Komitə sədri işçilərini tənqid, ölkə başçısı isə onları təltif etdi
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev yanvarın 30-da keçirdiyi kollegiya iclasında işçilərini sərt tənqid etmişdi. “Beş ay bundan əvvəl rütbə almış adamlar yenə rütbə istəyir. Onlar elə adamlara ağız açdırırlar ki, gülməli gəlir. Halbuki bura kompüterdə oynamağa, telefonla danışmağa gəlirlər. Sizə heç bir rütbə, təltif düşmür. Bu dövlət üçün əmək sərf etməmisiniz”, – deyə o, bildirmişdi.
Maraqlıdır ki, Aydın Əliyevin bu çıxışına rəğmən Ilham Əliyev fevralın 3-də gömrük işçilərinin təltif edilməsi barədə sərəncam imzalayıb. Beləliklə də, ölkə başçısı faktiki olaraq Aydın Əliyevi rüsvayçı vəziyyətdə qoyub.
Bəzi ehtimallara görə, komitə sədri belə bir sərəncamın imzalanacağından xəbərdar imiş. Hər halda yanvarın 30-u həm də gömrük işçilərinin peşə bayramı günüdür. Komitə sədri sadəcə məlum çıxışı ilə bu sərəncamın qarşısını almaq, ən pis halda isə bəzi işçilərinin adlarının siyahıdan çıxarılmasına nail olmaq istəyib. Güman olunur ki, həmin işçilər fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın çevrəsinə daxil imiş. Lakin göründüyü kimi Ilham Əliyev Aydın Əliyevi pis vəziyyətdə qoyub.