Goranboy və Masallıda İP-nın yerli təşkilatı yaradıldı

Rayonlarda İctimai Palataya üzv olmaq istəyənlərin sayı çoxdur

 

Ictimai Palatanın regionlarda yerli təşkilatları yaranır. Qurumun yerli şöbələrindən biri bugünlərdə Goranboyda yaradılıb. AXCP, AMIP, KXCP və Müsavat partiyasının hərəsindən 4 nümayəndə olmaqla, martın 28-də təşəbbüs qrupunu, martın 31-də isə Ictimai Palatanın Goranboydakı təşkilatını yaradıblar.
Bu barədə “Azadlıq”a AXCP-nin Goranboy rayon təşkilatının Məclis üzvü Xəyal Avazov məlumat verib. O bildirib ki, Ictimai Palataya üzv olmaq üçün Goranboy ziyalıları müraciət ediblər. Onlar yaxın günlərdə geniş iclas keçirməyi planlaşdırırlar. Həmin iclasda üzvlük məsələsi həll olunacaq. Ötən gün keçirilən iclasda isə yaxın zamanlarda bölgələrdə mitinqlərin keçirilməsilə bağlı müzakirələr aparılıb.
Dünən Masallıda da AXCP, KXCP, AMIP və Müsavat partiyasının nümayəndələri və ziyalılar Ictimai Paltanın yerli təşkilatını yaradıblar. Bu barədə məlumat verən AXCP-nin Masallı rayon təşkilatının sədri Əlişir Bəşirlinin sözlərinə görə, yaxın günlərdə toplaşıb bir sıra məsələləri müzakirə etməyi planlaşdırırlar.

 

Aqşin