Həsən Kərimov Mərkəzi Klinik Xəstəxanaya köçürülüb

AXCP rəhbərliyi və ictimaiyyətin müdaxiləsi nəticəsiz qalmadı

 

 

Ən son məlumat bundan ibarətdir ki, AXCP sədri Əli Kərimli və partiya rəhbərliyinə daxil olan şəxslərdən başqa siyasi və ictimai fəallar, o cümlədən çoxlu sayda jurnalist Həsən Kərimovun səhhətinin kəskin pisləşməsi xəbərindən dolayı 4 saylı xəstəxanaya axışıb. Həsən Kərimovdan ötrü xəstəxanaya gələnlər arasında ATƏT nümayəndələri də olub. Qələbəlik axşam saatlarına qədər xəstəxanada Həsən Kərimovun taleyinin necə olacağını gözləyib.

AXCP rəhbərliyinin baş həkimlə apardığı danışıqlardan sonra Həsən Kərimovu axşam saatlarında şəxsi həkiminin müşaiyəti ilə Mərkəzi Kliniki Xəstəxanaya köçürüblər.

Məlumata görə, Həsən Kərimovu kritik durumdan çıxarmaq mümkün olub.

***

Aldığımız son bilgiyə görə, AXCP sədri Əli Kərimli, partiya sədrinin müavini Nurəddin Məmmədli və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid birlikdə Həsən Kərimova baş çəkə biliblər. Bundan sonra Həsən Kərimovun müalicəsinin gedişi ilə bağlı müəyyən əminliklər yaranıb. Onlar Həsən Kərimovun həkimi ilə də görüşüb müalicənin gedişi barədə məlumat alıblar.

***

AXCP Ali Məclisinin sədri Həsən Kərimovun həyatına yaranmış təhlükə ilə bağlı partiya ölkə ictimaiyyətinə səslənən bəyanatla çıxış edib.

 

Bəyanatda xatırladılır ki, Həsən Kərimov aprelin 2-də İctimai Palatanın təşkil etdiyi mitinqlə əlaqədar həbs olunub. Lakin o, mitinqdə iştirak etməyib və aksiya zamanı yaxınlarından birinin mənzilində olub. Polislər mənzilə basqın edərək qapını sındırıb və “quldurcasına” Həsən Kərimovu özləri ilə aparıblar.

“Həsən Kərimov həbs edilərkən ona qarşı zorakılıq edilib və daha sonra saxlanıldığı Səbail rayon Polis İdarəsində də qeyri-insani rəftara məruz qalıb. Ona qarşı etikadan kənar münasibət bəslənilib, ürəyinin xəstə olmasına, iki dəfə infarkt keçirməsinə məhəl qoymadan səəhti üçün zərərli şəraitdə saxlayıblar. Onu 54 nəfərlə birlikdə dar və havasız kamerada saxlamaqla, eləcə də buna qədər göstərdikləri kobud və insanlığa sığmayan hərəkətlərlə onun elə polis idarəsində üçüncü dəfə infarkt keçirməsinə bais olublar. Həsən Kərimov polis idarəsindən birbaşa 4 saylı xəstəxananın reanimasiya şöbəsin aparılıb və orada polis nəzarətinə alınıb.

Hazırda da polis nəzaratində olan Həsən Kərimovun vəziyyəti kritikləşb, onun həyatına real təhlükə yaranıb. Bununla belə yaxınlarına onun müalicəsinin gediışi ilə maraqlanmaq və müalicə prosesini nəzarətdə saxlamaq imkanı verilmir. Polis vasitəsilə onu təcrid vəziyyətində saxlamaqla sözün həqiqi mənasında həyatına qəsd törədirlər.
AXCP ölkə ictimaiyyətini Həsən Kərimovun həyatına qarşı hakimiəyyətin qəsdini durdurmaq üçün ayağa qalxmağa səsləyir. Partiya bəyan edir ki, Həsən Kərimova qarşı bu insanlıqdan kənar münasibət onun siyasi mənsubiyyəti və fəaliyyəti ilə bağlıdır. Əgər Həsən Kərimovla bağlı hər hansı xoşagəlməz hadisə baş verərsə, bunun məsuliyyəti bilavasitə siyasi hakimiyyətin və hakimiyyət başçısının üzərində qalacaq”, -deyə bəyanatda bildirilir.

AXCP hakimiyyəti məsuliyyətini dərk etməyə çağırır və tələb edir ki, Həsən Kərimovun həyatına qəsddən əl çəksin, onun müalicəsini daha effektiv təşkil etmək üçün yaxınlarına imkan yaratsın.

***

AXCP Ali Məclisinin sədri Həsən Kərimovun həyatı təhlükə altındadır. 2 aprel mitinqinə görə həbs olunaraq Səbail polisinə aparılan Kərimov İdarədə infarkt keçirib. Bu, onun 3-cü infarktıdır.

Həsən Kərimov İdarədən 4 saylı xəstəxananın reanimasiya şöbəsinə aparılıb və orada polis nəzarətinə alınıb.

AXCP-dən verilən məlumata görə, Kərimovun vəziyyəti hazırda kritikdir. Lakin polislər onun yaxınlarına müalicənin gedişinə nəzarət imkanı vermirlər.
Partiya az sonra bununla bağlı ölkə ictimaiyyətinə səslənən bəyanatla çıxış edəcək.

***

Həsən Kərimov polisdən reanimasiyaya aparıldı

Səbayel polisində də saxlanılanlara işgəncə verilir

Səbayel polisində vəhşicəsinə işgəncələrə məruz qalan AXCP Ali Məclisinin sədri Həsən Kərimovun səhhəti kəskin şəkildə pisləşib və bunu ört-basdır edə bilməyən polis təcili yardım çağırmağa məcbur olub. Həsən Kərimov 4 saylı şəhər poliklinikasının reanimasiya şöbəsinə yerləşdirilib və hal-hazırda da oradadır. Onun haqqında dəqiq məlumat əldə etməyə çalışırıq.

İnformasiya şöbəsi