Görünməmiş inkişaf

İlham Əliyevin sədrliyi ilə “regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunan konfrans” keçirilib, düzü, orada nə deyildiyindən, nə danışıldığından xəbərim yoxdur, heç oxumağa maraq və həvəs də yoxdur. Onsuz da çıxışların məzmununu üç aşağı, beş yuxarı təxmin etmək olar, “yeni iş yerləri”, “abadlıq-quruculuq”, camaat rayonlarda, kəndlərdə yağ-bal içində yaşayır, süd gölündə çimir və sair və ilaxır.   

Real mənzərə isə hamımıza bəllidir. Rayonlardakı vəziyyəti gedib görürük. Insanların üzündən təbəssüm yoxa çıxıb, içlərində gələcəklə bağlı heç bir ümid yoxdur. Bir “nə var, nə yox” sualına bənddirlər, o saat bir yumub beş tökürlər, giley-güzar, şikayət yağışının tut ucundan göyə çıx.

Dünən isə dəyərli iqtisadçımız Rövşən Ağayevin sosial şəbəkələrdən birində yazdıqlarından belə başa düşdüm ki, əslində bölgələrdəki gerçək durum hətta bunların öz rəsmi statistikalarında belə çılpaq görünür, amma əziyyət çəkib öz rəsmi statistikalarını da oxumurlar.  

Rövşən bəyin təkcə Şəki-Zaqatala regionunun timsalında ortaya çıxardığı rəsmi rəqəmlər hər şeyi gözlər önünə sərir. Gəlin birlikdə oxuyaq: “Tarixən Şəkinin iqtisadiyyatında ipəkçiliyin xüsusi rolu olub. 2005-ci ildə bu rayonda 58.4 ton xam ipək istehsal edildiyi halda, 2012-ci ildə 30 dəfəyədək azalaraq 2 tona enib. 2005-ci ildə bu rayonda 38 min kvadratmetr sintetik saplar istehsal edilib, 2012-ci ildə istehsal tam dayanıb. Şəkidə 2008-ci ildə 1 milyon kvadratmetr pambıq parça istehsal edilib, 2012-də istehsal 10 dəfə azalaraq 114 min kvadratmetrə enib. 2005-ci ildə Şəkidə 277 ton fermentləşdirilmiş tütün istehsal edilib, 2012-də tütün istehsal tamamilə yoxa çıxıb. 2005-də Şəkidə sənaye müəssisələrində 3 min nəfər çalışdığı halda, 2012-də 1900 nəfərə düşüb. 

Eyni vəziyyət həmin regionun lideri sayılan Qəbələdə də müşahidə olunur. Bu rayonda 2006-cı ildə 226 ton fermentləşdirilmiş tütün istehsal edilib, amma 2012-də tütün istehsalından əsir-əlamət qalmayıb. Bunun əvəzində “Gilan”ın şirə istehsal yaradılıb. Amma statistika göstərir ki, 2010-2011-ci illərdə Qəbələdə 1 milyon dekalitrə yaxın şirə istehsal olunsa da, 2012-ci ildə həmin göstərici 30% azalaraq 770 minə enib. Rayonda lift zavodu yaradıblar, 2008-də 200-dək lift istehsal edilsə də, 2012-də 60 ədədə enib.

Qaxda 2005-də 338 ton mineral və qazlı sular istehsal olunur, 2012-də su istehsalı 2 dəfə azalaraq 167 min tona enir. Qaxda 2005-də 77 ton fermentləşdirilmiş tütün istehsal edilib, 2012-də tütün istehsalı tam yoxa çıxıb. 2005-də meyvə və qoz-fındıqdan hazırlanan konservləşdirilmiş məmulatlar istehsalı 440 ton təşkil etdiyi halda, 2012-də 10 dəfə azalaraq 43 tona enib”.

Əlbəttə, əlavə sözə ehtiyac qalmır. Digər bölgələrdə də vəziyyət bu cür, hətta bundan da bərbaddır. 

Amma yeri düşüb, bir məqamı qeyd etmək istəyirəm. 

Son günlər ciddi müzakirə mövzusu olan azərbaycanlıların Suriyaya döyüşməyə getməsi faktı həm də bölgələrdəki içacıdıcı durumu gözlər önünə sərir. Çünki belələri məhz ayrı-ayrı rayonların sakinləridir. Bəs hanı “regionların sosial-iqtisadi inkişafı?”. Axı aydın görünür ki, işsizlik və yoxsulluq, üstəlik, təhsilin ölkəboyu məhv edilməsi gəncləri çox asanlıqla istənilən dini təriqətin təsir dairəsinə sala bilir. Suriyada mücahidliklə bağlı vəziyyətin indiki dəhşətli həddə çatması ilk növbədə bölgələrdə həyatın dayanmasıdır, sosial ehtiyacların xirtdəyəcən çıxmasıdır. Haqqında bəh-bəhlə danışılan dövlət proqramlarının iflasa uğraması, ayrılan milyardlarla manatların isə regionların deyil, bir qrup adamın “iqtisadi inkişaf”ından başqa bir şeyə yaramamasıdır.

Unutmayın: bu dünyada cəhənnəmi diri gözlü yaşayanları “cənnət” vədi ilə Suriyaya döyüşməyə də apararlar, hələ o tərəfə də keçərlər. 

P.S. Dünən marşrut avtobusunda gedərkən radiodan eşitdim, beş-altı dəqiqə ərzində “ölkəmizdəki görünməmiş inkişaf” sözlərini yalan olmasın, bəlkə on dəfə təkrarladılar. Sözə bax ha, “görünməmiş inkişaf”. 

Biz də elə onu deyirik də. Deyirik, göstərin inkişafı, biz də görək.