“Mossad”ın Azərbaycandan İrana qarşı fəaliyyət göstərdiyi açıqlandı
İsrail ordusunun rəsmi saytında “Mossad” kəşfiyyat orqanı ilə bir çox ərəb və müsəlman ölkə arasındakı təhlükəsilzik, kəşfiyyat və hərbi əməkdaşlıq barədə maraqlı məlumat yayılıb. “Mossad”la əməkdaşlıq edən ölkələr arasında Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan və Azərbaycanın adı var.
Saytın məlumatına görə, İsrail Azərbaycan və Əfqanıstana silahları Pakistan vasitəsi ilə satıb. Hərbi ixracatdan başqa, strateji təhlükəsizliklə də bağlı işlər götrülür. Buna misal olaraq Azərbaycanla əlaqələrdən İran haqqında məlumat toplamaq üçün istifadə edildiyinə diqqət ayrılıb.
Xəbəri Türkiyənin “Dünya bülleteni” portalı yayıb. Qeyd edək ki, Iran və Türkiyənin Israillə münasibətləri gərgindir. Bu baxımdan belə bir xəbərin yayılması Azərbaycanın hər 2 ölkə ilə münasibətlərinə xələl gətirə bilər. Indiki halda isə yayılan məlumat birbaşa Iranla əlaqələndirilir. Qeyd edək ki, bir müddət öncə oxşar xəbərlər yayılmışdı və Iran tərəfi buna etirazın bildirmişdi.
«İsraillə əməkdaşlıqdan imtina Azərbaycanın maraqlarına uyğun deyil»
Millət vəkili Zahid Oruc hesab edir ki, yayılan məlumatları mötəbər saymaq olmaz və Azərbaycanı risqli bir oyuna çəkmək məqsədi daşıyır: “Israil Azərbaycan münasibətləri hər zaman normal olub və mövcud siyasət bu əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir: ”Xatırlayırsınızsa bir müddət əvvəl belə bir xəbər yayılmışdı ki, Azərbaycanda müxtəlif cihazlar qurulub və bu cihazlar vasitəsilə Iranın məxfi məlumatları dinlənilir. O, zaman Iranın dini liderləri buna aqressiv reaksiya verdi və Azərbaycanın təhlüksəzilik orqanları müəyyən cəsusları deşifrə etməyə məcbur oldu. Bunlar qlobal bir oyunun tərkib hissəsiydi və bu çox risqli bir oyundu. Əksinə, Azərbaycan Iran əleyhinə sanksiya qərarını tam bölüşmədi, o alyansda yer almadı. Ona görə də indiki məlumatların mötəbərliyi, məqsədi, Türkiyə mənbələrindən ictimailəşdirilməsi xeyli düşündürücüdür. Inanmıram ki, Iran tərəfi buna isterik reaksiya versin və Azərbaycandan cavabdehlik istənilsin. Ancaq, Israillə əməkdaşlıq prioritetdir və bundan imtina etmək maraqlarımıza uyğun deyil”.
«Bu xəbərin yayılması daha çox İsrail-Azərbaycan münasibətlərinin korlanmasına xidmət edir»
Siyasi ekspert Elxan Şahinoğlu yayılan məlumatın reallığa uyğun olmadığını bildirdi: “Bu xəbərdə müəyyən ziddiyyətlər var. Əvvəla Azərbaycan Israildən silah almaq istəyirsə, bunu başqa ölkələr vasitəsilə həyata keçirməyə ehtiyac yoxdur. Çünki, Qərb ölkələri Qarabağ faktoruna görə Ermənistana və Azərbaycana silah satmağa embarqo qoyub. Yəni, Azərbaycan çox asanlıqla Israildən silah ala bilir. Bu məsələdə Iran faktoru da şişirdilə bilməz. Çünki, Iran özü də dəyişir və Qərblə yaxınlaşma hiss olunur. Hətta Iranın xarici işlər naziri çıxışında bildirdi ki, 2-ci dünya müharibəsi zamanı yəhudi xalqına qarşı soyqırım həyata keçirilib və bu bir daha təkrarlanmamalıdır. O ki, qaldı ”Mossad”ın Azərbaycan vasitəsilə Irana təsir etməsinə bu reallığı əks etdirmir. Hətta Irana qarşı hərbi müdaxilədən söhbət gedəndə də, Azərbaycan tərəfi birmənalı buna etiraz etdi. Yəni, Azərbaycan bu risqli məsələyə imza atmaz və bu bizim maraqlarımıza uyğun deyil. Ona görə də bu xəbər dezinformasiya xarakteri daşıyır. Bu xəbərin yayılmasında məqsəd Iran -Azərbaycan əlaqələrinin korlanmasına deyil, Israil-Azərbaycan münasibətlərinin korlanmmasına nail olmaqdır”.
Akif