Samir Əliyev: «Belə olsa, dünyada və Azərbaycanda ərzağın qiyməti bahalaşacaq»
Yaxın Şərqdə və Şimali Afrikada yaşanan gərginlik dünya bazarında neftin qiymətinə təsir edir. Artıq London birjasında “Brent Crude Oil” markalı neftin bir barrelinin qiyməti 2,25 dollar artaraq 117,20 dollara çatıb. Bəzi ekspertlər isə neftin qiymətinin 200 dollara qədər yüksələcəyini proqnozlaşdırırlar. Maraqlıdır, neftin bu səviyyəyə qədər bahalaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Iqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, neftin qiymətinə Liviyada baş verən proseslərin xüsusi təsiri var. Çünki Liviya Avropanı neftlə təmin edən əsas ölkələrdən biridir: “Liviyada məlum proseslərin baş verməsi ona gətirib çıxardı ki, Avropada neftin qiyməti yüksəldi. Bu gün neftin qiymətinin 200 dollara qalxması ehtimalı var. Proseslər ləngidikcə bu ehtimalın reallıq dərəcəsi də artacaq”.
S.Əliyev deyir ki, neftin bahalaşması avtomatik olaraq dünyada və Azərbaycanda ərzağın qiymətinin yüksəlməsinə səbəb olacaq: “Dünyada ərzağın qiyməti onsuz da artır. Neft bahalaşsa, qiymət bir az da yüksələcək. Bu da idxaldan asılı olan Azərbaycana çox yaxından təsir edəcək. Həmçinin inflyasiya da baş verəcək ki, hökumət də bunun qarşısını almaq üçün manatı möhkəmlətməyə, dolları ucuzlaşdırmağa məcbur olacaq. Bu halda da dolların məzənnəsi təxminən 75-76 qəpik olacaq”.