İsrail Əliyevi sildi

Təl-Əvivin Bakı ilə əlaqələrini yaymasının sirri: “Bakı artıq dostumuz deyil!”

İsrail silahlı qüvvələrinin rəsmi saytında Azərbaycan MOSSAD-la əməkdaşlıq edən dövlətlər sırasında göstərilib.  Bu addım hansı zərurətdən yaranıb? Israil nə demək, daha doğrusu, nə etmək istəyir? Bu cür məlumatın yayılması bizim regiondakı mövqelərimizə hansı təsiri göstərəcək? Türkiyə və Iranla bu məsələləri necə qaydasına qoyacağıq? Bütün bu sualların cavabları həm də imkan verəcək ki, biz Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeni mövqeyi barədə aydın təsəvvürə malik olaq.

İran bilirdimi?

Əslində, bu, Iran üçün yeni xəbər deyil. Iran hökuməti uzun zamandır ki, Azərbaycanı Israillə əməkdaşlıqda ittiham edir. Bunun arxasında müəyyən edilmiş faktlar olmasa, təbii ki, Iran bu qədər açıq bəyanatlarla ittihamlar irəli sürməzdi. Ona görə də bu xəbərin münasibətlərdə kəskin dönüş yaradacağını düşünmək doğru olmaz.
Bu, Türkiyə ilə bağlı da belədir. Ola bilsin ki, rəsmi Ankara Tehrandan fərqli olaraq, mənəvi məsələni qabarda bilər. Bu mənada ki, Bakı onun kəskin ziddiyyətdə olduğu dövlətlə belə yaxınlıq içərisindədir.

Azərbaycan səhvmi edib?

Azərbaycan Israillə əməkdaşlıqda səhvmi edib? Bu, nisbi sualdır. Çünki Türkiyəyə münasibətdə müəyyən ziddiyyətli nöqtələr tapmaq olar. Amma Irana münasibətdə bunu demək olmaz. Üstəlik, Türkiyə Israillə üçüncü dövlətə görə pozuluşub, Ermənistanla açıq əlaqələr qurmaq istəyir. Yəni, bu meyara görə də rəsmi Bakını tam qınamaq olmaz. Digər tərəfdən, bütün tənqidlərə baxmayaraq, Israillə müttəfiqlik vacibdir. O zaman bu məsələdə bizim üçün diqqət yetirilməli məqamlar hansılardır?

İsrail nə deyir?

Ortada olan budur ki, Israil Azərbaycanla əlaqələrini ifşa edib. Bu, çox aydın bir mesajdır ki, Azərbaycan artıq bu ölkə üçün strateji əhəmiyyət daşımır. Əgər belə olmasaydı, bu cür açıq ifşaya yol verilməzdi. Əlbəttə, dövlətlər və onların xüsusi xidmət orqanları bir-birilə işləyə bilərlər. Amma bu günə kimi hansı kəşfiyyat orqanı öz müttəfiqlərinin siyahısını açıqlayıb, özü də bu şəkildə?
Bu məsələdə çətin vəziyyət həm də ona görə yaranıb ki, Azərbaycan uzun illərdir informasiya məsələsində Israilə etibar edib və bundan sonra bu boşluğun nə ilə doldurulacağı xeyli ciddi suallar yaradacaq. Məsələn, işğal olunmuş torpaqlarımızdakı ehtimal edilən əməliyyat dəyişiklikləri barədə Israil informasiyalarına istinad etdiyimiz sirr deyildi. Amma son addım Ilham Əliyevin özü başda olmaqla, Azərbaycan hakimiyyəti üçün bir siqnal olmalıdır ki, bu vəziyyət dövlət, eləcə də siyasi komanda üçün nə deməkdir?
Aydındır ki, bu addım Ilham Əliyevlə müttəfiqlikdən imtina etməkdir. Bu həm də başqalarına mesajdır ki, Əliyevin Israil tərəfindən dəstəklənməsi artıq tarixdir. Indi isə yeni situasiya var.

İsrail bunu niyə edir?

Məsələ çox mürəkkəbdir. Fikrimcə, bunun bir ucu, hətta uzun zamanlar Israil mediasında “Azərbaycan Israilə hərbi baza üçün yer verib” mahiyyətli yazıya da gedib çıxa bilər. Bir qədər yaxın keçmişdə olan Merkelin ABŞ tərəfindən dinlənməsi xəbərinə, nəhayət, ABŞ rəsmisi ilə bu ölkənin Ukraynadakı səfirinin telefon danışığının yayılmasına da… Əlaqə nədir? Məsələ burasındadır ki, ABŞ artıq yeni siyasət yürüdür və bu siyasətdə Israil əhəmiyyətli rola sahib deyil. ABŞ Iranla münasibətləri yumşaldır. Deməli, Israil Irana qarşı qabardılmış əhəmiyyətini itirir. Buna görə də ilk iş kimi, Avropa Birliyi liderləri ilə Ağ evin arasını vurmaq cəhdi edildi. Burada məqsəd o idi ki, Avropa Birliyi Iranla yumşalma diplomatiyasını səngitsin. Amma buna nail ola bilmədilər. Sonuncuda isə ABŞ rəsmisinin Avropa Birliyinə söyüşləri yayıldı. Bu da ciddiyə alınmadı. Indi isə prosesə Iranı provakasiya etməklə, müdaxilə niyyəti güdür.
Azərbaycanın Israillə əlaqəsi Iranı qıcıqlandıra bilər. Bu zaman Iran-Azərbaycan münasibətləri də gərginləşə bilər. Yəni, ABŞ-Iran münasibətləri pisləşər. Bu olmasa belə, Israil Iranın qıcıqlanmasında öz “müttəfiqini” “müdafiə etmək” istəyər. Nəhayət, bütün bu proses suya düşər. Bu mənada, biz həm də Iranın davranışına fikir verməliyik ki, Israilin bu cür münasibətinə hansı qütb necə reaksiya verəcək.
Şübhəsiz ki, bu məsələdə Azərbaycanı hədəfə alan tərəf Israillə danışıqlı döyüş içində olan tərəf olacaq. Heç kim şübhə etməz ki, hazırda Iranda da ABŞ-la münasibətlərin yaxşılaşmasından narahat olan dairələr var. Çünki bu ölkədə də xeyli qüvvələr var ki, ABŞ-la ziddiyyətdən pul qazanır. Bu mənada, hazırkı situasiya həm də kimin kiminlə əlaqədə olduğunu aydınlaşdırmaq üçün indikator rolunu oynayacaq.

Azərbaycanın yeri…

Nəhayət, Azərbaycan hakimiyyəti hazırda beynəlxalq münasibətlər sistemində öz mövqeyini tamamilə itirib. Artıq dövləti elə formaya salıblar ki, hansısa xüsusi xidmət orqanı Azərbaycandan öz maraqları naminə istifadə etmək planları qurur. Bu həm də bizim üçün daha ağır provakasiyalara qurban getmək təhlükəsi baxımından SOS olmalıdır. Dövlətə sahib çıxmasaq, onu tamamilə itirə bilərik.