvür edin. Spektral analiz sizə yardımçı olacaq… Siz bu nümunələri hansı şəkildə təsəvvür edirsiniz? Gözünüzün qarşısına talan edilmiş ölkə, zəbt edilmiş mülkiyyət, qarət həftələri, haram pul kütlələri, neft və qızıl yataqları… başqa nə gələ bilər ki? Ona bənzəməklə nə etmək olar?
Bəs, ona bənzəməsəniz nələr olar?
Amma ona bənzəməməklə də nə etmək olar sualını canlandırın. Doğrudan da, axı Azərbaycan prezidenti Ilham Əliyevə bənzəməyən bir prezident və ona oxşarlığa məcbur edilməyən məmur korpusu olsa ölkə bundan nələri qazanardı? Təsəvvür etməyə çalışın. Burada sizə spektral analiz yardım etməyəcək, çünki siz uzun müddətdir görmədiyiniz, bəlkə də heç zaman görmədiyiniz, yalnız başqa ölkələrdə müşahidə etdiyiniz və ya eşitdiyiniz xoşbəxtliklər haqqında təsəvvürlərinizi Azərbaycanın üzərində hərləməlisiniz. Ölkənin sərvətlərinə tamah salmayan bir prezidentiniz olsa, sizcə bunun vətəndaşlara xeyrimi, ziyanımı var? Mayası rüşvətlə yoğrulan və korrupsiya girdabında hırıldayan məmur korpusu olmasa, Azərbaycan daha pis gündə olarmı? Vətəndaşları özünü yandırmağa qədər ümidsizliyə və mütiliyə, qorxaqlığa itələyən bir idarəetmə olmasa, bundan Azərbaycan xalqı çoxmu itirər? Ramiz Mehdiyevin “Ilham Əliyevə bənzəyin” əmrini dinləyin və kabinetinizin qapısını arxadan möhkəmcə bağlayıb gözünüzü yumun, bircə dəqiqəliyə təsəvvür edin ki, siz daha Ilham Əliyevə bənzəmirsiniz. Sonra gözünüzü açıb bütün həyatınıza nifrət edin. Və bütün vətəndaşlarımız üçün test. Həyatınızda bircə anlıq təsəvvür edin ki, bu ölkənin prezidenti Ilham Əliyevə bənzəmir. Qorxmayın, təsəvvür etmək üstündə cəzalandırmırlar…