Ramiz Mehdiyevi “Facebook”da topa tutdular

PA rəhbəri sosial şəbəkədə tənqidlərlə qarşılandı

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev facebook-a qoşulub. Sosial şəbəkədə aktiv olan etirazçı gənclər isə həmən Ramiz Mehdiyevin səhifəsinə tənqidlər yazıblar. Həmçinin PA rəhbərinə müxtəlif məzmunlu şikayətlər ünvanlanıb. Ramiz Mehdiyev tənqidlərdən və şikayətlərdən qurtulmaq üçün isə bunu yazan istifadəçiləri əngəlləməyə üstünlük verib. Eyni zamanda yazılanlar dərhal silinir. 
Ona görə də nümunələri təqdim edə bilməcəyik. Lakin bəzi gənclər yazdıqlarını əvvəlcədən skreen şot edib, paylaşıblar.
Məsələn, fəal gənclərdən biri facebook səhifəsində yazıb ki, aşağıdakı şərhinə görə əngəllənib: “Tənqidi şərhlər yazdığıma görə, İlham Əliyev rəsmi səhifəsində məni əngəlləyib. Ona deyə bilərsinizmi ki, məni blok siyahısından çıxarsın, yoxsa siz də elə edəcəksiniz?”.
Başqa bir gənci belə bir şərhə görə əngəlləyiblər: “Ramiz müəllim, “otvyorka” söhbətinin axırı nə oldu?”
İstifadəçilərdən biri isə Ramiz Mehdiyevə belə bir sual edib: “2015-ci ildə deputat mandatının qiyməti neçəyə olacaq?” Təbii ki, bu istifadəçi də əngəllənib.       

Görünür, akademikin facebook haqqında təsəvvürləri yox dərəcəsindədir. Çünki bu cür üsullarla tənqidlərdən qaça bilməcəyək. Facebook-da minlərlə insan qeydiyyatdan keçib və onların əhəmiyyətli hissəsi narazı təbəqənin nümayəndələridir. Beləliklə, akademik facebook səhifəsində hələ çox tənqidlərlə, sərt və tərs suallarla üzləşəcək.