“Əli Həsənov qazandıqlarına haqq qazandırmaq istəyir”

Nurəddin Məmmədli: «Mübarizəni kiməsə bənzəmək üçün yox, Azərbaycanı əlihəsənovlardan xilas etmək üçün aparırıq»

 

“Xarici ölkələrdə nəsə baş verəndə müxalifət hər dəfə onu Azərbaycanda tətbiq etmək istəyir, bunu təqlid etməyə çalışır. Bunlar bir vaxtlar gürcü olmaq istədilər, alınmadı, sonra ukraynalı, qırğız olmağa çalışdılar, o da alınmadı. Indi isə ərəb olmaq fikrinə düşüblər. Bütün bunlar Azərbaycan müxalifətinin nə qədər miskin vəziyyətdə olduğunu göstərir. Bu açıqlama ilə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edib. Ə.Həsənov onu da bildirib ki, Azərbaycan müxalifətinin hazırkı hərəkətləri ilə bağlı nə daxildən sosial sifariş, nə də xaricdən bu işi yönəldən, müxalifətin arxasında duran mərkəzləşmiş qüvvələr, hazır ssenarilər var: ”Sadəcə olaraq görürlər ki, haradasa nəsə olur, belə qərara gəlirlər ki, biz yubandıq, nəsə etməliyik”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli deyir ki, Azərbaycan müxalifəti Əli Həsənovun söz açdığı ölkələrin heç birinə bənzəmək istəmir. Müxalifət üçün nümunə Azərbaycan türkünün şərəfli tarixidir: “Mübarizəni də kiməsə oxşamaq üçün yox, Azərbaycanı əlihəsənovlardan xilas etmək üçün aparırıq. Bu gün Azərbaycan kiçik bir qrup tərəfindən işğal olunub. Böyük iqtisadi uğurlardan danışan bu hakimiyyət dünyada baş verən proseslərin fərqində deyil. Bu da ölkəni çox pis gələcəyə sürükləyir. Bizim apardığımız mübarizə bu korrupsioner, xalqa qənim kəsilən bir hakimiyyətə qarşıdır”.
N.Məmmədli bildirir ki, Əli Həsənov uzun illərdir həqiqətə söykənən hər hansı fikrin müəllifi deyil: “Əli Həsənov qazandıqlarına haqq qazandırmaq üçün müxalifəti qaralamaqla məşğuldur. Amma bu karvanın geri qayıdan vaxtı da olacaq. Bu gün bizi oxşatdığı ölkələrdə baş verən proseslər Azərbaycana çatanda Əli Həsənov və onun kimilərin xalq qarşısında cavab verəcəyinə şübhəm yoxdur. Əli Həsənov da bu şübhədən nə qədər tez xilas olsa, bu həm özü, həm də Azərbaycan xalqı üçün xeyirli olar”.