Dünən baş tutan, heyrətamiz qorxu və qorxu ucbatından da vəhşiliklə dağıdılan dinc aksiyadan sonra “Tarqovı”da yeyib-içmək adıyla Siyavuş Novruzovla mitinqə, polis vəhşətinə tamaşaya gələn Mübariz Qurbanlı deyib:
“Heç kimə zor tətbiq edilməyib. Londonda aksiyaların necə dağıdılmasını görmüsüzmü?.. Azərbaycan polisi aksiyanın qarşısını qanuni və humanist şəkildə alıb”.
Mən bir fərd olaraq bütün hallarda şiddətə, vəhşiliyə, qana, işgəncəyə qarşı olan adamam. Insanların yalnız qanunla nəzərdə tutulduğu şəkildə öz suçuna görə cəzalandırılmasının tərəfindəyəm. Qurbanlı özü də bilir ki, boş və mənasız danışır. Yalan danışır. Sadəcə, onun bütün varlığını bürüyən nifrət və ağaları qarşısında keçirməli olduğu və keçirdiyi qorxu onu bu cür danışmağa məcbur eləyir. Bax, məhz bu cür danışdığına görə, prinsiplərimə zidd olaraq, haçansa dünyanın gözəl bir vaxtında hansısa bir mitinqdə, aksiyada onun sərbəst toplaşmaq hüququndan istifadə eləməyə cəhd göstərdiyi bir məqamda bu cür “humanistcəsinə” susdurulmasını gözlərimlə görməyi istərdim.
Istərdim hansısa qansız, əmrə kor-koranə itaət eləyən, rəisinin xoşuna gəlmək üçün vəhşiliyini, qəddarlığını eynən YAP polisləri kimi birə beş artıran cahil bir polis nəfəri onun qollarını buraydı, yerə yıxaydı, daş döşəli küçəylə sürüyəydi, sonra qolunu qıraydı, ayaqlarına, başına, gözünə yumruqla, dubinkayla vuraydı, ən təhqiramiz ifadələrlə aşağılayaydı, boynunu buraydı, ağzını kirli və qaba əllərilə tutaydı, pencəyini, köynəyini əynindən çıxaraydı, eynən indiki aksiyada olduğu kimi itqusdu eləyib polis sərəncamına verilmiş avtobusa basaydı, sonra içəri qaz buraxaydılar, nəfəsi kəsiləndə, gözləri sulanıb acıdan hədəqəsindən çıxmağa qalanda şüşəni açmaq istədiyində, polis yenidən dubinkanı paya kimi onun qarnına soxaydı və yenidən bədənini zopaya dolayaydı…
Və bu anda bir jurnalist ona yanaşıb, nə baş verdiyini soruşaydı. Mən onun verdiyi cavabı, şərhi eşitmək istərdim. O, haqlı olaraq polis vəhşiliyindən danışaydı. Bu dəmdə jurnalist də Allahdan yazımızın əvvəlində verdiyimiz münasibəti Qurbanlıdan almış həmin jurnalist olaydı və dərhal onun öz səsini qoyub deyəydi:
– Mübariz müəllim, bu səs, bu sözlər sizə tanış gəlirmi?
Onun bu səs yazısını dinləyəndən sonra hansı hissləri keçirəcəyini təsvir eləməyi buraxaq yazıçılarımızın öhdəsinə və bunu əlavə eləyək: – Müəllim, qorxmayın, bu sadəcə sizin içinizdə uyutduğunuz vicdanı oyatmaq üçün bir nağıl idi. Elə bir şey heç vaxt baş verməyəcək. Azərbaycanın gələcəyində heç vaxt sizin qurmuş olduğunuz zülm, işgəncə, yalan, riyakarlıq, qəddarlığa əsaslanan bir rejimə bənzəri olmayacaq. Əgər o zaman hansısa möcüzə sayəsində hələ də cəmiyyətə çıxmaq kimi bir lüksünüz qalmış olsa, hətta utanıb-qızarmadan nəsə siyasi bir əyləm yapmaq istəsəniz belə… sizi siz elədiyiniz kimi çarmıxa çəkməyəcəklər. Axı sizinlə savaşanların məqsədi də elə budu – kimliyindən asılı olmadan hər bir Azərbaycan vətəndaşının hürr, söz demək, əyləm yapmaq, etiraz bildirmək, yanlışlığı tənqid eləmək hüququ olsun. Bir ovuc üz qarası saraylarda yaşayıb, qalanları isə ac və məzlum kölə durumunda olmasın. Xalq dövlətdən yox, dövlət xalqdan çəkinsin, təzim eləsin, dövlət başçısı vətəndaşlarını yox, vətəndaşlar dövlət başçısını seçsin. Elə bir dövlət qurulsun ki, onun başında duran şəxs yumurtanın qiymətilə yox, insanın qiymətilə maraqlansın.
Və yeri gəlmişkən, sizin qəbilə yalnız dünyada baş verən ən murdar şeylərdən nümunə götürməyə and içibmi? Yəni Londonda, lap elə bütün dünyada əxz eləməyə başqa heç nə görmürsünüzmü? Eybi yox, haçansa sizə göstərərlər. Fikrinizi azdırmayın, söhbət gözəllikdən gedir.
Mübariz Qurbanlının sabahı üçün
•
•