Keçmiş nazir Əliyevə qarşı tənqidlərinin qarşısını almaq üçün şüşə kabinəyə salınmasının qanunsuzluq olduğunu bəyan edir
Keçmiş səhiyyə naziri Əli Insanov Bakı Apelyasiya Məhkəməsinin sədri Iman Nağıyevi məhkəməyə verib. Bu barədə “Azadlıq”a Əli Insanovun vəkili Toğrul Babayev məlumat verərək bildirib ki, keçmiş nazirin iddia ərizəsi dünən 1 saylı Inzibati-Iqtisadi Məhkəməsinə təqdim olunub.
Əli Insanov Bakı Apelyasiya Məhkəməsində müdafiə hüququnun pozulmasından narazıdır. Keçmiş nazir iddia ərizəsində göstərib ki, Bakı Apelyasiya Məhkəməsinin birinci mərtəbəsində yerləşən məhkəmə zallarından birinə xüsusi olaraq, səsburaxmayan şüşə qəfəs quraşdırılıb.
Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsində Əli Insanovla bağlı iki ayrı-ayrı iş üzrə məhkəmə prosesləri gedirdi. Söhbət, Əli Insanovun 11 il azadlıqdan məhrum edilməsi barədə hökmdən, eləcə də işgəncəyə məruz qalmasıyla əlaqədar ədliyyə nazirinə və Penitensiar Xidmətə qarşı şikayəti üzrə birinci məhkəmə instansiyasının qərarından verilən apelyasiya şikayətlərilə bağlı məhkəmə iclaslarından gedir.
Avropa Məhkəməsi 14 mart 2013-cü il tarixli qərarı ilə hər iki iş üzrə şikayətlərə baxaraq, Əli Insanovun Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması) və 3-cü (işgəncəyə məruz qalmamaq) maddələrilə təminat verilən hüquqlarının pozulduğunu təsdiqləyib, buna görə Azərbaycan hökumətini cərimələyib. Ali Məhkəmənin Plenumu da Avropa Məhkəməsinin sözügedən qərarı əsasında hər iki iş üzrə vaxtilə apelyasiya və kassasiya məhkəmələrinin çıxardığı qərarları ləğv edərək, işləri yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərib.
Bakı Apelyasiya Məhkəməsində hər iki iş üzrə yanvarın 17-də ilkin məhkəmə iclasları keçirildi. Həmin iclaslarda Əli Insanov hakimiyyətin, konkret olaraq, Ilham Əliyevin ünvanına kəskin tənqidi fikirlər səsləndirdi. Hər iki iş üzrə oktyabrın 31-də keçirilən məhkəmə iclaslarında isə Əli Insanov yuxarıda bəhs olunan səskeçirməz şüşə kabinəyə salındı. O kabinədə mikrofon yandırılmasa, içəridəki adamın nə dediyini zaldakılar eşitmir. Mikrofonu idarə edən düymə isə hakimin əlinin altındadır. Bu səbəbdən yanvarın 31-də keçirilən məhkəmə iclaslarında biabırçı hal yaşanmışdı. Əli Insanov Ilham Əliyevin adını çəkən kimi hakim Qədim Babayev düyməni basıb mikrofonu söndürürdü və keçmiş nazirin danışdıqları eşidilmirdi. Özü də təkcə Ilham Əliyevin yox… Hakim, hətta ədliyyə naziri Fikrət Məmmədovun adının çəkilməsinə də dözümsüz yanaşırdı. Əli Insanov ona qarşı ittihamlara cavab vermək istərkən həbs olunduğu ilk günlərdə elan olunan dövlət çevrilişi ittihamından danışmaq istədi, amma hakim buna da imkan vermədi, mikrofonu söndürdü. Faktiki Əli Insanova çıxış etməyə imkan verilmirdi.
Keçmiş nazir dünən məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərib ki, onunla bağlı prosesi məhz həmin zalda keçirmək, onu şüşə kabinəyə salmaqla özünü müdafiə hüququnu məhdudlaşdırırlar, müdafiəsini həyata keçirməyə imkan vermirlər. Əli Insanov Inzibati-Iqtisadi Məhkəməsindən ona qarşı bu cür davranışın qanunsuz hesab edilməsi və belə hallara son qoyulmasına dair qərar çıxarılmasını istəyir.
Aytən Məmmədova