«Azərbaycanda bütün məhkəmə orqanları obyekt kimi fəaliyyət göstərir və MMC kimi idarə olunur»
«Bakı Apelyasiya Məhkəməsinin hər hansı hakiminin mənim işimdə hakim kimi iştirakına etiraz edirəm»
Tanınmış hüquqşünas, Milli Şuranın üzvü Qurban Məmmədovun kiçik bir avtomobil qəzasına görə 3 il azadlıqdan məhrum edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayəti üzrə dünən hazırlıq iclası keçirildi. Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesi izləyənlər arasında Milli Şuranın sədri Cəmil Həsənli, məşhur hüquqşünas Namizəd Səfərov, hüquq müdafiəçisi Vidadi Isgəndərli, keçmiş müdafiə naziri Rəhim Qazıyev və başqaları vardı.
Qurban Məmmədov dəmir barmaqlıqlar arxasında yenə gümrah görünürdü, kifayət qədər də nikbin idi. O, hər kəsi salamladı, azadlıqda olan dostlarına “sağlamlıqlarını qorumağı” tövsiyə etdi.
“Azərbaycanda siyasi sifarişə boyun əyməyən hakim yoxdur”
Qurban Məmmədovun hüquqlarını müdafiə edən vəkillərdən biri – Xalid Bağırov prosesdə iştirak etmirdi. Hakim Qurban Məmmədovdan həmin vəkilinin iştirakı olmadan məhkəmənin keçirilməsi məsələsinə münasibətini soruşanda onun cavabı belə oldu: “Mənim vəkillərim güclüdür, biri də bu işi görə bilər”.
Hakim bildirdi ki, Qurban Məmmədov bu barədə razılığını yazılı şəkildə məhkəməyə təqdim etməlidir.
Qurban Məmmədov etiraz etmədi: “Yazaq da… Yazaq ki, guya, burada proses gedir, ciddi araşdırma-filan var görüntüsü yaransın”.
Ərizədən sonra prosedura uyğun olaraq, hakim tərəflərdən məhkəmə heyətinə etiraz olub-olmadığını soruşdu. Suala cavab olaraq, Qurban Məmmədov bildirdi ki, onun işinə çıxan hakimlərin müstəqil olmadığını onun özü də bilir: “Ümumiyyətlə, Azərbaycanda siyasi sifarişə boyun əyməyib, obyektiv iş apara bilən hakim yoxdur”.
Çıxışın bu yerində hüquq müdafiəçisi Vidadi Isgəndərli yerindən “Ermənistanda var” replikasını verdi. Onun dedikləri hakimin etirazına səbəb oldu. Hakim əvvəlcə “Xəbərdarlıq edirəm, bir də yerindən danışma” desə də, dərhal fikrini dəyişdi və Vidadi Isgəndərlidən məhkəmə zalını tərk etməyi tələb etdi.
Hakimin bu addımına Rəhim Qazıyevin sonradan maraqlı reaksiyası oldu: “Qurban bəy də düz eləmir də. Deyir ki, hakimlər sifarişlə işləyir, müstəqil deyil. Bəs necə olur ki, cənab hakim heç kimlə zəngləşmədən, məsləhətləşmədən istədiyi adamı zaldan qova bilir?”
“Apelyasiya Məhkəməsinin sədri mənimlə düşmənçiliyə görə…”
Qurban Məmmədov hakimlər heyətinə etiraz verdi. Bildirdi ki, işinə baxan hakimlər savadsız və qərəzli olduqlarından onlardan ibarət məhkəmə tərkibinə etiraz edir: “Azərbaycanda bütün məhkəmə orqanları obyekt kimi fəaliyyət göstərir və Məhdud Məsuliyyətli Cəmiyyət kimi idarə olunur. Bütün məhkəmə instansiyalarının hakimləri kimi, apelyasiya məhkəmələrinin hakimləri də müstəqil deyil. Konstitusiyada ”hakimlərin müstəqilliyi” prinsipi nəzərdə tutulsa da, bu, sadəcə, məhkəmələrin indiki rejimin əlində qisas dəyənəyi kimi istifadə edilməsini pərdələmək üçündür, kağız üzərində qalmaqla, deklorativ xarakter daşıyır.
Rayon və apelyasiya məhkəmələri, təsisçisi bir nəfər olan MMC kimi, onun sədri tərəfindən təkbaşına idarə olunur. Siz də Bakı Apelyasiya Məhkəməsinin bir işçisi kimi, məhkəmə sədrinin göstərişlərini icra etməyə məhkumsunuz. Sizdən əvvəlki həmkarlarınız etdiyi kimi…
Bundan əvvəl Bakı Apelyasiya Məhkəməsində hakimlər Camal Ramazanov, Mirzəli Abbasov və Faiq Qasımovdan ibarət tərkibin 4 iyun 2013-cü il tarixli qərarla Nəsimi rayon məhkəməsinin qərarını qüvvədə saxlaması, Rizvan Səfərovun Nəsimi məhkəməsinin 4 iyun 2013-cü il tarixli qərarından verilən şikayəti rədd etməsi, Mirzəli Abbasov, Əmir Bayramov və Əflatun Qasımovdan ibarət tərkibin Nəsimi rayon məhkəməsinin 1 avqust 2013-cü il tarixli qərarını qüvədə saxlaması, Vaqif Mursaqulov, Mirpaşa Hüseynov və Əflatun Qasımovdan ibarət tərkibin Nəsimi rayon məhkəməsinin 12 avqust 2013-cü il tarixli qərarını qüvvədə saxlaması heç bir qanuni əsaslar olmadan, siyasi rejimin tapşırığı, Apelyasiya məhkəməsinin hakimlərinin iştirakı və bu məhkəmənin sədrinin göstərişilə həyata keçirilib.
Apelyasiya Məhkəməsinin sədri özünün xidməti maraqlarına və ya mənimlə şəxsi düşmənçiliyə görə mənim hüquqlarımın pozulmasında açıq şəkildə və kobud qanunsuz göstərişlərilə birbaşa iştirak edir. Hazırkı işlə bağlı mənim və müdafiəçilərimin verdiyimiz vəsatətləri heç bir fakta, sübuta, sağlam arqumentə və hüquq normasına istinad etmədən, əsassız olaraq təmin etməmisiniz.
Buna görə də sizin və Bakı Apelyasiya Məhkəməsinin hər hansı hakiminin mənim haqqımda olan cinayət işində hakim kimi iştirak etməsinə etiraz edirəm. Siyasi rejimin qanunsuz tapşırıqlarına etiraz edə biləcək hər hansı digər apellyasiya məhkəməsi sədrinin tapılacağına ümid edərək, işin başqa apellyasiya məhkəməsinə verilməsi üçün Ali Məhkəməyə göndərilməsini xahiş edirəm”.
Vəsatətə fevralın 14-də keçiriləcək növbəti məhkəmə iclasında qiymət veriləcək.
Natiq